Moskvada Əfqanıstanın təhlükəsizliyi və regional əməkdaşlıq müzakirə olunub

Moskvada Əfqanıstanın təhlükəsizliyi və regional əməkdaşlıq müzakirə olunub
Regional ölkələrin nümayəndələri Əfqanıstan üzrə “Moskva formatı” məsləhətləşmələrinin səkkizinci raundunda birgə foto çəkdirirlər. Moskva, Rusiya, 5 oktyabr 2026-cı il.
Afghan MoFA X

Regional ölkələrin nümayəndələri oktyabrın 5-də Moskvada Əfqanıstanla bağlı danışıqlar aparıblar. Görüşdə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Kabilin qonşu ölkələrlə münasibətləri əsas müzakirə mövzuları olub.

Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ev sahibliyi etdiyi “Moskva formatı” üzrə məsləhətləşmələrin səkkizinci raundunda iştirak edib. Görüşə Çin, Hindistan, İran, Pakistan və Mərkəzi Asiyanın beş ölkəsinin nümayəndələri də qatılıb. Belarus və Misir görüşdə qonaq ölkə kimi təmsil olunub.

“Moskva formatı” 2017-ci ildə Əfqanıstanla bağlı regional məsləhətləşmə platforması kimi yaradılıb. Platformada siyasi və təhlükəsizlik vəziyyəti, iqtisadi əməkdaşlıq, terrorizm və narkotiklərlə bağlı məsələlər müzakirə olunur.

Müttəqi regional əməkdaşlığın gücləndirilməsinə çağırıb

Görüşdə çıxış edən Müttəqi bildirib ki, Əfqanıstan müstəqil xarici siyasətini qorumaqla yanaşı, region ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək istəyir.

“Əfqanıstan hesab edir ki, regionumuzun gələcəyi təhlükəsizlik rəqabəti əvəzinə kollektiv təhlükəsizlik, iqtisadi inteqrasiya və regiondaxili əlaqələrin genişləndirilməsi, təzyiq əvəzinə isə dialoq və qarşılıqlı anlaşma üzərində qurulmalıdır”, — Müttəqi deyib.

Pakistanla münasibətlərə toxunan Müttəqi iki ölkə arasındakı fikir ayrılıqlarının diplomatik yolla həll edilməli olduğunu bildirib. O, eyni zamanda Pakistan ordusunu Əfqanıstan ərazisində hücumlar həyata keçirməkdə ittiham edib.

“Biz hesab edirik ki, Əfqanıstan və Pakistan arasında təhlükəsizlik, siyasi və iqtisadi məsələlər üzrə mövcud problemlər dialoq və diplomatiya yolu ilə həll oluna bilər”, — o bildirib.

Müttəqi region ölkələrini Əfqanıstana daha çox sərmayə yatırmağa çağırıb. O, “TAPI”, “CASA-1000” və “Trans-Əfqan dəmir yolu”nu Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyasını gücləndirə biləcək layihələr kimi göstərib.

“Əfqanıstan regional rəqabət meydanı deyil, regional əməkdaşlıq üçün əlaqələndirici məkan olmalıdır”, — Müttəqi deyib.

Lavrov NATO-nun hərbi infrastrukturunun yenidən yerləşdirilməsinə qarşı çıxıb

Lavrov çıxışında təhlükəsizlik, humanitar yardım və iqtisadi əməkdaşlıq məsələlərinə toxunub. O, NATO-nun hərbi infrastrukturunun Əfqanıstanda və ya qonşu ölkələrdə yenidən yerləşdirilməsini qəbuledilməz adlandırıb.

“Bir daha vurğulamaq istəyirəm ki, NATO-nun hərbi infrastrukturunun hər hansı bəhanə ilə Əfqanıstan və qonşu dövlətlərin ərazisində yerləşdirilməsi qətiyyən qəbuledilməzdir”, — Lavrov bildirib.

O, həmçinin Əfqanıstanın terrorizmlə mübarizə səylərinə daha çox regional dəstək göstərilməsinə çağırıb.

“Kabilin terrorla mübarizə potensialını maddi-texniki və ekspert dəstəyi ilə gücləndirmək hamımızın ümumi maraqlarına uyğundur”, — Lavrov deyib.

Lavrovun BMT məlumatlarına istinadən bildirdiyinə görə, bu qış 17 milyondan çox əfqan ərzaq çatışmazlığı ilə üzləşə bilər, təxminən 22 milyon insanın isə humanitar yardıma ehtiyacı var. Lavrov əlavə edib ki, Rusiya Əfqanıstana humanitar yardım göstərməyə davam edəcək.

Teqlər