Özbəkistan üzümünü qlobal brendə çevirə bilərmi?

Özbəkistan üzümünü qlobal brendə çevirə bilərmi?
Anewz

Özbəkistanın üzüm ixracı sürətlə artır. 2025-ci ilin yanvar–avqust aylarında ölkə 19 ölkəyə 86,2 min ton təzə üzüm ixrac edib. İxracın ümumi dəyəri 78,3 milyon dollar təşkil edib. Bəs Özbəkistan üzümünü beynəlxalq bazarlarda tanınan brendə çevirə bilərmi?

Fərqanə Özbəkistanın ən böyük kənd təsərrüfatı bölgələrindən biridir. 2025-ci ildə bölgənin meyvə-tərəvəz ixracının dəyəri 403 milyon dollara çatıb. Fərqanənin Oltiarıq rayonu isə xüsusilə üzümçülüklə tanınır.

Rayon MDB ölkələrindəki ənənəvi bazarlara üzüm ixrac etməklə yanaşı, tədricən daha uzaq ölkələrin bazarlarına da çıxır.

2025-ci ildə Özbəkistanın üzüm ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 64 faiz artıb.

Rusiya 63,4 min ton göstərici ilə Özbəkistan üzümünün əsas ixrac bazarı olaraq qalıb. Onu 15,2 min tonla Qazaxıstan, 4,5 min tonla isə Qırğızıstan izləyib.

Lakin ixrac coğrafiyası tədricən genişlənir. Özbəkistan artıq Avropa ölkələrinə, Yaxın Şərqə və ABŞ-yə də üzüm ixrac edib.

2023-cü ildə Nyu-Yorka sınaq məqsədilə göndərilən bir ton “Hüseyni” üzümünün iki gün ərzində satıldığı bildirilir. Bundan sonra bağlanan müqaviləyə əsasən, 250 ton üzümün hava yolu ilə Nyu-Yorka çatdırılması və “NetCost” ərzaq mağazalarında satılması nəzərdə tutulub.

Ticarət məlumatlarına görə, 2025-ci ildə Birləşmiş Krallıq Özbəkistandan təxminən 2,05 milyon dollar dəyərində təzə və qurudulmuş üzüm idxal edib.

Özbəkistanda yetişdirilən yerli üzüm sortları.
Anewz
İxracı mümkün edən amillər

Süfrə üzümünün ixracında əsas çətinlik yalnız məhsulun yetişdirilməsi ilə bağlı deyil. Təzə meyvənin saxlanma müddəti məhdud olduğundan, saxlama şəraiti, qablaşdırma və daşınma onun uzaq bazarlara ixracının kommersiya baxımından nə dərəcədə sərfəli olmasına təsir edir.

Bu məsələ üzümün yığım mövsümündən sonra satış üçün saxlanıldığı Oltiarıqdə xüsusilə əhəmiyyətlidir.

AnewZ-a danışan yerli üzümçünün sözlərinə görə, müxtəlif üzüm sortları soyuducu anbarlarda altı aya qədər saxlanıla bilir.

Oltiarıqdə üzüm istehsalı və ixracı üçün geniş infrastruktur yaradılıb. Fərqanədə təxminən 4,5 min hektar üzüm bağı var. Bunun 3,4 min hektara yaxını Oltiarıq rayonunun payına düşür.

2024-cü ildə rayon istehsalçıları MDB, Asiya və Avropa ölkələrinə, ərəb dövlətlərinə və ABŞ-yə təxminən 70 min ton üzüm ixrac ediblər.

Süfrə üzümü bazarı da genişlənir. “Mordor Intelligence”ın hesablamalarına görə, 2026-cı ildə Özbəkistanda bu bazarın həcmi 415,16 milyon dollar təşkil edir və 2031-ci ilədək 537,47 milyon dollara çatacağı proqnozlaşdırılır.

Hesabatda bu artım qismən soyuducu anbarlara, məhsulun ilkin soyudulması və qablaşdırılmasına, eləcə də yığımdan sonrakı mərhələlər üçün digər infrastruktura yatırılan sərmayələrlə əlaqələndirilir.

Üzüm sortları

Özbəkistanda 300-dən çox üzüm sortu yetişdirilir. Onlar əsasən təzə istehlak, kişmiş istehsalı və şərabçılıq üçün istifadə olunan sortlara bölünür. Ən məşhurlarından biri iri, şirin, çəhrayı-qırmızı gilələri ilə seçilən yerli hibrid “Rizamat”dır.

“Gəlin barmağı” kimi də tanınan “Hüseyni” xırtıldayan, yaşıl gilələri ilə seçilən üzüm sortudur. “Kişmiş” adı isə əsasən yüksək qiymətləndirilən çəyirdəksiz üzüm sortlarına aid edilir. Bu üzümlər həm təzə istehlak olunur, həm də qurudularaq kişmiş hazırlanır.

Özbəkistanın üzüm ixracının böyük hissəsi hələ də Rusiya və qonşu Mərkəzi Asiya ölkələrinin payına düşür. Bununla yanaşı, istehsalçılar daha uzun saxlama müddəti, xüsusi qablaşdırma və sürətli daşınma imkanlarından istifadə edərək Özbəkistan üzümü üçün kommersiya baxımından sərfəli yeni bazarlara çıxmağa çalışırlar.

Əsas sual isə budur: Oltiarıq kimi bölgələrdə nəsillər boyu yetişdirilən üzüm sortları ixrac coğrafiyasının genişlənməsi ilə beynəlxalq bazarlarda təkcə Özbəkistan məhsulu kimi deyil, özünəməxsus brend kimi də tanına biləcək?

Teqlər