Husilərin fəaliyyəti Yaxın Şərqin əsas ticarət marşrutlarında təhlükəni artırır

Husilərin fəaliyyəti Yaxın Şərqin əsas ticarət marşrutlarında təhlükəni artırır
“USS Gerald R. Ford” gəmisi Süveyş kanalından keçir, 7 mart 2026-cı il.
Reuters

Husilərin Yəməndəki fəaliyyəti Bab əl-Məndəb boğazında gəmiçilik üçün təhlükəni artırır. Hörmüz boğazındakı gərginliklə birlikdə bu, regionun əsas ticarət marşrutlarında daşımaları çətinləşdirir.

Qruplaşma Yəmənin qərb sahilində, o cümlədən Bab əl-Məndəb boğazına nəzarət baxımından strateji əhəmiyyət daşıyan mövqeləri ələ keçirib. Husilər Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə məhdudiyyətlər tətbiq etdiklərini də açıqlayıblar.

Hər iki boğazdan keçən gəmilərin sayı kəskin azalıb. “The National” nəşrinin istinad etdiyi “Kpler” məlumatlarına görə, son həftəsonu Bab əl-Məndəbdən 48 yük gəmisi keçib. Əvvəlki həftəsonu bu göstərici 57 olub. Hörmüzdən keçən yük gəmilərinin sayı isə 36-dan 14-ə düşüb.

Səudiyyə Ərəbistanının neft ixracı risk altındadır

Səudiyyə Ərəbistanının 1 200 kilometrlik Şərq–Qərb neft kəməri xam nefti ölkənin şərqindən Qırmızı dəniz sahilindəki Yanbu limanına daşıyır. Kəmər Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə tikilib.

Lakin sentyabrın 13-də kəmərə PUA hücumundan sonra Yanbu limanı vasitəsilə neft ixracı dayanıb. Səudiyyə Ərəbistanı ölkənin şərqindəki terminallardan ixracı artırmağa məcbur olub. Bu isə onun Hörmüz boğazından asılılığını yenidən artırıb.

Ərzaq daşımaları da çətinləşir

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçiliyin pozulması ərzaq, yanacaq və gübrə daşımalarını çətinləşdirir.

Ərzaq tələbatının təxminən 90 faizini idxal hesabına ödəyən Yəməndə vəziyyət xüsusilə ağırdır. Ölkədə 18 milyondan çox insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir. Son hərbi əməliyyatlar nəticəsində təxminən 125 min insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Süveyş kanalında gəmi hərəkəti azala bilər

Bab əl-Məndəb boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi Süveyş kanalından keçən gəmilərin sayının azalmasına səbəb ola bilər. Avqustda kanaldan 1 358 gəmi keçib və Misir bundan 567,1 milyon dollar gəlir əldə edib. Qırmızı dənizin cənubunda gərginliyin artması kanaldan əldə olunan gəlirləri yenidən azalda bilər.

Hörmüz və Bab əl-Məndəb boğazlarında gərginliyin davam etməsi dünya bazarında yanacaq və ərzaq qiymətlərini, eləcə də sığorta və yükdaşıma xərclərini artıra, beynəlxalq ticarətə mənfi təsir göstərə bilər.

Teqlər