Gürcüstanda 700 min dollarlıq uran satmağa cəhd edən şəxs saxlanılıb

Gürcüstanda 700 min dollarlıq uran satmağa cəhd edən şəxs saxlanılıb
AnewZ

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkə vətəndaşına 700 min dollara uran-238 nüvə materialını satmağı planlaşdıran şəxsin saxlanıldığını bildirib.

Şübhəli şəxsi radioaktiv maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satılmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təhlükəsizlik xidmətinin yayımladığı kadrlarda xüsusi təyinatlıların ağ rəngli minik avtomobilindən bir nəfəri çıxararaq yerə uzatdığı və qandalladığı görünür. Həmçinin əməliyyatçılar avtomobilin baqajındakı iki kiçik konteyneri portativ radiasiya detektoru ilə yoxlayıblar. Qablardan birində açıq rəngli toz maddə aşkar edilib.

Dövlət Təhlükəsizliyi Xidməti hadisəni transmilli cinayət kimi qiymətləndirib və materialdan bomba hazırlanmasında istifadə oluna biləcəyini bəyan edib. Bununla belə, uranın mənşəyi və aparılmalı olduğu ölkə hələlik açıqlanmır.

Uran-238 uranın ən geniş yayılmış izotopudur. Radioaktiv olmasına baxmayaraq, o, adətən təkbaşına nüvə bombası hazırlanması üçün yararlı sayılmır.

Bu, fevral ayında baş vermiş oxşar insidentdən sonra qeydə alınan növbəti haldır. Həmin vaxt Gürcüstanda 3 milyon dollar dəyərində uran və nüvə sınaqları proqramları ilə əlaqəli radioaktiv izotop almağa cəhd edən iki şəxs saxlanılmışdı.

Teqlər