BMT İsrailin yaşayış məntəqələri ilə əlaqəli 61 şirkəti siyahıya salıb

BMT İsrailin yaşayış məntəqələri ilə əlaqəli 61 şirkəti siyahıya salıb
Uşaqlar yeni “Maale Arqot” yaşayış məntəqəsində İsrail bayrağının yanında oynayırlar. İordan çayının qərb sahili, 2 sentyabr 2026-cı il.
Reuters

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı işğal olunmuş Fələstin ərazilərində İsrailin saldığı yaşayış məntəqələri ilə əlaqəli fəaliyyət göstərən daha 61 şirkəti məlumat bazasına əlavə edib. Bununla da siyahıdakı şirkətlərin sayı 214-ə çatıb.

Sentyabrın 25-də açıqlanan yenilənmiş siyahıya 11 ölkədən şirkətlər daxil edilib. Onların əksəriyyəti İsraildə yerləşir. Siyahıda Fransa, Almaniya, Çin və ABŞ də daxil olmaqla, digər 10 ölkənin şirkətləri də yer alır. Bu şirkətlər kənd təsərrüfatı, nəqliyyat, enerji, qida və turizm kimi sahələrdə fəaliyyət göstərir.

Məlumat bazası 2020-ci ildə BMT İnsan Hüquqları Şurasının mandatı əsasında yaradılıb.

Siyahıya daxil edilən şirkətlər İsrailin məskunlaşma fəaliyyətinə qarşı yönəlmiş boykot və sərmayələrin geri çəkilməsi kampaniyalarının hədəfinə çevrilə bilər. Sözügedən ərazilərdə 3 milyondan çox fələstinli yaşayır.

“Expedia” turizm şirkəti və “Airbnb” mənzil kirayəsi platforması da əvvəlki siyahıda olduğu kimi, yenilənmiş məlumat bazasında yer alır.

Şirkətlər və meyarlar

Yeni əlavə edilən şirkətlər arasında İsrailin pestisid istehsalçısı ADAMA, Çin şirkəti “Syngenta Group”, İsrailin daşınmaz əmlaka investisiya qoyan “Alony Hetz” və İspaniyanın “Salvat Logistica” şirkətləri var.

Şirkətlər siyahıya daxil edilmələri ilə bağlı şərh sorğularına dərhal cavab verməyiblər.

BMT-nin məlumatına görə, siyahının son yenilənməsi zamanı 126 şirkətin fəaliyyəti qiymətləndirilib. Onlardan 61-i siyahıya əlavə edilib, beşi isə müəyyən edilmiş meyarlara artıq uyğun gəlmədiyi üçün siyahıdan çıxarılıb.

Qiymətləndirmə BMT-nin insan hüquqlarına mənfi təsir göstərdiyini və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna xələl gətirdiyini bildirdiyi fəaliyyətlərlə əlaqəli şirkətləri əhatə edib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirib ki, qiymətləndirmə zamanı şirkətlərlə əlaqə saxlanılır və onlara əlavə məlumat təqdim etmək imkanı yaradılır.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, hesabat şirkətlərə insan hüquqlarına hörmətlə yanaşmaq öhdəliklərini bir daha xatırladır. O vurğulayıb ki, şirkətlər insan hüquqları pozuntularında iştirak etməmək üçün fəaliyyətlərini lazımi qaydada yoxlamalıdırlar.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk mətbuat konfransında. Beyrut, Livan, 27 iyul 2026-cı il.
Reuters
İsrail BMT-nin siyahısına etiraz edir

İsrail BMT-nin məlumat bazasını tanımadığını və onun ölkəni ədalətsiz şəkildə hədəfə aldığını bildirir. İsrailin diplomatik nümayəndəliyi bu bazanı təhrif olunmuş mexanizm adlandıraraq onun İsrailə qarşı avtomatik çoxluğa malik qurum tərəfindən yaradıldığını bəyan edib.

Yenilənmiş siyahıya əlavə edilən şirkətlər qərarla bağlı şərh sorğularına dərhal cavab verməyiblər.

Məlumat bazası İsrailin məskunlaşma fəaliyyəti ilə əlaqəli şirkətlərin boykot edilməsinə və həmin şirkətlərdən sərmayələrin geri çəkilməsinə çağıran kampaniyaların diqqət mərkəzindədir. Bəzi şirkətlər isə siyahıya salınmalarına səbəb olan fəaliyyətləri dayandırdıqlarını sübut etdikdən sonra məlumat bazasından çıxarılıb.

Yaşayış məntəqələri ilə bağlı gərginlik

Siyahının yenilənməsi İordan çayının qərb sahilində İsrailin məskunlaşma fəaliyyətini genişləndirməsi ilə bağlı beynəlxalq narahatlığın davam etdiyi bir dövrə təsadüf edir. Birləşmiş Krallıq, Fransa və Kanada İsrailin bu ərazidə saldığı yaşayış məntəqələrindən məhsul idxalını qadağan etmək üçün tədbirlər görəcəklərini açıqlayıblar. Məskunlaşanların fələstinlilərə qarşı zorakılığı və yeni yaşayış məntəqələrinin salınması da gərginliyi artırır.

Fələstinlilər İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzzanı gələcək müstəqil dövlətlərinin əraziləri hesab edirlər.

Beynəlxalq hüquqa əsasən, İordan çayının qərb sahili, o cümlədən Şərqi Qüds işğal olunmuş Fələstin ərazisi sayılır. Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ildə verdiyi məsləhətçi rəydə İsrailin bu ərazilərdə saldığı yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyib.

İsrail isə İordan çayının qərb sahilinin işğal olunmuş ərazi kimi xarakterizə edilməsinə etiraz edir və onun statusunun mübahisəli olduğunu bildirir. İsrail hökuməti məskunlaşma siyasətini tarixi və təhlükəsizlik arqumentləri ilə əsaslandırır.

Teqlər