Trampın Sülh Şurası Qəzza üçün 2,45 milyard dollarlıq bərpa planını açıqlayacaq

Trampın Sülh Şurası Qəzza üçün 2,45 milyard dollarlıq bərpa planını açıqlayacaq
Fələstinli uşaqlar müharibə zamanı dağıdılmış yaşayış binalarının qalıqları arasından keçirlər. Cəbəliyə qaçqın düşərgəsi, Qəzzanın şimalı, 5 avqust 2026-cı il.
Reuters

ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurası Qəzzanın bərpasına dair altı aylıq və 2,45 milyard dollar dəyərində planı sentyabrın 23-də təqdim etməyə hazırlaşır. “Axios”un məlumatına görə, plan yaşayış, infrastruktur, səhiyyə, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edir.

“Axios”un əldə etdiyi sənədə əsasən, plan 66 layihədən ibarətdir. Plana müvəqqəti yaşayış yerlərinin yaradılması, dağıntıların təmizlənməsi, xəstəxanaların təmiri, iqtisadiyyatın bərpası və çoxmillətli təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi ilə bağlı xərclər daxildir.

Sənəddə Qəzzaya dəyən fiziki ziyan 35,2 milyard dollar həcmində qiymətləndirilir. Ərazinin tam bərpası və yenidən qurulması üçün isə qarşıdakı 10 ildə təxminən 71,4 milyard dollar tələb olunduğu bildirilir.

İnfrastruktur və təhlükəsizlik

Plana əsasən, sərhəd-keçid məntəqələrinin təmiri, elektrik və su infrastrukturunun bərpası, həmçinin 25 min portativ günəş enerjisi qurğusunun quraşdırılması nəzərdə tutulur. İlkin mərhələdə bərpa ediləcək ərazilərin altından keçən tunellərin doldurularaq istifadəyə yararsız hala salınması da təklif edilir.

Tramp administrasiyası iyulun sonunda Konqresə Qəzzada yaradılması təklif olunan Beynəlxalq Sabitləşdirmə Qüvvəsi üçün 206 milyon dollardan çox vəsait ayıracağını bildirib. Bu, ABŞ-nin həmin qüvvənin maliyyələşdirilməsi üçün üzərinə götürdüyü ilk böyük öhdəlikdir.

Sülh Şurası

Tramp Sülh Şurasını Qəzzada müharibəyə son qoyulması və ərazinin yenidən qurulması ilə bağlı planın icrasına nəzarət etmək məqsədilə yaradıb.

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtondakı ABŞ Sülh İnstitutunda keçirilən ilk iclasında çıxış edir. ABŞ, Vaşinqton, 19 fevral 2026-cı il.
Reuters

Lakin iyulun sonunda razılaşma elan edilsə də, onun icrasında irəliləyiş əldə olunmayıb. Planın həyata keçirilməsi İsrail və HƏMAS-ın əməkdaşlığından asılıdır. Bunun üçün zəruri şərait isə hələ yaranmayıb.

“Axios”un məlumatına görə, Sülh Şurası və Fələstin texnokratlarından ibarət hökumət planın icrası üçün tələb olunan 2,45 milyard dolları hələ tam toplaya bilməyib. Bununla belə, rəsmilər siyasi maneələr aradan qaldırıldıqdan sonra donor ölkələrin layihələri maliyyələşdirəcəyinə əmindirlər.

Teqlər