Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı saxlanılıb

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı saxlanılıb
Qazaxıstanın keçmiş Hərbi Dəniz Qüvvələri komandanı Kanat Niyazbekov. Bakı, Azərbaycan, 15 avqust 2019-cu il.
Azertac

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Kanat Niyazbekov sentyabrda Xəzər dənizində keçirilən hərbi təlim zamanı 14 hərbçinin həlak olması ilə bağlı saxlanılıb. Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Qazinform” agentliyinin Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Niyazbekov xidməti vəzifələrinə səhlənkar yanaşmaqda ittiham olunur.

Niyazbekov Prezident Kasım-Jomart Tokayevin onu 24 sentyabr hadisəsindən sonra vəzifədən azad etməsindən bir neçə gün sonra saxlanılıb. Həmin gün sərt hava şəraitində patrul katerindən enən 19 hərbçi dənizə düşüb. Onlardan bir neçəsi sonradan xilas edilib.

Hadisədən bir gün sonra Qazaxıstan hakimiyyəti Müdafiə Nazirliyinin beş vəzifəli əməkdaşını, o cümlədən Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini Daniyar Xayruşevi saxlayıb.

Daxili İşlər Nazirliyi bildirib ki, həmin şəxslər səhlənkarlıq və naviqasiya qaydalarını pozmaqda şübhəli bilinirlər.

Tokayev araşdırma barədə göstəriş verib

“Xəzər Qorğanı 2026” hərbi dəniz təlimləri sentyabrın 22-də Xəzər dənizinin Qazaxıstana aid sektorunda başlayıb. Təlimlərə 500-dən çox hərbçi cəlb olunub.

Prezident Kasım-Jomart Tokayev hadisədən sonra Müdafiə Nazirliyində hərtərəfli yoxlama aparılması barədə göstəriş verib və ölkədə matəm günü elan edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya–Qazaxıstan İqtisadi Forumunda çıxış edir. Berlin, Almaniya, 29 sentyabr 2026-cı il.
Reuters

O, faciənin səbəblərinin müəyyənləşdirilməsini, həmçinin təlimin hansı əsaslarla planlaşdırıldığının araşdırılmasını tapşırıb.

Baş nazir Oljas Bektenov hərbçilərin ölümü ilə bağlı araşdırma aparmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Müdafiə naziri Dauren Kosanov faciədən bir neçə gün sonra — sentyabrın 27-də vəzifəsindən azad edilib.

Müdafiə nazirinin birinci müavini Kanış Abubakirov və Baş Qərargah rəisi Almaz Jumakeyev də Niyazbekovla eyni gündə — oktyabrın 3-də vəzifələrindən azad ediliblər.

Teqlər