Qazaxıstanda ölümlə nəticələnən hərbi təlimlərlə bağlı təhqiqat aparılır

Qazaxıstanda ölümlə nəticələnən hərbi təlimlərlə bağlı təhqiqat aparılır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyində hadisəni araşdıran komissiyanın üzvləri ilə görüşür. Astana, Qazaxıstan, 5 oktyabr 2026-cı il.
Office of the President of the Republic of Kazakhstan

Qazaxıstan Silahlı Qüvvələrində aparılan yoxlamanın ilkin nəticələri açıqlanıb. Araşdırma Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı 14 hərbçinin həlak olmasından sonra Prezident Kasım-Jomart Tokayevin göstərişi ilə başlanıb. 

Hadisə ilə əlaqədar ölkənin Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı da həbs edilib.

Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinə əvvəllər rəhbərlik etmiş birinci dərəcəli kapitan Kanat Niyazbekov xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlığa yol verməkdə şübhəli bilinərək Daxili İşlər Nazirliyinin hərbi istintaq bölməsi tərəfindən saxlanılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İbtidai istintaq davam edir.

Hadisə sentyabrın 24-də Xəzər dənizinin Qazaxıstan sektorunda keçirilən “Xəzər Qorğanı – 2026” təlimləri zamanı baş verib. Təlimlərə 500-dən çox hərbçi, hərbi gəmilər və katerlər, sahil mühafizəsi bölmələri və aviasiya cəlb olunub.

Təlim tapşırığının yerinə yetirilməsi zamanı hava şəraiti pisləşib, güclü külək bir qrup hərbçini açıq dənizə sürükləyib. Onlardan üçü xilas edilib, 14-ü isə həlak olub.

Hadisədən sonra ağır nəticələrə səbəb olan səhlənkarlıq və naviqasiya qaydalarının pozulması ilə bağlı cinayət işləri başlanıb.

Araşdırmanın əhatəsi genişləndirilib

Sonradan araşdırma Müdafiə Nazirliyinin fəaliyyətini də əhatə edəcək şəkildə genişləndirilib.

Prezident Kasım-Jomart Tokayevin göstərişi ilə nazirlikdə aparılan kompleks yoxlamanın ilk mərhələsində 13 cinayət işi başlanıb.

Yoxlama zamanı təlimlərə hazırlıq və onların planlaşdırılması, risklərin qiymətləndirilməsi, qoşunların yerləşdirilməsi və hərbçilərin təhlükəsizliyinin təmin olunması sahələrində nöqsanlar aşkarlanıb.

İstintaqçılar həmçinin hərbçilərə qarşı zorakılıq və orduda nizamnamədənkənar münasibət hallarını araşdırırlar.

Dövlət əmlakının ehtimal olunan mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və Müdafiə Nazirliyinin qurumlarında digər qanun pozuntuları ilə bağlı ayrıca cinayət işləri başlanıb.

Genişləndirilmiş araşdırma çərçivəsində Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi saxlanılıb.

Hərbi rəhbərlikdə dəyişikliklər

Araşdırmanın ilkin nəticələri Qazaxıstanın hərbi rəhbərliyində ciddi dəyişikliklərə də səbəb olub.

Tokayev faciədən qısa müddət sonra müdafiə nazirini vəzifədən azad edib və Silahlı Qüvvələrdə islahatların aparılması barədə göstəriş verib.

Daha sonra müdafiə nazirinin birinci müavini və Baş Qərargah rəisi Kanış Aubəkirov, eləcə də müdafiə nazirinin müavini Almaz Cumakeyev vəzifələrindən azad ediliblər.

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyində və digər yüksək hərbi vəzifələrdə də dəyişikliklər aparılıb.

Tokayev bildirib ki, hərbçilərin ölümünə görə məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidirlər.

Sentyabrın 27-də Tokayev Təhlükəsizlik Şurasının aparatına və Müdafiə Nazirliyinə on gün ərzində mərhələli islahat planı hazırlamağı tapşırıb.

Təkliflərin oktyabrın ikinci yarısında keçiriləcək Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

İslahatların əsas istiqamətləri hərbçilərin təhlükəsizliyinin artırılması, intizamın gücləndirilməsi və hakimiyyətin “yeni model ordu” adlandırdığı sistemin formalaşdırılmasıdır.

“Global Firepower” hərbi analitika platformasının hesablamalarına görə, Qazaxıstanın təxminən 110 min həqiqi hərbi xidmətdə olan və 135 min ehtiyatda olan hərbi qulluqçusu var.

Teqlər