Günün icmalı: Regiondan ən vacib 5 xəbər

Günün icmalı: Regiondan ən vacib 5 xəbər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iclasında çıxış edir. Türkmənbaşı, Türkmənistan, 8 oktyabr 2026-cı il.
Azərtac

AnewZ oktyabrın 8-nə olan “Günün icmalı” rubrikasında regionda günün ən vacib beş xəbərini təqdim edir.

Region liderləri MDB sammiti üçün Türkmənistana səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər region liderləri Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərinə səfər ediblər.

Prezident İlham Əliyev səfər zamanı Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. O bildirib ki, Azərbaycanın region ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb.

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Avazada keçiriləcək. İran Prezidenti Məsud Pezeşkian dəvət əsasında ilk dəfə MDB sammitinə qatılacaq.

Gürcüstanda uran satmaq istəyən şəxs saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti uran-238 nüvə materialını xarici ölkə vətəndaşına 700 min dollara satmağı planlaşdırmaqda şübhəli bilinən şəxsi saxlayıb.

Qurumun yaydığı görüntülərdə silahlı əməkdaşların şübhəlini saxlaması və onun avtomobilinin baqajındakı iki kiçik qabı radiasiya detektoru ilə yoxlaması əks olunub.

Bu, Gürcüstanda uranın qanunsuz dövriyyəsi ilə bağlı son hadisələrdən biridir. 2026-cı il fevralın 19-da Kutaisidə uran və radioaktiv maddə almağa cəhddə şübhəli bilinən iki xarici ölkə vətəndaşının saxlanıldığı açıqlanıb. 2025-ci il oktyabrın 25-də isə Tbilisidə uran almağa cəhd göstərməkdə şübhəli bilinən üç Çin vətəndaşının saxlanıldığı bildirilib.

Azərbaycan Orta Dəhliz infrastrukturunun gücləndirilməsinə çağırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 7-də Avazada keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici işlər nazirlərinin görüşündə region ölkələri arasında infrastruktur əlaqələrinin gücləndirilməsinə çağırıb.

O bildirib ki, tranzit proseslərinin rəqəmsallaşdırılması Orta Dəhliz üzrə yükdaşımaların həcmini maksimuma çatdırmağa kömək edə bilər.

Dünya Bankının sentyabrın 28-də dərc etdiyi hesabata görə, Orta Dəhliz Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) 1,3 milyard dollar əlavə töhfə verə bilər.

Gürcüstan Aİ-nin genişlənmə prosesindən kənarda qalıb

Gürcüstanın hakim partiyasının parlamentdəki lideri İrakli Kirtsxaliya ölkəsinin Avropa Komissiyasının oktyabrın 6-da qəbul etdiyi genişlənmə üzrə yol xəritəsinə daxil edilməməsinə ciddi əhəmiyyət verməyib.

Kirtsxaliya bildirib ki, Gürcüstan Aİ-yə üzvlük naminə ölkənin maraqlarını qurban verməməlidir.

Gürcüstan Albaniya, Moldova, Monteneqro və Ukrayna üçün təqdim olunan indikativ yol xəritələrinə daxil edilməyib. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanın namizəd ölkə statusunun yalnız kağız üzərində qaldığını deyib.

Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu alsa da, Brüssel və Tbilisi arasında yaranan fikir ayrılıqları fonunda üzvlük prosesi sonradan dayanıb.

“Lukoil” Özbəkistanda fəaliyyətini genişləndirməyi planlaşdırır

“Lukoil” Özbəkistandakı fəaliyyətini genişləndirməyi planlaşdırır. Mümkün istiqamətlərə geoloji kəşfiyyat, karbohidrogen yataqlarının işlənməsi və pərakəndə yanacaq satışı daxildir.

Planlar Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə “Lukoil”in təsisçisi Vahid Ələkbərov arasında keçirilən görüşdə müzakirə olunub.

Şirkətin məlumatına görə, “Lukoil” Özbəkistana 10 milyard dollardan çox sərmayə yatırıb və dövlətə məxsus “Uzbekneftegaz” şirkəti ilə birlikdə 13 yataqda qaz hasil edir.

“Lukoil”un Özbəkistandakı fəaliyyəti 2025-ci ilin oktyabrında ABŞ-nin şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra qeyri-müəyyənliklə üzləşib.

Teqlər