Birləşmiş Krallıq Ukraynaya 45 milyon funtluq raket yardımı göstərəcək

Birləşmiş Krallıq Ukraynaya 45 milyon funtluq raket yardımı göstərəcək
Birləşmiş Krallığın Baş naziri Endi Börnhem Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayır. London, Birləşmiş Krallıq, 14 oktyabr 2026-cı il.
Reuters

Britaniya Ukrayna Prezidenti Volodimir Zelenskinin Londonda Baş nazir Endi Börnhemlə görüşündən sonra ölkəyə hərbi, enerji və nüvə təhlükəsizliyi sahələrində yeni yardım paketini açıqlayıb.

Börnhem Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün 45 milyon funt sterlinq (59,4 milyon dollar) dəyərində raket veriləcəyini bildirib. Təcili ehtiyacların qarşılanması üçün bu məbləğin 10 milyon funt sterlinqlik (13,2 milyon dollar) hissəsinin ayrılması sürətləndiriləcək.

Birləşmiş Krallıq həmçinin Ukraynaya qış mövsümü üçün 54 milyon funt sterlinq (71 milyon dollar) yardım ayıracaq. Bunun 20 milyon funt sterlinqi (26,4 milyon dollar) enerji sektoruna yönəldiləcək.

Hökumət ötən il Rusiyanın PUA hücumu nəticəsində zədələnmiş Çernobıl Atom Elektrik Stansiyasının qoruyucu örtüyünün təmirinə əlavə 17 milyon funt sterlinq (22 milyon dollar) ayırıb.

Rusiya Ukraynanın enerji obyektlərinə hücumları davam etdirir

Yeni yardım paketi Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə hücumlarını davam etdirdiyi bir vaxtda açıqlanıb.

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya qüvvələrinin Kiyev və Xarkovdakı enerji obyektlərinə zərbələri nəticəsində təxminən 600 min insan elektrik enerjisiz qalıb.

Kiyevə raket hücumu zamanı çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. İki nəfər ölüb, 21 nəfər yaralanıb. İstilik elektrik stansiyası da hücuma məruz qalıb.

Daha sonra Ukraynanın qərbində yerləşən Lutsk şəhərinə hücum nəticəsində altı nəfər həyatını itirib. Yerli rəsmilərin məlumatına görə, anbar və yaşayış binası vurulub.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın rabitə və enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.

Bu hücumlar ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında “enerji atəşkəsi” elan etməsinə baxmayaraq baş verib.

Tramp hər iki tərəfin enerji obyektlərinə hücumları dayandırmağa razılaşdığını və atəşkəsin dərhal qüvvəyə mindiyini bildirib.

Lakin nə Moskva, nə də Kiyev ilkin mərhələdə belə bir razılaşmanın əldə olunduğunu təsdiqləyib.

Zelenski bildirib ki, Rusiya da eyni addımı atarsa, Ukrayna atəşkəsə əməl etməyə hazırdır. O, Moskvanı enerji obyektlərinə hücumları davam etdirərək atəşkəsi pozmaqda ittiham edib.

Zelenski həmçinin bildirib ki, Ukrayna Trampın enerji atəşkəsi ilə bağlı açıqlamasına hörmət əlaməti olaraq Rusiyanın enerji obyektlərinə zərbələr endirmir.

Zelenski ABŞ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb

“Enerji atəşkəsi” ilə bağlı fikir ayrılıqları Kiyev və Vaşinqton arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir.

Tramp Ukraynanı Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa dəfələrlə çağırıb. O, bu zərbələrin ABŞ-də dizel yanacağının bahalaşmasına təsir etdiyini bildirib.

ABŞ Prezidenti həmçinin Ukraynada yeni prezidentin seçilməsinin vaxtı çatdığını bildirib. Zelenski isə ölkəsinə kimin rəhbərlik edəcəyinə Vaşinqtonun qərar verməsi fikrini rədd edib.

Zelenski ABŞ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb. O bildirib ki, Moskva Ukraynanın enerji infrastrukturuna hücumları dayandırarsa, Kiyev də Rusiyanın neft emalı zavodlarını hədəfə almayacaq.

Trampın enerji atəşkəsi ilə bağlı açıqlamasından əvvəl iki ölkə arasında gərginlik daha da artıb.

“Financial Times” Avropa və Ukrayna rəsmilərinə istinadən yazıb ki, Vaşinqton Kiyevi Rusiyanın neft emalı zavodlarına hücumları davam etdirməməsi barədə xəbərdar edib.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Kiyev və Avropa paytaxtları ilə əlaqə saxlayaraq hücumlar davam edərsə, Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını və ABŞ silahlarının alınmasını təmin edən PURL mexanizmini dayandırmaqla hədələyiblər.

“Reuters” bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib. Ağ Ev isə agentliyin şərh sorğusuna dərhal cavab verməyib.

“Starlink” məhdudiyyətləri Ukraynanın PUA əməliyyatlarına təsir göstərib

Kiyev “SpaceX” şirkətinin idarə etdiyi “Starlink” peyk rabitə sisteminin hərbi məqsədlərlə istifadəsində fasilələr yarandığını bildirib.

Ukrayna rəsmilərinin sözlərinə görə, sistemə tətbiq edilən məhdudiyyətlər bəzi hərbi əməliyyatlara, o cümlədən PUA-ların idarə olunmasına təsir göstərib.

Zelenski bildirib ki, Rusiya yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Çünki Ukraynanın düşmən PUA-larını zərərsizləşdirmək üçün istifadə etdiyi dronlar “Starlink” bağlantısından böyük ölçüdə asılıdır.

“SpaceX” şirkətinin rəhbəri İlon Mask “X” platformasında bildirib ki, “Starlink”in sürətinə və istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı qərarları ABŞ ordusu qəbul edir, son söz isə ölkə prezidentinə məxsusdur.

Bu vəziyyət Kiyevdə ABŞ-nin hərbi dəstəyinin etibarlılığı ilə bağlı narahatlıqları artırıb.

Britaniya yeni hərbi yardımla yanaşı, müttəfiqlərini Rusiyaya təzyiqi davam etdirməyə çağırıb.

Britaniyanın maliyyə naziri Con Hili Rusiyanın “kölgə donanması”na xidmət göstərən gəmiçilik şirkətlərinə qarşı məhdudiyyətlərin sərtləşdirilməsini istəyib.

Börnhem də nazirlərə Rusiyaya qarşı əlavə sanksiyalar, Ukraynaya hərbi və maliyyə yardımı ilə bağlı yeni təkliflər hazırlamağı tapşırıb.

Britaniya hökumətinin məlumatına görə, Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan bəri London Kiyevə ümumilikdə təxminən 25 milyard funt sterlinq (33 milyard dollar) yardım göstərməyi öhdəsinə götürüb.

Teqlər