Yəmən lideri İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlar elan edib

Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.

Region ölkələrinin və Qərb dövlətlərinin rəsmiləri daha əvvəl “Reuters”ə bildiriblər ki, Səudiyyə Ərəbistanı və onun Yəməndəki müttəfiqləri husilərə qarşı hücuma hazırlaşır. Plana əsasən, Səudiyyə Ərəbistanı havadan döyüş əməliyyatlarını həyata keçirəcək, Yəmən qüvvələri isə quruda döyüşəcək.

“Bu gün respublikanın qalan ərazilərini geri almaq, dövlətin və onun institutlarının hakimiyyətini bütün ölkə ərazisinə yaymaq məqsədilə hərbi əməliyyatların başladığını elan edirəm”, – Yəmən Prezidenti Rəşad əl-Əlimi televiziya ilə yayımlanan çıxışında bildirib.

Husilər Ər-Riyad və Səudiyyə Ərəbistanının Xurays bölgəsindəki “Saudi Aramco” obyektlərinə ballistik raket və dronlarla hücum etdiklərini bildiriblər. Onların iddiasına görə, hücumlar böyük yanğınlara səbəb olub. Husilər bu hücumları son 12 saat ərzində Yəmənə endirildiyini iddia etdikləri 50 hava və raket zərbəsinə cavab olaraq həyata keçirdiklərini deyiblər. Səudiyyə Ərəbistanı bu iddiaları dərhal təsdiqləməyib.

Əl-Əlimi: “Gərginliyi azaltmaq imkanları tükənib”

Əl-Əlimi bildirib ki, əks-hücum qərarı gərginliyi azaltmaq üçün bütün imkanların tükənməsindən sonra verilib. O, husiləri gərginliyi azaltmaq səylərinə yeni qüvvələr səfərbər etmək və qarşıdurmanı gücləndirməklə cavab verməkdə ittiham edib.

“Gərginliyi azaltmaq üçün bütün imkanlar tükəndikdən sonra bu gün qarşımızda duran vəzifə husilərlə mübarizədə milli məsuliyyəti öz üzərimizə götürməkdir”, – o bildirib.

Əl-Əliminin sözlərinə görə, silahlı qüvvələrə, təhlükəsizlik qüvvələrinə və bütün hərbi birləşmələrə təsdiqlənmiş planlar üzrə tapşırıqların icrasına başlamaq əmri verilib.

Səudiyyə Ərəbistanı 2015-ci ildə ərəb koalisiyasına rəhbərlik edərək qonşu Yəməndəki vətəndaş müharibəsinə beynəlxalq səviyyədə tanınmış hökuməti dəstəkləmək məqsədilə müdaxilə edib. Bundan əvvəl husilər hökuməti paytaxt Sənadan çıxarmışdılar.

Əl-Əlimi Səudiyyə Ərəbistanına dəstəyinə görə təşəkkür edib, həmçinin Yəmənin regional müttəfiqlərini və beynəlxalq tərəfdaşlarını ölkəyə, onun silahlı qüvvələrinə və dövlət institutlarına dəstəyi davam etdirməyə çağırıb.
Səudiyyə Ərəbistanının hazırlıqlarından xəbərdar olan altı mənbə “Reuters”ə bildirib ki, ABŞ Ər-Riyadın Yəməndəki əməliyyatlarına artıq kəşfiyyat dəstəyi verir. Bəzi regional və Avropa ölkələri isə krallığa əsasən müdafiə xarakterli hərbi yardım göstərir.

BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə edilən atəşkəs rəsmi müddəti başa çatdıqdan sonra da əsasən davam edib və tərəflər arasında genişmiqyaslı döyüşləri məhdudlaşdırıb. Lakin İran müharibəsinin regiona təsiri fonunda Yəmən husiləri Səudiyyə Ərəbistanına məxsus gəmilərə və ölkənin neft infrastrukturuna raket və dron hücumları həyata keçiriblər.

Husilərin sürətli hücumu

Əks-hücuma hazırlıqlara baxmayaraq, Yəmən husiləri döyüş meydanında təşəbbüsü hələ də əllərində saxlayırlar. Bir neçə həftə əvvəl onlar sahil boyunca sürətli hücum zamanı hökumət qüvvələrinin müqavimətini qıraraq strateji Bab əl-Məndəb boğazını ələ keçiriblər.

Husilər artıq ölkə əhalisinin böyük hissəsinin yaşadığı şimal-qərb bölgələrinə nəzarət edirdilər.
Bab əl-Məndəb Aralıq dənizi ilə Asiya arasında mühüm gəmiçilik marşrutu olan Qırmızı dənizin cənub çıxışıdır. İran münaqişəsi nəticəsində Hörmüz boğazının faktiki bağlanması bu il Bab əl-Məndəbin alternativ marşrut kimi əhəmiyyətini daha da artırıb.

Hərbi mənbələrin məlumatına görə, son 48 saat ərzində Yəmən husiləri Taiz yaxınlığındakı strateji yüksəkliklərdə hökumət və yerli qüvvələrə qarşı döyüşlərdə irəliləyiş əldə ediblər. Husilər Taizlə Ədən arasındakı sonuncu əsas təchizat yolunu kəsiblər.

Yəmən husilərinin Taiz–Ədən yoluna nəzarəti ələ keçirməsi ölkənin üçüncü ən böyük şəhəri olan Taizin faktiki mühasirəyə düşməsinə səbəb ola bilər. Şəhərdə yüz minlərlə mülki sakinlə yanaşı, hökumət qüvvələrinin minlərlə hərbçisi də yerləşir.

Taizdən olan və hazırda siyasi analitik kimi çalışan təcrübəli yəmənli jurnalist Məhəmməd əl-Qadinin sözlərinə görə, husilərin Taizin qərbində, Bab əl-Məndəb sahillərinə nəzarət etməyə imkan verən dağlıq əraziləri ələ keçirməsi onların bölgədəki mövqelərini daha da möhkəmləndirə bilər.

“Bu, sahilboyu ərazilərə qarşı mümkün əməliyyat zamanı onların arxa cəbhəsini qorumasına kömək edəcək və həmin ərazilərin geri alınmasını xeyli çətinləşdirəcək”, – o bildirib.

Taiz yalnız strateji mövqeyinə görə əhəmiyyət daşımır. Yəmən Prezidenti Rəşad əl-Əlimi də bu bölgədəndir. Şəhərin mühasirəyə alınması ölkədə onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirə bilər.
Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hökumətin nəzarətində olan əlçatan ərazilərdə hər dörd ailədən üçü əsas ərzaq ehtiyaclarını ödəyə bilmir. Qarşıdurmalar on minlərlə insanı didərgin salıb və milyonlarla insanın ərzaq və digər zəruri məhsullara çıxışını çətinləşdirib.

Teqlər