7 oktyabr: İsrail HƏMAS hücumunun üçüncü ildönümünü qeyd edir

7 oktyabr: İsrail HƏMAS hücumunun üçüncü ildönümünü qeyd edir
Reuters

İsraildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücumların üçüncü ildönümü qeyd olunur. Həmin hücumlardan sonra İsrail Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və bölgənin böyük hissəsi dağılıb.

Hücumlar zamanı silahlılar 1 200 nəfəri öldürüb, 251 nəfəri isə girov götürərək Qəzzaya aparıblar. Bu, İsrail tarixində ən çox insanın öldüyü gün olub. Qəzzadakı səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin sonrakı bombardmanları və quru əməliyyatları nəticəsində bölgədə 74 mindən çox insan həlak olub.

İsraillilər oktyabrın 7-də Qəzza sərhədi yaxınlığında “Nova” musiqi festivalının keçirildiyi ərazidə anım mərasimi keçirəcəklər. 7 oktyabr hücumu zamanı burada 348 gənc öldürülüb.

Təl-Əvivdəki Girovlar Meydanında da hücumların ildönümü ilə bağlı anım tədbiri keçiriləcək.

Bu, Qəzzada israilli girovların qalmadığı şəraitdə keçirilən ilk ildönümüdür. Sağ qalan girovlar və həlak olan girovların nəşləri HƏMAS-la aparılan mübadilələr çərçivəsində geri qaytarılıb. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan fələstinlilər azad edilib.

İldönümü həmçinin İsraildə 7 oktyabr hücumlarından sonra keçiriləcək ilk seçkilərə 20 gün qalmış qeyd olunur. Seçkilər Baş nazir Benyamin Netanyahunun uzunmüddətli hakimiyyətinə münasibətin ifadəsi kimi qiymətləndirilir.

Qadın 7 oktyabr 2023-cü il hücumunun üçüncü ildönümündə “Nova” musiqi festivalının keçirildiyi ərazini ziyarət edir. HƏMAS-ın rəhbərlik etdiyi hücum zamanı burada festival iştirakçıları öldürülüb və girov götürülüb. Reim yaxınlığı, İsrailin cənubu, 7 oktyabr 2026-cı il.
Reuters

Netanyahu təhlükəsizliyin təmin olunmasındakı uğursuzluğa görə məsuliyyəti üzərinə götürməyib və müstəqil araşdırma aparılması çağırışlarını rədd edib. Bu mövqe İsraildə bir çox insanın, o cümlədən hücumlarda həlak olanların ailələrinin narazılığına səbəb olub. Onlardan bəziləri seçkilərdə namizədliyini irəli sürüb.

İsrail Demokratiya İnstitutunun keçirdiyi sorğuya görə, yəhudi israillilərin 68 faizi 7 oktyabr hadisələrinin hansı partiyaya səs verəcəkləri ilə bağlı qərarlarında əsas amillərdən biri olduğunu bildirib.

Seçki sorğuları göstərir ki, səsvermə indi keçirilsəydi, nə Netanyahu, nə də onun əsas rəqibləri parlamentdə koalisiya qurmaq üçün kifayət qədər mandat əldə edə bilərdi.

ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəs İsrailin hücumlarını dayandırmayıb

Bu, ABŞ-nin vasitəçiliyi ilə 10 oktyabr 2025-ci ildə əldə olunan atəşkəs razılaşmasından sonra 7 oktyabr hücumlarının ilk ildönümüdür. Razılaşma genişmiqyaslı döyüşləri dayandırsa da, İsrailin Qəzzaya hücumlarına son qoymayıb, HƏMAS və digər silahlı qrupların tərksilah edilməsinə də gətirib çıxarmayıb.

Razılaşmanın ilkin mərhələsində İsrail qüvvələri Qəzza ərazisinin təxminən 53 faizinə nəzarət edirdi. Sonradan onlar nəzarət etdikləri ərazini genişləndirərək bu göstəricini təxminən üçdə ikiyə çatdırıb. Qalan üçdə bir hissəyə HƏMAS nəzarət edir. Qəzzanın təxminən 2 milyon sakininin əksəriyyəti bu ərazidə müvəqqəti çadırlarda və bombardmanlar nəticəsində dağıdılmış binalarda yaşayır.

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası” Qəzzanın yenidən qurulması ilə bağlı bir neçə plan təklif edib. Lakin evləri dağıdılmış fələstinlilərin mülkiyyət hüquqları məsələsini nəzərə almayan bu planlar nə İsrailin, nə də HƏMAS-ın razılığını qazana bilib.

Tərəflər HƏMAS-ın silahı yerə qoyması müqabilində İsrail qoşunlarının geri çəkilməsini nəzərdə tutan razılaşmanın şərtləri ilə bağlı hələ razılığa gələ bilməyiblər. İsrail HƏMAS tam tərksilah olunmayana qədər qoşunlarını geri çəkməyəcəyini bildirir. HƏMAS isə mərhələli prosesə razılıq verdiyini, lakin İsrailin hücumları davam etdiyi müddətdə silahı yerə qoymayacağını deyir.

İsrail Qəzzaya hava zərbələrini davam etdirir. Son aylarda bu zərbələr nəticəsində bir sıra HƏMAS silahlısı öldürülüb. Qəzzadakı səhiyyə rəsmilərinin məlumatına görə, hücumlarda çox sayda mülki şəxs də həlak olub. Onların açıqladığı ölüm statistikasında mülki şəxslərlə döyüşçülər ayrıca göstərilmir.

Teqlər