İran liman infrastrukturunu Əfqanıstana icarəyə verə bilər

İran liman infrastrukturunu Əfqanıstana icarəyə verə bilər
Sürətli qayıq Hörmüz boğazından 300 kilometr şərqdə yerləşən Çabahar şəhərinin Kələntəri limanında neft terminallarının yanından keçir. İran, 17 yanvar 2012-ci il.
Reuters

İran Əfqanıstanla ticarətin inkişafına dəstək məqsədilə liman obyektlərini bu ölkəyə icarəyə verə bilər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, bu təklif iki ölkənin rəsmiləri arasında keçirilən görüşlərdə irəli sürülüb.

İranın ISNA xəbər agentliyinin məlumatına görə, Bəqai oktyabrın 12-də keçirdiyi mətbuat konfransında bu addımın “mehriban qonşuluq” prinsipi əsasında atıla biləcəyini bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda müsahibə verir. İran, 5 aprel 2026-cı il.
Reuters

“Bu, ticarət əməkdaşlığının inkişafına və qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verə biləcək müsbət təşəbbüslərdən biridir”, – sözçü bildirib.

Bəqai əlavə edib ki, dənizə birbaşa çıxışı olmayan ölkələrə liman obyektlərinin icarəyə verilməsi beynəlxalq təcrübədə geniş yayılıb.

İran mediasının məlumatına görə, görüşlərdə sənaye sahəsində əməkdaşlıq və ikitərəfli ticarət məsələləri də müzakirə edilib.

Əfqanıstan Sənaye və Ticarət Nazirliyinin sözçüsünün “Pajhwok” xəbər agentliyinə ötən il verdiyi məlumata görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 3,37 milyard dollara çatıb.

Pakistanla sərhəddə yaranan gərginlik səbəbindən Əfqanıstan İran üzərindən keçən ticarət marşrutlarından daha çox istifadə etməyə başlayıb.

İran Əfqanıstandakı “Taliban” administrasiyasını rəsmən tanımasa da, onunla sıx diplomatik, iqtisadi və təhlükəsizlik əlaqələri saxlayır.

Teqlər