Səhiyyə rəsmiləri: İsrailin Qəzzaya zərbəsi nəticəsində 4-ü qadın olmaqla 5 nəfər ölüb

Səhiyyə rəsmiləri: İsrailin Qəzzaya zərbəsi nəticəsində 4-ü qadın olmaqla 5 nəfər ölüb
Fələstinli kişi İsrailin zərbə endirdiyi yaşayış binasının ərazisində əşya daşıyır. Qəzza şəhəri, 3 oktyabr 2026-cı il.
Reuters

Səhiyyə və mülki müdafiə rəsmilərinin bildirdiyinə görə, oktyabrın 3-də səhər saatlarında İsrailin Qəzza şəhərində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində azı beş fələstinli, o cümlədən dörd qadın həlak olub.

Tibb işçiləri və kilsənin məlumatına görə, ölənlər arasında xristian qadın Maisa Əbu Davud və qızı Meri də var.

İsrail ordusu hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Zərbə nəticəsində yaşayış binası dağılıb və yanğın başlayıb.

İsrail HƏMAS-ın yenidən silahlanaraq atəşkəsi pozduğunu və hücumlar həyata keçirdiyini bildirir. Təl-Əviv son həftələrdə HƏMAS-a zərbələri artırıb.

HƏMAS isə hücumlar həyata keçirməyə və silah ehtiyatını bərpa etməyə çalışdığı barədə iddiaları rədd edir və İsraili Qəzza ilə bağlı sülh razılaşmasına xələl gətirməkdə ittiham edir.

Ötən il ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza atəşkəsi ərazinin gələcəkdə yenidən qurulmasını nəzərdə tutur. Lakin HƏMAS-ın tərk-silah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi də daxil olmaqla, münaqişəyə son qoymağı nəzərdə tutan razılaşmanın icrasında indiyədək az irəliləyiş əldə olunub.

Fələstinli uşaqlar İsrailin zərbə endirdiyi yaşayış binasının qarşısından keçirlər. Qəzza şəhəri, 3 oktyabr 2026-cı il.
Reuters
Qəzzada dəfn mərasimi

Xristian ana və qızla vida mərasimi üçün onların yaxınları və dostları, o cümlədən müsəlmanlar Qəzza şəhərindəki Müqəddəs Porfiri kilsəsinə toplaşıblar. Xristianlar Qəzzanın 2 milyondan çox əhalisinin cəmi 1 faizini təşkil edir.

Qəzzanın səhiyyə rəsmilərinin hesablamalarına görə, ötən ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra İsrailin açdığı atəş nəticəsində azı 1 400 fələstinli həlak olub. İsrail isə eyni dövrdə Qəzzada silahlı qrupların hücumları nəticəsində dörd hərbçisinin öldürüldüyünü bildirir.

Teqlər