Hörmüz boğazındakı partlayışlara dəniz minaları səbəb ola bilər

Hörmüz boğazındakı partlayışlara dəniz minaları səbəb ola bilər
Reuters

İranın dövlət televiziyası IRIB hərbi mənbələrə istinadən bildirib ki, oktyabrın 8-də Hörmüz boğazının cənub hissəsində bir neçə güclü partlayış baş verib. Hərbi mənbələrin məlumatına görə, partlayışlara neft tankerlərinin dəniz minalarına toxunması səbəb ola bilər.

Hadisə nəticəsində neçə gəminin zərər gördüyü, ölən və ya yaralananların olduğu barədə məlumat verilməyib.

IRIB-in məlumatına görə, İranın hərbi mənbələri tankerlərin boğazdan keçərkən icazə verilməyən marşrutlardan istifadə etdiyini iddia ediblər.

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) oktyabrın 8-də baş verdiyi bildirilən partlayışlarla bağlı rəsmi açıqlama yaymayıb. Qurum hərbi qüvvələrlə kommersiya gəmiləri arasında məlumat mübadiləsini əlaqələndirir.

Hörmüz boğazında tankerlərə hücumlar artıb

Ötən həftə Hörmüz boğazında tankerlərə hücumların sayı fevralın sonlarında İranla müharibə başlayandan bəri ən yüksək həddə çatıb.

Hörmüz boğazında, İranın Bəndər-Abbas şəhərinin sahilləri yaxınlığında gəmilər. İran, 6 oktyabr 2026-cı il.
Reuters

Dəniz təhlükəsizliyi üzrə mənbələrin məlumatına görə, sentyabrın 28-dən oktyabrın 5-dək Hörmüz boğazı ətrafında neft, mayeləşdirilmiş təbii qaz və mayeləşdirilmiş neft qazı daşıyan tankerlərə azı 12 hücum qeydə alınıb.

İran neft ixracı üçün yeni marşrutların açılmasına qarşı çıxır

Tehrana yaxın yüksəkvəzifəli regional rəsminin sözlərinə görə, İran qonşu ölkələrə xəbərdarlıq edib ki, neft ixracı üçün alternativ marşrutların açılmasına yönələn istənilən cəhd düşmənçilik addımı kimi qiymətləndiriləcək.

İranın mövqeyindən xəbərdar olan digər yüksəkvəzifəli diplomat isə bildirib ki, Tehran Hörmüz boğazına nəzarəti itirmək niyyətində deyil.

Onun sözlərinə görə, İranın bəzi region ölkələrinin neft ixracı üçün istifadə etdiyi marşrutları bağlamağa dair hazır planları var. Bu məqsədlə gəmilərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilə, yaxud onların hərəkət istiqamətini dəyişmək üçün katerlər göndərilə bilər.

Mənbələrin məlumatına görə, son aylarda Körfəz ölkələrinin neft istehsalçıları Hörmüz boğazının Oman sahillərinə yaxın hissəsindən neft daşımalarını artırıblar. Daha sonra neft ABŞ-nin hava dəstəyi ilə Oman körfəzinin açıq sularında bir gəmidən digərinə köçürülüb.

Teqlər