Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Azərbaycan oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına ev sahibliyi edir. Sammit ərəfəsində Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması ilə bağlı razılıq əldə olunub.
AQEM Katibliyinin məlumatına görə, sammitdə dövlət başçılarının müzakirəsinə təqdim olunacaq Bakı Bəyannaməsinin və əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyanatın layihələri də yekunlaşdırılıb.
Hazırlıq çərçivəsində daha iki mühüm addım atılıb. Laos AQEM-in təsis sənədlərini imzalayaraq təşkilatın 29-cu üzvü olmaq istiqamətində addım atıb. Kamboca isə AQEM Katibliyinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan ratifikasiya prosesini tamamlayıb.
Müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına malik ölkələrin liderlərinin Bakıda bir araya gəlməsi Azərbaycanı regional əməkdaşlıq və təhlükəsizlik müzakirələrinin mərkəzinə çevirir.
Bu, Asiya ölkələri arasında dialoq və əməkdaşlığı gücləndirmək, qarşılıqlı etimadı artırmaq, sülhü və sabitliyi təşviq etmək məqsədilə yaradılmış çoxtərəfli platformadır.
Hərbi ittifaqlardan fərqli olaraq, AQEM üzv dövlətlərə kollektiv müdafiə zəmanəti vermir. Onun əsas məqsədi maraqları fərqli olan ölkələr arasında ünsiyyəti, etimadı və əməkdaşlığı inkişaf etdirməkdir.
AQEM Katibliyinin məlumatına görə, təşkilatın 28 üzv dövləti Asiyan ərazisinin və əhalisinin təxminən 90 faizini əhatə edir.
Təşkilatın daimi Katibliyi Qazaxıstanın paytaxtı Astanada yerləşir.
AQEM-in yaradılması təşəbbüsünü ilk dəfə 1992-ci il oktyabrın 5-də Qazaxıstanın o vaxtkı Prezidenti Nursultan Nazarbayev BMT Baş Assambleyasında irəli sürüb.
Təşəbbüsün məqsədi Asiyada təhlükəsizlik məsələlərinin dialoq yolu ilə həlli üçün regional platforma yaratmaq idi. Həmin dövrdə qitə miqyasında belə bir mexanizm mövcud deyildi.
1999-cu il sentyabrın 14-də Qazaxıstanın Almatı şəhərində AQEM-in üzv dövlətləri arasında münasibətlərin əsas prinsiplərini müəyyən edən bəyannamə qəbul olunub.
AQEM-in ilk Zirvə Toplantısı 2002-ci ildə keçirilib. Həmin sammitdə təşkilatın məqsədlərini və fəaliyyət prinsiplərini müəyyən edən Almatı Aktı qəbul olunub.
2004-cü ildə üzv dövlətlər AQEM-in Etimad Quruculuğu Tədbirləri Kataloqunu təsdiqləyiblər. 2006-cı ildə isə təşkilatın fəaliyyətini əlaqələndirmək üçün daimi Katiblik yaradılıb.
Növbəti mühüm mərhələ 2022-ci ildə Astanada keçirilən 6-cı Zirvə Toplantısı olub. Həmin görüşdə liderlər AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinə başlamaq barədə qərar qəbul ediblər.
AQEM-in 28 üzv dövləti Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Cənubi Asiya, Şərqi Asiya və Cənub-Şərqi Asiya regionlarını əhatə edir.
Üzv ölkələr bunlardır:
Əfqanıstan, Azərbaycan, Bəhreyn, Banqladeş, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Qətər, Cənubi Koreya, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam.
Təşkilatın fəaliyyətində müşahidəçi dövlətlər və beynəlxalq təşkilatlar da iştirak edirlər.
Ərazisinin ən azı bir hissəsi Asiyada yerləşən ölkələr AQEM-ə üzv ola bilərlər.
Oktyabrın 14-də Laos AQEM-in iki əsas təsis sənədini — 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə”ni və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı”nı imzalayıb.
Bundan əvvəl ölkə müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçmək niyyətini açıqlamışdı. Proses artıq tamamlanıb və Laos AQEM-in 29-cu üzvü ol.
AQEM-də qərarlar konsensus əsasında qəbul olunur. Yəni qərarın qəbul edilməsi üçün səs çoxluğu deyil, bütün üzv dövlətlərin razılığı tələb olunur.
Təşkilatın ən yüksək qərarverici orqanı dövlət və hökumət başçılarının Zirvə Toplantısıdır. Burada əsas prioritetlər müəyyən edilir və görülən işlər qiymətləndirilir.
Sammitlər arasındakı dövrdə əməkdaşlıq məsələləri xarici işlər nazirləri, yüksəkvəzifəli rəsmilər və işçi qrupları tərəfindən əlaqələndirilir.
AQEM-in fəaliyyəti beş əsas sahəni əhatə edir: iqtisadi əməkdaşlıq, ekoloji məsələlər, insan inkişafı, yeni yaranan təhdidlər və hərbi-siyasi sahədə etimadın möhkəmləndirilməsi.
Əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, terrorizmlə mübarizə, fövqəladə halların idarə olunması, ticarət və investisiyalar kimi məsələlər də nəzərdən keçirilir.
Azərbaycan AQEM-in təsisçi üzvlərindən biridir və hazırda təşkilata sədrlik edir.
Azərbaycanın sədrliyi “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” mövzusu üzrə həyata keçirilir. Ölkə üzv dövlətlər arasında etimad quruculuğu tədbirlərinin gücləndirilməsini və praktiki əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Bakı həmçinin AQEM-in beynəlxalq təşkilata transformasiyası prosesində iştirak edir.
Oktyabrın 14-də AQEM-in Yüksək Səviyyəli Şəxslər Komitəsinin iclasında Azərbaycanın 2026–2028-ci illərdə təşkilata sədrliyinin davam etdirilməsinə dair qərar layihəsi razılaşdırılıb.
Azərbaycan həmçinin səfir Sultan Hacıyevin 2026–2030-cu illərdə AQEM-in Baş katibi vəzifəsinə namizədliyini irəli sürüb. Onun təyinatı ilə bağlı yekun qərar gözlənilir.
Təyinat təsdiqlənərsə, Sultan Hacıyev AQEM Katibliyinə altı ildir rəhbərlik edən Kayrat Sarıbayı əvəz edəcək.
Sammit ərəfəsində Prezident İlham Əliyev Bakıya gələn bir sıra dövlət başçıları və yüksəkvəzifəli rəsmilərlə görüşüb.
Onların arasında İsrail Prezidenti İsxak Hersoq, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Vyetnamın Vitse-prezidenti Vo Thi An Suan da var.
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini də qəbul edib. Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının inkişafı və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirib. O, Azərbaycanın 2026–2028-ci illərdə də təşkilata sədrliyini davam etdirməsini ölkəyə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib.
AQEM-in fəaliyyəti yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Təşkilat iqtisadi əməkdaşlıq, nəqliyyat infrastrukturu və regional əlaqələrin inkişafına da diqqət yetirir.
Bu baxımdan AQEM Azərbaycanın Orta Dəhlizdəki mövqeyi üçün də əhəmiyyət daşıyır.
Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropa ilə birləşdirən ticarət marşrutudur.
Azərbaycanın limanları, Gürcüstan və Türkiyə ilə dəmir yolu əlaqələri Asiya ilə Avropa arasında alternativ ticarət marşrutlarının inkişafında mühüm rol oynayır.
Yerli medianın məlumatına görə, sammit ərəfəsində keçirilən diplomatik görüşlərdə nəqliyyat, bərpaolunan enerji və ticarət sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub.
Azərbaycan üzərindən nəqliyyat əlaqələrinin genişləndirilməsi Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxış imkanlarını artıra bilər.
Lakin diplomatik müzakirələr yeni investisiyaların cəlb olunacağına və ya nəqliyyat dəhlizlərinin tam fəaliyyət göstərəcəyinə zəmanət vermir. Bunun üçün infrastrukturun inkişafı, kommersiya sazişləri və davamlı siyasi əməkdaşlıq vacibdir.
Sammitdə oktyabrın 14-də yüksəkvəzifəli rəsmilər tərəfindən yekunlaşdırılmış Bakı Bəyannaməsinin layihəsinə və əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyanata baxılması gözlənilir.
Sultan Hacıyevin Baş katib təyin olunmasına dair qərar layihəsi də yekun təsdiqini gözləyir.
Bundan başqa, Kamboca AQEM Katibliyinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını tamamlayıb.
Oktyabrın 14-də ratifikasiya sənədinin təqdim edilməsi ilə konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan şərtlər yerinə yetirilib. Sənəd həmin tarixdən 30 gün sonra qüvvəyə minəcək.
Konvensiya AQEM Katibliyinin və onun nümayəndələrinin hüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyən edir.
Azərbaycan üçün Bakı sammiti üç əsas istiqamətdə əhəmiyyət daşıyır: təşkilat daxilində mövqeyini gücləndirmək, Asiya ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək və regional diplomatik, iqtisadi əlaqələrdə birləşdirici rolunu möhkəmləndirmək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın