Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Pakistan hakimiyyəti həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının idarə etdiyi Xeybər-Paxtunxva vilayətində fövqəladə vəziyyət elan edərək vilayət hökumətinin fəaliyyətini dayandırıb.
Qərar Xanın azadlığa buraxılması tələbi ilə planlaşdırılan etiraz aksiyası ərəfəsində gərginliyin artdığı bir vaxtda qəbul olunub. Prezident Asif Əli Zərdari qərarı Baş nazir Şahbaz Şərifin müraciətindən sonra oktyabrın 11-də açıqlayıb. Hökumət Əfqanıstanla həmsərhəd vilayətdə silahlı qruplaşmaların hücumlarının artması səbəbindən bu addımın zəruri olduğunu bildirib.
İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhriki-İnsaf (PTI) partiyası isə hökumətin ittihamlarını rədd edərək qərarı pisləyib.
Ədliyyə naziri Əzəm Nəzir Tarar bildirib ki, vilayətin idarəçiliyi ilkin olaraq altı ay müddətinə qubernatora həvalə ediləcək. Zərurət yaranarsa, bu müddət uzadıla bilər.
Daxili İşlər Nazirliyi də vilayətə hərbi qüvvələrin göndərilməsi planını açıqlayıb.
Son aylarda Xeybər-Paxtunxvada silahlı qruplaşmaların hücumları artıb. Federal hökumət və ordu PTI-ni bu hücumların qarşısını ala bilməməkdə ittiham edir. Partiya isə İslamabadın bu təhlükə ilə mübarizə üçün lazımi resurs və avadanlıq ayırmadığını bildirir.
Vilayətin keçmiş hökumət başçısı Süheyl Afridinin hərəkət azadlığına da məhdudiyyətlər qoyulub. Bu barədə onun yaxın köməkçilərindən biri məlumat verib.
Qərar İmran Xanın partiyası ilə federal hökumət arasında mövcud gərginliyi daha da artırıb. PTI tərəfdarları keçmiş Baş nazirin azadlığa buraxılması tələbi ilə İslamabada yürüşə hazırlaşırlar.
Partiyanın sözçüsü Zülfüqar Buxari hökuməti fövqəladə vəziyyətdən etiraz aksiyasının qarşısını almaq üçün istifadə etməkdə ittiham edib. O, qərarı “fövqəladə vəziyyət adı altında gizlədilmiş dövlət çevrilişinə daha çox bənzəyən addım” kimi qiymətləndirib və bunun yeni zorakılıq və qeyri-sabitliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Hökumətlə PTI arasında vasitəçilik səylərində iştirak edən JUI-F partiyasının lideri Mövlana Fəzlur Rəhman da qərarı tənqid edib.
“Fövqəladə vəziyyətin tətbiqi demokratiyaya qarşı pusqudur”, – o, İslamabadda keçirilən mətbuat konfransında bildirib.
Mübahisə Pakistan ordusunun ölkənin siyasi həyatındakı rolu ilə bağlı daha geniş gərginlik fonunda baş verir. Hökumət ordunun səlahiyyətlərini genişləndirib. PTI isə hərbçiləri siyasi proseslərə həddindən artıq təsir göstərməkdə ittiham edir. Ordu bu ittihamları rədd edir.
Hakimiyyət İslamabadda on minlərlə təhlükəsizlik əməkdaşı yerləşdirib. Etirazçıların parlamentə çatmasının qarşısını almaq üçün yollara yük konteynerləri yerləşdirilib.
Planlaşdırılan yürüş ərəfəsində PTI-nin yüzlərlə fəalı və İmran Xanın üç bacısı saxlanılıb. Partiya bu həbslərin ona qarşı son illərdə həyata keçirilən ən sərt təzyiq kampaniyalarından birinin tərkib hissəsi olduğunu bildirir.
İmran Xanla bağlı əvvəlki etiraz aksiyaları da zorakılıqla nəticələnib. 2024-cü ildə keçirilən genişmiqyaslı nümayiş etirazçılarla təhlükəsizlik qüvvələri arasında ölümlə nəticələnən toqquşmalara səbəb olub. Onun 2023-cü ildə həbs edilməsi isə ölkə miqyasında iğtişaşlara səbəb olaraq orduya təzyiqi artırıb.
Hazırda 74 yaşı olan keçmiş kriket ulduzu İmran Xan həbsdədir. Onun partiyasının dəstəklədiyi namizədlər Pakistanın 2024-cü il seçkilərində ən çox mandat qazansalar da, PTI yalnız Xeybər-Paxtunxvada hökumət formalaşdıra bilib. Xanın tərəfdarları ordunu seçki nəticələrini onun əleyhinə saxtalaşdırmaqda ittiham edirlər. Hərbçilər isə bu iddianı rədd edirlər.
İmran Xana qarşı dövlət hədiyyələri ilə bağlı ittihamlar, zorakılığa təhrik və qanunsuz nikah məsələləri üzrə bir neçə məhkəmə işi var. Onun barəsində çıxarılan məhkumluq hökmlərindən biri istisna olmaqla, digərlərinin icrası dayandırılıb və ya həmin hökmlər ləğv edilib. Apellyasiya şikayətlərinə baxılması davam edir. Xan qanunsuz hərəkətə yol verməsi ilə bağlı iddiaları rədd edir.
Baş nazir Şahbaz Şərif təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı ardıcıl hücumları əsas gətirərək fövqəladə vəziyyət qərarını müdafiə edib.
“Biz baş verənləri sadəcə səssizcə izləyə bilmərik”, – o, Nazirlər Kabinetinin iclasında bildirib.
Pakistan Əfqanıstanı silahlı qruplaşmaların onun ərazisində fəaliyyət göstərməsinə və oradan Pakistana hücumlar təşkil etməsinə şərait yaratmaqda ittiham edir. İslamabad həmçinin PTI-nin Əfqanıstandakı Taliban hakimiyyətinə və onunla əlaqəli Pakistandakı silahlı qruplaşmalara rəğbət bəslədiyini iddia edir. Həm Əfqanıstan hakimiyyəti, həm də PTI bu ittihamları rədd edir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın