Əfqanıstan və Pakistan sərhəd gərginliyi fonunda qarşılıqlı ittihamlar səsləndirib

Əfqanıstan və Pakistan sərhəd gərginliyi fonunda qarşılıqlı ittihamlar səsləndirib
“Taliban”ın sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında çıxış edir. Kabil, Əfqanıstan, 10 noyabr 2021-ci il.
Reuters

Əfqanıstan öz daxili təhlükəsizlik problemlərinə görə Kabulu günahlandıran Pakistanın ittihamlarını rədd edib. İslamabad isə silahlı qruplaşmaların Əfqanıstan ərazisindən istifadə edərək Pakistana hücumlar təşkil etdiyini yenidən bildirib.

Əfqanıstandakı “Taliban” hakimiyyətinin sözçüsü Zəbihullah Mücahid Pakistan rəsmilərini danışıqlar prosesini pozmaqda və iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq əvəzinə ittihamlar səsləndirməkdə günahlandırıb.

“Pakistan rəsmilərinin öz uğursuzluqlarına görə Əfqanıstanı günahlandırması heç bir problemi həll etmir”, – o bildirib.

Mücahidin sözlərinə görə, Pakistanın siyasi, təhlükəsizlik, sosial və iqtisadi problemləri bütün regiona təsir göstərir.

“Pakistan hakimiyyətinin əsassız ittihamları, danışıqlar prosesini pozmaq cəhdləri və yüksəkvəzifəli rəsmilərin həll yolları tapmaq əvəzinə təbliğata həddindən artıq diqqət ayırması uğursuz siyasətdir”, – sözçü qeyd edib.

Pakistan BMT hesabatına istinad edir

Pakistanın İnformasiya və Yayım Nazirliyi oktyabrın 12-də Mücahidin ittihamlarını rədd edib və Kabili Əfqanıstan ərazisindəki yaraqlıların sığınacaqlarına qarşı tədbir görməyə çağırıb.

Nazirlik BMT Təhlükəsizlik Şurasının monitorinq hesabatına istinad edib. Hesabatda “Pakistan Talibanı” kimi tanınan “Təhrik-e-Taliban Pakistan” qruplaşmasının təxminən 6 min döyüşçüsünün Əfqanıstanda fəaliyyət göstərdiyi bildirilir.

“Bu nəticələri Pakistan təbliğatı adlandıraraq inkar etmək inandırıcı deyil. Rejim bu sənədləşdirilmiş təhdidi inkar etmək əvəzinə konkret addımlarla aradan qaldırmalıdır”, – nazirlik bildirib.

Kabil isə silahlı qruplaşmaların Əfqanıstan ərazisindən Pakistan və digər ölkələrə hücumlar üçün istifadə etməsinə icazə verdiyini dəfələrlə təkzib edib.

Xayber Paxtunxvada siyasi gərginlik

Qarşılıqlı ittihamlar Pakistanın Əfqanıstanla həmsərhəd Xayber Paxtunxva əyalətində siyasi və təhlükəsizlik gərginliyinin artdığı bir vaxtda səslənir.

Məlumata görə, oktyabrın 11-də əyalətdə fövqəladə vəziyyət elan edilib və keçmiş Baş nazir İmran Xanın “Təhrik-e-İnsaf” partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin fəaliyyəti dayandırılıb.

İslamabad qərarı təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əsaslandırıb və əyalət rəhbərliyini silahlı qruplaşmalara qarşı yetərli tədbirlər görməməkdə ittiham edib. Partiya bu ittihamları rədd edib.

Gərginlik regional əməkdaşlığa mane ola bilər

Əfqanıstan rəsmiləri bildirirlər ki, Pakistanın davamlı ittihamları qarşılıqlı etimadı zəiflədə və fikir ayrılıqlarının dialoq yolu ilə həllinə mane ola bilər.

Kabil birbaşa danışıqlara və praktiki əməkdaşlığa çağırıb. Əfqanıstan tərəfi uzun sürən gərginliyin ticarət və tranzit sahələrində əməkdaşlığa mane ola, regional sabitliyi zəiflədə biləcəyini vurğulayıb.

Teqlər