Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
Traktor cərgələrlə əkilmiş yaşıl cücərtilərin arasında hərəkət edərək sahədə işləyir.
Azertac

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, dayanıqlı inkişafın təşviqi və sahənin iqlim dəyişikliklərinə uyğunlaşma imkanlarının artırılması məqsədilə yeni qanun layihəsi hazırlanıb.

“Aqrar sahə haqqında” qanun layihəsi bu sahədə dövlət tənzimləməsinin və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyənləşdirir. Sənəddə aqrar sahənin və kənd yerlərinin dayanıqlı inkişafına, eləcə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrılır.

Layihəyə əsasən, yeni qanun qüvvəyə mindikdən sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək. Həmin qanunların müvafiq müddəaları yeni qanunda əksini tapacaq.

Təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsini, eləcə də “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunları da əhatə edir.

“Büdcə sistemi haqqında” Qanuna “aqrar subsidiya” anlayışının daxil edilməsi nəzərdə tutulur.

Fitosanitar nəzarət və ekoloji təmiz kənd təsərrüfatı

Layihəyə əsasən, bitkiçilik və bitki sağlamlığı ilə bağlı məsələlər yeni qanunun 4-cü fəsli ilə tənzimlənəcək. Bununla əlaqədar “Fitosanitar nəzarəti haqqında” Qanunun fitosanitar xidmətə dair bir sıra müddəalarının, o cümlədən müvafiq anlayışların və bütöv bir fəslin ləğvi nəzərdə tutulur.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanuna da bir sıra terminoloji dəyişikliklərin edilməsi təklif olunur.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov daha əvvəl məhsuldarlığı yüksək, texnoloji cəhətdən inkişaf etmiş və rəqabətqabiliyyətli kənd təsərrüfatı sisteminin qurulmasının vacibliyini vurğulayıb. Nazir dayanıqlı inkişafın və ərzaq təhlükəsizliyinin sahənin prioritetləri sırasında olduğunu bildirib.

Nazirin sözlərinə görə, 2026-cı il mayın 25-də təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahənin dayanıqlı inkişafı, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Teqlər