“Lukoil” Özbəkistanda fəaliyyətini genişləndirməyi planlaşdırır

“Lukoil” Özbəkistanda fəaliyyətini genişləndirməyi planlaşdırır
Avtomobillər “Lukoil” yanacaqdoldurma məntəqəsində növbəyə dayanıb. Moskva, Rusiya, 17 avqust 2026-cı il.
Reuters

Rusiyanın “Lukoil” neft şirkəti Özbəkistanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Potensial istiqamətlərə geoloji kəşfiyyat, karbohidrogen yataqlarının işlənməsi və pərakəndə yanacaq satışı daxildir. 

Bu məsələlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə “Lukoil”in təsisçisi Vahid Ələkbərov arasında keçirilən görüşdə müzakirə olunub.

Ələkbərov Mirziyoyevə “Lukoil”in Özbəkistandakı layihələrinin hazırkı vəziyyəti barədə məlumat verib. Şirkət ölkədə geoloji kəşfiyyat işləri aparır, perspektivli karbohidrogen yataqlarını işləyir və neft məhsullarının pərakəndə satış şəbəkəsini genişləndirir.

Tərəflər şirkətin Özbəkistandakı fəaliyyətinin daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. “Lukoil” ölkədəki layihələrə indiyədək 10 milyard dollardan çox sərmayə yatırıb. Şirkət “Uzbekneftegaz”la əməkdaşlıq çərçivəsində 13 yataqda qaz hasil edir.

ABŞ sanksiyalarının təsiri

“Lukoil”in Özbəkistandakı fəaliyyəti 2025-ci ilin oktyabrında ABŞ-nin şirkətə qarşı tətbiq etdiyi sanksiyalardan sonra əlavə qeyri-müəyyənliklə üzləşib.

ABŞ Maliyyə Nazirliyi “Lukoil”, “Rosneft” və onların törəmə şirkətlərinə bloklayıcı sanksiyalar tətbiq edib. Bununla yanaşı, müəyyən əməliyyatlara müvəqqəti icazələr verilib.

Sanksiyalar “Lukoil”in beynəlxalq fəaliyyətinə də təsir göstərib və şirkəti xaricdəki aktivləri üçün alıcı axtarmağa sövq edib.

Bir neçə potensial alıcı şirkətin aktivlərinə maraq göstərib. “Lukoil” 2025-ci ilin dekabrında xaricdəki aktivlərinin böyük hissəsinin “Carlyle” investisiya qrupuna satılması ilə bağlı ilkin razılığa gəlib. Sövdələşmənin baş tutması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC), eləcə də digər ölkələrin müvafiq tənzimləyici qurumlarının razılığı tələb olunur.

Özbəkistan “Lukoil” aktivləri ilə bağlı danışıqlar aparır

Sanksiyalar şirkətin Özbəkistandakı layihələrinə də təsir edib. Xüsusilə “Lukoil”la maliyyə əməliyyatlarının aparılması çətinləşib.

2025-ci ilin dekabrında Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib ki, ölkə məsləhətçilər cəlb edib və “Lukoil”in aktivləri ilə bağlı ABŞ tərəfi, o cümlədən OFAC ilə müzakirələr aparır.

“Uzbekneftegaz”ın sədri Baxodir Sidikov daha əvvəl bildirmişdi ki, sanksiyalar “Lukoil”in Özbəkistandakı fəaliyyətinə və birgə layihələrin icrasına təsirsiz ötüşməyəcək.

O, həmin vaxt Özbəkistanın Rusiya şirkətinin aktivlərini almağı nəzərdən keçirmədiyini demişdi.

Şavkat Mirziyoyevlə Vahid Ələkbərov arasında keçirilən son görüş isə tərəflərin “Lukoil”in Özbəkistandakı fəaliyyətinin gələcək inkişafını müzakirə etdiyini göstərir.

Teqlər