Pakistanda məktəbin damı çöküb: azı 33 nəfər ölüb

Pakistanda məktəbin damı çöküb: azı 33 nəfər ölüb
Pakistanda məktəbin damının çökməsindən sonra yerli sakinlər və xilasedicilər təcili yardım maşınının ətrafına toplaşıblar. Pişəvər, 15 oktyabr 2026-cı il.
Reuters

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində yerləşən özəl “Əl-Xeyr” məktəbində dərs zamanı binanın damının uçması nəticəsində ən azı 32 şagird və bir müəllim həlak olub. Hadisə zamanı 20 nəfər xəsarət alıb. 

Xilasetmə əməliyyatları davam etdiyi üçün yerli hakimiyyət orqanları ölənlərin sayının artacağını istisna etmirlər.

Hadisə Pişəvərin Dir Koloniyası məhəlləsində baş verib. Rəsmilərin verdiyi məlumata görə, həlak olanların əksəriyyəti 13 yaşdan kiçik uşaqlardır.

“Ledi Redinq” Xəstəxanasının sözçüsü Məhəmməd Asim bildirib ki, həlak olanların böyük hissəsi tibb müəssisəsinə çatdırılmazdan əvvəl həyatını itirib.

“Həlak olanlar arasında 12 qız şagird və bir qadın müəllim var”, – deyə Asim qeyd edib.

Xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, üst mərtəbənin damı birinci mərtəbənin tavanının üzərinə çöküb. Nəticədə iki mərtəbəli konstruksiya dağılaraq aşağıda dərsdə olan şagirdlərin üzərinə uçub.

Məktəb damının çökməsindən sonra xilasedici sinif otağında dayanıb. Pişəvər, Pakistan, 15 oktyabr 2026-cı il.
Reuters

Hadisə yerindən yayımlanan televiziya görüntülərində xilasedicilərin dağıntılar altından qan içində olan yaralı uşaqları çıxardığı və əraziyə çoxlu təcili tibbi yardım maşınının cəlb olunduğu görünür.

“İndiyədək dağıntılar altından ən azı 45 uşağı çıxarmışıq”, – deyə fövqəladə hallar zabiti İftixar Xan bildirib. O, xilasetmə işlərinin davam etdiyini və dağıntılar altında daha çox uşağın qala biləcəyini vurğulayıb.

Fövqəladə Hallar Departamentinin regional direktoru Arif Xəttakın sözlərinə görə, hadisə yerli vaxtla saat 08:48-də baş verib və xilasetmə əməliyyatı 4–5 saat davam edib.

Polis əməkdaşları və hərbçilər Pişəvər şəhərindəki xəstəxana morqunda məktəb damının çökməsi hadisəsi ilə bağlı toplaşıblar. Pakistan, 15 oktyabr 2026-cı il.
Reuters

“Məktəbin binası zəif konstruksiyaya malik idi”, – deyə Pişəvər polis rəisi Mian Səid bildirib. “Zəif tikilinin üzərində əlavə tikinti işləri aparılaraq dam həddindən artıq ağırlaşdırılıb və bu da uçquna səbəb olub”.

Səid məktəb sahibinin həbs edildiyini və faktla bağlı araşdırmaya başlanıldığını bildirib.

Həlak olanların yaxınları ədalət tələb edir

Pakistanda məktəb binasının damının uçması nəticəsində həlak olan şagirdlərin yaxınları məktəb rəhbərliyini binanın təhlükəli vəziyyətdə olması ilə bağlı xəbərdarlıqlara məhəl qoymamaqda ittiham edərək məsuliyyət daşıyanların cəzalandırılmasını tələb ediblər.

“Onlara elə bir cəza verilsin ki, hamıya dərs olsun və heç kim şərait yaratmadan, sırf pul qazanmaq xatirinə məktəb açmağa cəsarət etməsin”, – deyə faciə zamanı iki bacısı oğlunu itirən Məhəmməd Zaman bildirib.

Bundan əvvəl polis rəisi Səid bildirmişdi ki, hadisə zamanı üç sinifdə olan 110 şagirddən yalnız 47-si xilas edilib. Bu səbəbdən həlak olanların sayının arta biləcəyindən ehtiyat edilir.

Xilasedicilər məktəb damının çökməsindən sonra sağ qalanları axtarırlar. Pişəvər, Pakistan, 15 oktyabr 2026-cı il.
Reuters

Məktəb rəhbərliyi hələlik heç bir açıqlama verməyib.

Baş nazir Şahbaz Şərif faciə ilə bağlı kədərini ifadə edib və həlak olanların ailələrinə başsağlığı verib.

Teqlər