Əfqanıstan “qaydaları təkrarən pozduğuna” görə BBC-nin FM yayımını dayandırıb

Əfqanıstan “qaydaları təkrarən pozduğuna” görə BBC-nin FM yayımını dayandırıb
Reuters

Əfqanıstan hakimiyyəti diqqətə çatdırıb ki, oktyabrın 13-də ölkə ərazisində BBC FM radiosunun yayımı dayandırılıb. Rəsmi Kabil bu addımı dəqiqləşdirilməyən “təkrar qanun pozuntuları” ilə əsaslandırıb. 

BBC isə problemin həlli və yayımların bərpası üçün yerli rəsmilərlə danışıqlar apardığını bildirib.

İnformasiya və Mədəniyyət Nazirliyi qərarı təsdiqləsə də, nazirliyin sözçüsü Xubeyb Qufran teleşirkətin tam olaraq hansı qaydaları pozduğunu və yayımların nə vaxt bərpa olunacağını açıqlamayıb.

“BBC media qurumunun təkrarən yol verdiyi bəzi pozuntulara görə, onun ölkə üzrə fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına qərar verilib”, – deyə Qufran yerli mediaya bildirib.

2024-cü ilin aprelində nazirlik rəsmiləri BBC-ni əfqanlar arasında nifaq sala biləcək xəbər və şayiələrdən çəkinməyə, ölkənin dini və milli dəyərlərinə hörmətlə yanaşmağa çağırmışdı. Nazirlik son qərarın həmin narahatlıqlarla bağlı olub-olmadığına aydınlıq gətirməyib.

BBC həll yolu axtarır

BBC Əfqanıstan hakimiyyəti ilə təmasda olduğunu vurğulayaraq yayımlarının milyonlarla dinləyici üçün önəmini qeyd edib.

BBC nümayəndəsinin bəyanatında deyilir: “Əfqanıstan üzrə milyonlarla insan dəqiq xəbər və məlumat almaq üçün BBC-yə etibar edir. Biz vəziyyəti tənzimləmək üçün hakimiyyət orqanları ilə birgə işləyirik”.

Yayım qurumunun məlumatına görə, Əfqanıstanda hər həftə təxminən 5,4 milyon insan onun xidmətlərindən istifadə edir ki, bu da ölkənin yetkin əhalisinin beşdə birindən çoxudur.

FM yayımları dayandırılsa da, dinləyicilər puştu, dəri və ingilis dillərindəki proqramları qısadalğalı və ortadalğalı radiolar, peyk və rəqəmsal platformalar vasitəsilə dinləməyə davam edə bilərlər. BBC əfqan auditoriyası üçün puştu dilində yayımlara ilk dəfə 1981-ci ildə başlayıb.

Mətbuata tətbiq olunan məhdudiyyətlər genişlənir

FM yayımının dayandırılması 2021-ci ilin avqustunda keçmiş Əfqanıstan hökumətinin süqutundan sonra “Taliban”ın hakimiyyətə qayıdışı ilə mətbuatın fəaliyyətinə qoyulan sıxlaşdırılmış məhdudiyyətlərin davamıdır.
“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində Əfqanıstanı 180 ölkə arasında 175-ci yerdə qərarlaşdırıb. Təşkilatın məlumatına görə, 2021-ci ilin avqustundan bəri hakimiyyət orqanları jurnalistikaya təsir edən 20-dən çox milli direktiv və müxtəlif əyalət fərmanları qəbul edib.

Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) isə 18 mart 2025 – 17 mart 2026-cı illər arasında jurnalistlərin və medianın hüquqlarının ən azı 207 dəfə pozulduğunu bildirib.

BBC-nin FM yayımlarının nə vaxt bərpa olunacağı hələ ki bəlli deyil.

Teqlər