İran “Starlink”dən hərbi məqsədlərlə istifadəyə qarşı xəbərdarlıq edib

İran “Starlink”dən hərbi məqsədlərlə istifadəyə qarşı xəbərdarlıq edib
İlon Maskın siluet görüntüsü və Starlink loqosu. 11 iyun 2026-cı il.
Reuters

İran “Starlink” peyk internet xidmətindən hərbi məqsədlərlə istifadəyə qarşı xəbərdarlıq edib. Tehran bu sistemlə bağlı kibertəhdidlərə cavab verə bilən yerli texnologiya hazırladığını bildirib.

“Starlink” kommersiya fəaliyyəti çərçivəsindən çıxaraq hərbi fəaliyyət göstərir. Avadanlıqların ölkəyə qanunsuz gətirilməsi cəhdi düşmənin kiberməkanımıza zərər vurmaq niyyətindən xəbər verir. Bu məsələyə xüsusi həssaslıqla yanaşılmalıdır”, – deyə İranın Ali Kiberfəza Şurasının katibi, Milli Kiberfəza Mərkəzinin rəhbəri Məhəmməd Əmin Ağamiri bildirib.

Oktyabrın 13-də keçirilən mətbuat konfransında Ağamiri yanvar iğtişaşları zamanı İranın “Starlink” terminalını sıradan çıxardığını bildirib. O, bu əməliyyatda yerli imkanların yalnız kiçik bir hissəsindən istifadə edildiyini qeyd edib.

“Milli suverenliyinin pozulmasından narahat olan dost ölkələrlə təcrübəmizi bölüşməyə hazırıq”, – deyə o əlavə edib.

İran “Starlink”in fəaliyyətindən şikayət edir

Ağamiri İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “SpaceX” və Norveçlə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) dəfələrlə şikayət etdiyini xatırladıb.

“Həm Norveç, həm də “SpaceX” İsrail və ABŞ-nin İrana qarşı müharibəsi zamanı peyklərdən komandanlıq, idarəetmə və kəşfiyyat məqsədləri üçün istifadə edildiyini etiraf ediblər. Onlar ITU-nun İranın xeyrinə çıxardığı qərarlara məhəl qoymayıblar”, – deyə o iddia edib.

Şimali Avropanın aparıcı peyk operatoru olan “Space Norway” 2025-ci ilin iyununda “SpaceX” şirkətinin “Starlink” şəbəkəsi ilə müqavilə imzaladığını açıqlamışdı. Razılaşma aşağı Yerətrafı orbitdə peyk rabitəsi xidmətlərinin göstərilməsini nəzərdə tutur.

İran Xarici İşlər Nazirliyi “Starlink”in fəaliyyətinə rəsmi etiraz bildirmək üçün Norveçin səfiri Pol Byornestadı nazirliyə çağırıb.

Ötən həftə yayılan bəyanatda Tehran Oslonu İran ərazisində “Starlink”in qanunsuz fəaliyyəti ilə bağlı tədbir görməməkdə ittiham edib.

“Norveç hökuməti “Starlink”in İran ərazisində icazəsiz yayımının qarşısını almaq üçün lazımi addımlar atmalıdır. Rəsmi müraciətlərimizə baxmayaraq, Oslo heç bir təsirli tədbir görməyib”, – deyə bəyanatda vurğulanıb.

Tehran kibertəhdidlərə qarşı yerli texnologiyadan istifadə etdiyini bildirir

Ağamiri İranın hərbi əməliyyatları, iqtisadi təzyiqləri və kiberhücumları əhatə edən hibrid müharibə ilə üzləşdiyini deyib.

O, hərbi əməliyyatlardan əvvəl kütləvi kiberhücumların baş verdiyini və bu təhdidlərin yerli texnologiyalar vasitəsilə uğurla dəf olunduğunu iddia edib.

“Ciddi təhdidlər və beynəlxalq bağlantılarda fasilələr zamanı mülki əhalinin xidmətlərə çıxışını təmin etmək üçün Milli İnformasiya Şəbəkəsini fəal şəkildə inkişaf etdiririk”, – deyə Ağamiri bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik təhdidlərinə baxmayaraq, rabitə infrastrukturu bank və təhsil kimi həyati əhəmiyyətli mülki xidmətlərin göstərilməsini təmin etməyə davam edib.

“İnformasiya və kommunikasiya texnologiyaları (İKT) ekosistemimiz 2025 və 2026-cı illərdəki iki hərbi hücum, həmçinin 2026-cı ilin yanvarında çevriliş cəhdi zamanı yaranan fasilələrə baxmayaraq, mülki xidmətlərin göstərilməsini təmin edib”, – deyə o, bu ilin əvvəlindəki iğtişaşları nəzərdə tutaraq bildirib.

“Starlink” hərbi hədəfə çevrilə bilərmi?

Silahlı münaqişələrdə kommunikasiya texnologiyalarının rolu barədə suala cavab verən Ağamiri mülki sistemlərin istifadə formasından asılı olaraq hərbi vasitəyə çevrilə biləcəyini bildirib.

“Döyüş meydanında istifadə olunan hər bir alət və ya texnologiya faktiki olaraq hərbi vasitə sayılır. Şirkətin öz texnologiyasını sülhə, yoxsa müharibəyə xidmət üçün istifadə etməsi onun yanaşmasından asılıdır”, – deyə o qeyd edib.

“Starlink”in İrana qarşı hərbi məqsədlərlə istifadə edildiyi iddiası əsasında “qanuni hədəf” sayılacağı barədə suala Ağamiri birbaşa cavab verməyib.

“Belə hallarla bağlı siyasətimiz texnologiyanın əməliyyat sahəsindəki funksiyasının dəqiq təhlilinə əsaslanır”, – deyə o bildirib.

Teqlər