Almaniyanın “Patriot” sistemi Türkiyədə 2027-ci ilədək qalacaq

Almaniyanın “Patriot” sistemi Türkiyədə 2027-ci ilədək qalacaq
37-ci Hava Hücumundan Müdafiə Raket Bölüyünün “Patriot” sistemləri. Soçaçev, Polşa, 18 dekabr 2025-ci il.
Reuters

Almaniya Türkiyənin Malatya vilayətində yerləşdirdiyi “Patriot” sisteminin ölkədə qalma müddətini 2027-ci ilin aprelinədək uzadıb. Sistemin Türkiyədə yerləşdirilmə müddəti bu ay başa çatmalı idi.

Almaniyanın NATO-dakı nümayəndəliyi bildirib ki, qərar alyansın hava və raket hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır. Malatyada xidmət edən təxminən 150 alman hərbçi də Türkiyədə qalacaq.

Almaniyanın “Patriot” sistemi iyunda həmin ərazidə yerləşdirilmiş ABŞ sistemini əvəz edib. ABŞ sistemi ilin əvvəlində İranın raket buraxılışlarının Türkiyənin hava məkanı üçün yarada biləcəyi təhlükə ilə bağlı narahatlıqlar fonunda yerləşdirilmişdi.

Malatyada NATO-nun ballistik raketləri erkən aşkar etmək üçün istifadə etdiyi Kürəcik radar stansiyası da yerləşir. Berlinin məlumatına görə, Almaniyanın “Patriot” sistemi NATO-nun hava və raket hücumundan müdafiə şəbəkəsinin tərkibində Türkiyə Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. İspaniyanın “Patriot” sistemi isə Türkiyənin cənubunda qalır.

NATO bildirir ki, bu sistemlər Türkiyənin hava məkanını və alyansın ərazisini qorumaq üçün yerləşdirilib. Türkiyə öz hava hücumundan müdafiə imkanlarını inkişaf etdirsə də, uzaq mənzilli müdafiə üçün müttəfiqlərinin sistemlərindən də istifadə edir.

Teqlər