Gürcüstan Azərbaycandan birbaşa elektrik idxal etməklə milyonlarla vəsaitə qənaət edəcək

Gürcüstan Azərbaycandan birbaşa elektrik idxal etməklə milyonlarla vəsaitə qənaət edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze. Paris, Fransa, 10 sentyabr 2026-cı il.
Reuters

Gürcüstan Azərbaycandan elektrik enerjisinin birbaşa idxalı hesabına hər il milyonlarla lariyə qənaət edəcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidze oktyabrın 7-də Tbilisidə hökumətin iclasında deyib ki, bundan sonra elektrik enerjisinin idxalında vasitəçi şirkətlərdən istifadə olunmayacaq.

“Bundan sonra elektrik enerjisi heç bir ölkədən vasitəçi şirkətlər üzərindən idxal edilməyəcək. Xüsusilə Azərbaycanla ticarətdə vasitəçinin aradan qaldırılması dövlətə hər il bir neçə milyon lari, yəni təxminən bir milyon dollar vəsaitə qənaət etməyə imkan verəcək. Bu, kifayət qədər əhəmiyyətli məbləğdir”, – Baş nazir bildirib.

Gürcüstan elektrik enerjisinə tələbatının bir hissəsini idxal hesabına ödəyir. Xüsusilə qış aylarında su-elektrik stansiyalarında istehsalın azalması idxala ehtiyacı artırır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan Gürcüstandan 194,88 milyon kilovat-saat elektrik enerjisi idxal edib. İdxalın dəyəri 11,58 milyon dollar təşkil edib.

Azərbaycan və Gürcüstan 18 may 2026-cı ildə Bakıda Gürcüstana elektrik enerjisinin tədarükü və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə hökumətlərarası saziş imzalayıb. Prezident İlham Əliyev sənədi iyulda təsdiqləyib. Razılaşmanın 20 il müddətində qüvvədə qalması nəzərdə tutulur.

İki ölkə həmçinin Türkiyə və Bolqarıstanla birlikdə elektrik enerjisinin Avropaya çatdırılması üçün quru tranzit dəhlizinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır.

“Transparency International Georgia” qeyri-hökumət təşkilatının 2023-cü il təhlilinə əsasən, 2017–2022-ci illərdə Azərbaycan Gürcüstanın ən böyük elektrik enerjisi təchizatçısı olub və ölkənin elektrik idxalının təxminən üçdə ikisini təmin edib.

BMT-nin ticarət statistikasına görə, Gürcüstan 2016–2023-cü illərdə Azərbaycandan 247 milyon dollardan çox elektrik enerjisi idxal edib.

Teqlər