Prezident İlham Əliyev: “Azərbaycan xarici təzyiqlərə daha sərt cavab verir”

Prezident İlham Əliyev: “Azərbaycan xarici təzyiqlərə daha sərt cavab verir”
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir. Bakı, Azərbaycan, 2 oktyabr 2026-cı il.
Azertac

Prezident İlham Əliyev oktyabrın 2-də Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkənin daxili işlərinə xarici müdaxilə məsələsinə toxunub.

Heydər Əliyev Mərkəzində çıxış edən Prezident bildirib ki, Azərbaycan ona qarşı atılan addımları cavabsız qoymur. Dövlət başçısı ölkənin kənar köməyə və himayədarlığa ehtiyacının olmadığını vurğulayıb.

“Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”, – Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən danışarkən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin mövqeyini də tənqid edib.

“O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada”, – Prezident deyib.

Prezident İlham Əliyev bildirib ki, Minsk qrupunun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etmək deyil, münaqişəni dondurmaq idi.

Prezident İlham Əliyev müstəqil siyasətin əhəmiyyətini vurğulayıb

Dövlət başçısı 1990-cı illərdə Azərbaycanın üzləşdiyi vəziyyətdən də danışıb. O xatırladıb ki, həmin dövrdə ölkə əhalisinin bir milyonu qaçqın və məcburi köçkün idi.

“Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi”, – İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, Azərbaycan bu çətinlikləri öz gücü ilə arxada qoyub:

“Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaqda möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu”.

Teqlər