İran ABŞ-yə hücumları bərpa etməmək barədə xəbərdarlıq edib

 İran ordusu xəbərdarlıq edib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına və maraqlarına davamlı cavab zərbələri endirəcək.

⦿ 22:46  | YENİLƏNİB

BMT husilərin Səudiyyə Ərəbistanına hücum cəhdlərindən narahatlığını bildirib

Anadolu

BMT husilərin Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən paytaxt Ər-Riyada hücum cəhdləri ilə bağlı narahatlığını bir daha ifadə edib.

BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə bildirib ki, təşkilat Yəməndə və ətraf bölgələrdə davam edən hərbi gərginlikdən dərin narahatlıq keçirir. O, husilərin Taiz, Ləhc və Maribdəki hərbi əməliyyatlarına da toxunub.

Düjarrikin sözlərinə görə, sərhədi aşan hücumlar Səudiyyə Ərəbistanında yaşayış məntəqələrinə və mühüm enerji infrastrukturuna təsir göstərib. O, bütün tərəfləri təmkinli davranmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıb.

Hücumlar nəticəsində Səudiyyə Ərəbistanının cənubunda mülki şəxslər həlak olub və yaralanıb. Yəməndə döyüşlərin yenidən şiddətlənməsi isə gəmiçiliyi çətinləşdirib və daha çox insanı evini tərk etmək məcburiyyətində qoyub.

⦿ 21:42  | YENİLƏNİB

ABŞ Pezeşkianın media komandasına viza verməyib

ABŞ İran Prezidenti Məsud Pezeşkianın media komandasının üzvlərinə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında iştirak üçün viza verməyib. “Tasnim”in məlumatına görə, bunu İran Prezident Ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həbib Abbasi bildirib.

Abbasinin sözlərinə görə, təkrar müraciətlərə baxmayaraq, komanda üzvlərinə viza verilməyib. O, bu addımı İran Prezidentinin fikirlərinin və ölkənin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mane olmaq cəhdi kimi qiymətləndirib.

⦿ 19:00 | YENİLƏNİB

Yəməndə münaqişə nəticəsində 125 mindən çox insan didərgin düşüb

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Yəmənin qərb sahillərində döyüşlərin intensivləşməsi nəticəsində son həftələrdə 130 minə yaxın insan didərgin düşüb.

Ən çox didərgin Taiz və Ləhc bölgələrində məskunlaşıb. Son gərginliyin başlanmasından indiyədək 3 100-dən çox insan Qırmızı dənizi keçərək Cibutiyə gedib.

On ildən çoxdur davam edən münaqişə və ağırlaşan iqtisadi vəziyyət fonunda didərginlərin sayının artması həm evlərini tərk edən ailələrə, həm də onları qəbul edən və imkanları artıq məhdud olan icmalara əlavə təzyiq yaradır.

⦿ 18:50 | YENİLƏNİB

Almaniya oktyabrın 1-dən yanacaq vergisini azaltmağı planlaşdırır

Reuters

Almaniya hökuməti benzin və dizel yanacağına tətbiq olunan enerji vergisinin azaldılmasını bazar ertəsi təsdiqləməyi planlaşdırır. Maliyyə Nazirliyinin məlumatına görə, vergi endirimi oktyabrın 1-dən qüvvəyə minməlidir.

Qanun layihəsinin bu həftə parlamentin hər iki palatasında təsdiqlənəcəyi gözlənilir. Enerji vergisinin hər litr üçün 14 avrosent azaldılması nəzərdə tutulur. ƏDV də nəzərə alındıqda ümumi vergi güzəşti hər litr üçün təxminən 17 avrosent (0,20 dollar) təşkil edəcək. Hökumət bunun yaratdığı xərcləri enerji şirkətlərinin izafi mənfəətinə tətbiq ediləcək vergi hesabına qarşılamağı planlaşdırır.

Vergi endirimi Yaxın Şərqdəki münaqişə fonunda enerji təchizatına yaranan təhdidlər və neftin bir barelinin qiymətinin yenidən 100 dolları ötməsindən sonra gündəmə gəlib.

Tədbirin federal və əyalət hökumətlərinə ümumilikdə təxminən 2,5 milyard avroya başa gələcəyi gözlənilir. Bundan əvvəl may və iyun aylarında tətbiq olunan yanacaq güzəşti isə 1,6 milyard avroya başa gəlib.

Enerji xərclərinin artmasının əhali və biznesə təsirini azaltmaq üçün hökumətə təzyiq artır.

Məsələ kansler Fridrix Mertsin koalisiyası daxilində fikir ayrılıqlarını da üzə çıxarıb. Maliyyə naziri Lars Klinqbayl enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq olunmasını dəstəkləyir. Merts və iqtisadiyyat naziri Katerina Rayxe isə buna qarşı çıxırlar.

⦿ 18:49  | YENİLƏNİB

Tramp Yəmən lideri ilə husilərin irəliləyişini müzakirə edib

Reuters

ABŞ Prezidenti Donald Tramp sentyabrın 20-də Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ilə telefonla danışıb. Danışığın məzmunu ilə tanış dörd mənbənin məlumatına görə, tərəflər husilərin Bab əl-Məndəb boğazı ətrafındakı son irəliləyişlərini müzakirə ediblər.

Əl-Alimi İranla əlaqəli husilərə qarşı mübarizədə Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə ABŞ-dən dəstək istəyib. Husilər bu ay sürətli hücum nəticəsində Bab əl-Məndəb boğazı boyunca mühüm əraziləri ələ keçiriblər.

Yəmənli və qərbli rəsmilər də daxil olmaqla iki mənbə bildirib ki, Tramp telefon danışığı zamanı birbaşa hərbi dəstək göstərməklə bağlı öhdəlik götürməyib.

⦿ 18:42 | YENİLƏNİB

Bessent: “İran aviaşirkətlərinin fəaliyyəti sentyabrın 23-dən dayana bilər”

Reuters

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi nəticəsində sentyabrın 23-dən İran aviaşirkətlərinin beynəlxalq fəaliyyəti dayana bilər.

Bessent Çinin Baş nazirinin müavini He Lifenglə danışıqlardan sonra CNBC-yə bildirib ki, Çin rəsmiləri ABŞ-nin İrana qarşı iqtisadi təzyiq kampaniyası ilə bağlı müzakirələrdə fəal iştirak ediblər.

“Onları yanacaqla təmin etsəniz, eniş xidmətləri göstərsəniz və ya biletlərini satsanız, dollar sisteminə çıxışınızı itirəcəksiniz”, — Bessent İran aviaşirkətlərinə xidmət göstərən şirkətlərə xəbərdarlıq edərək deyib.

Bessent əlavə edib ki, Vaşinqton ABŞ-nin İrana qarşı sanksiyalarına əməl olunması məsələsində Çin maliyyə qurumlarının rəsmiləri, o cümlədən Çin Xalq Bankının sədri Pan Qunşenlə müsbət müzakirələr aparır.

ABŞ-nin maliyyə naziri Skott Bessent Çinin Baş nazirinin müavini He Lifenglə görüş üçün “JPMorgan Chase”in Nyu-Yorkdakı qlobal qərargahına gəlir. ABŞ, 20 sentyabr 2026-cı il.
Reuters

⦿ 16:49  | YENİLƏNİB

Bessent: “İranla münaqişənin nə qədər davam edəcəyini deyə bilmərəm”

Reuters

ABŞ-nin maliyyə naziri Skott Bessent İranla münaqişənin nə qədər davam edəcəyini deyə bilmədiyini bildirib.

CNBC-nin münaqişənin müddəti ilə bağlı sualını cavablandıran Bessent deyib:

“Bu münaqişənin nə qədər davam edəcəyini deyə bilmərəm”.

İranla davam edən münaqişə enerji qiymətlərinə və qlobal maliyyə bazarlarına təsir göstərir.

⦿ 16:48 | YENİLƏNİB

“Emaar”ın Dubaydakı hotellərində rezervasiya səviyyəsi 60 faizə yüksəlib

Reuters


“Emaar” şirkəti İran müharibəsinin turizmə ciddi təsirindən sonra Dubaydakı hotellərində otaqların tutulma göstəricisinin növbəti 12 ay ərzində tədricən müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləyir.
Şirkətin təsisçisi və sədri Məhəmməd Əl-Abbar sentyabrın 21-də “Reuters”ə bildirib ki, münaqişədən əvvəl təxminən 83 faiz olan otaqların tutulma göstəricisi müharibə dövründə 20–25 faizə qədər azalıb, hazırda isə təxminən 60 faizə yüksəlib.

“60 faizlik göstərici bizi çox sevindirir. Ən azı hotellərimiz fəaliyyət göstərir”, — Əl-Abbar deyib.
Onun sözlərinə görə, beynəlxalq aviareyslərin tədricən bərpası tələbatın artmasına kömək edir. Bununla belə, uzun illər turizmdə yüksək artım tempinə malik Dubay üçün bu geriləmə kəskin olub.
“Bu dəyişiklik kifayət qədər kəskindir”, — Əl-Abbar bildirib.

“Tourism Economics”in proqnozuna görə, bu il Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyaya beynəlxalq səfərlərin sayı 14 faiz azalacaq. Körfəz ölkələrində isə azalmanın 30 faizdən çox olacağı gözlənilir.
Əl-Abbarın sözlərinə görə, otaqların tutulma göstəricisinin əvvəlki səviyyəyə qayıtması tədricən baş verəcək və proses təxminən 12 ay çəkə bilər.
 

⦿ 10:30 | YENİLƏNİB

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub, iki ekipaj üzvü yaralanıb

Anadolu

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, tanker sentyabrın 21-də Hörmüz boğazına daxil olarkən naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində iki ekipaj üzvü yüngül xəsarət alıb.

UKMTO bildirib ki, hadisə strateji əhəmiyyət daşıyan su yoluna daxil olan gəmi ilə bağlıdır.

“Hərbi qurumlar UKMTO-ya bildiriblər ki, boğaza daxil olan tanker naməlum mərmi ilə vurulub”, — qurumun açıqlamasında deyilir.

UKMTO-nun məlumatına görə, tanker hərəkət qabiliyyətini qoruyub və öz mühərriki ilə növbəti dayanacaq limanına doğru hərəkətini davam etdirib. İki ekipaj üzvünün yüngül xəsarət aldığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

UKMTO tankerin adını açıqlamayıb və mərminin mənbəyi barədə məlumat verməyib. 

⦿ 10:00 | YENİLƏNİB

Pakistanın daxili işlər naziri İrana səfər edəcək

Reuters

Pakistanın daxili işlər naziri Möhsün Nəqvi sentyabrın 21-də İrana səfər edəcək. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Pakistan ABŞ ilə İran arasında əsas diplomatik vasitəçilərdən biridir.

İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə əvvəlki görüş zamanı. Tehran, İran, 11 avqust 2026-cı il.
Reuters

Mənbələr bildiriblər ki, görüşdə Yəməndəki husi qruplaşmasının Səudiyyə Ərəbistanının neft və iqtisadi infrastrukturuna hücumları, eləcə də ABŞ ilə dayanmış sülh danışıqlarını bərpa etmək səyləri müzakirə olunacaq.

Nəqvi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə birlikdə bu vasitəçilik prosesində fəal rol oynayır.

⦿ 09:30 | YENİLƏNİB

İran Prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək

Reuters

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün sentyabrın 22-də Nyu-Yorka səfər edəcək.

Bu barədə İran Prezidenti Ofisinin ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbibullah Abbasi sentyabrın 21-də İRNA agentliyinə bildirib.

⦿ 09:00 | YENİLƏNİB

Həftəsonu Hörmüz boğazından 12 yük gəmisi keçib

Reuters

“Kpler” şirkətinin sentyabrın 21-də açıqladığı məlumata görə, həftəsonu Hörmüz boğazından 12 yük gəmisi keçib. Əvvəlki həftəsonu isə boğazdan 35 gəmi keçmişdi.

İranla müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının beşdə biri bu boğazın payına düşürdü. Məlumatlar göstərir ki, Yaxın Şərqdə münaqişə başlayandan sonra bu marşrutla daşımaların həcmi cüzi səviyyəyə enib. Bununla belə, regionun neft istehsalçıları gəmilərin mövqeyini bildirən siqnalötürücü cihazları söndürərək tankerlərlə neft ixracını davam etdirirlər.

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl boğazdan adətən gündə təxminən 125 iri ticarət gəmisi, o cümlədən neft və qaz tankerləri, qalaq yük daşıyan gəmilər və konteyner gəmiləri keçirdi.

Hörmüz boğazı ətrafında gəmi hərəkəti. 21 sentyabr 2026-cı il.
Reuters/MarineTraffic

⦿ 08:27 | YENİLƏNİB

İran ABŞ-yə hücumları bərpa etməmək barədə xəbərdarlıq edib

Reuters

İran ordusu xəbərdarlıq edib ki, ABŞ İrana qarşı hücumları bərpa edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına və maraqlarına davamlı cavab zərbələri endirəcək.

İranın mərkəzi hərbi komandanlığı ABŞ-nin bəzi region ölkələrinin dəstəyi ilə İrana qarşı hücumları bərpa etməyə hazırlaşdığı barədə məlumat aldığını bildirib.

Teqlər