Dünyanın ən qədim gəmi qalıqları Türkiyə sahillərində aşkar edilmiş ola bilər

Türkiyənin cənub sahillərində bu günə qədər məlum olan ən qədim batmış gəminin qalıqlarının tapıldığı ehtimal edilir. Arxeoloq, professor Hakan Öniz yaşayış olmayan Kekova adası yaxınlığındakı gəmi qalıqları arasında tapılan amforaların bu ehtimalı irəli sürməyə əsas verdiyini bildirib.

Amfora ikiqulplu antik keramika qabıdır. Professor Öniz bildirib ki, bu amforaların Erkən Tunc dövrünə – 4 400 - 4 700 il əvvələ aid olduğu təxmin edilir. O, qabların formasının Aralıq dənizinin şərqindəki Levant bölgəsində istehsal edilən nümunələrlə uyğun gəldiyini vurğulayıb.

“Bunun məlum olan ən qədim gəmi qəzası olduğunu anlayanda hisslərimizi ifadə etmək çətin idi”, – deyə o qeyd edib.

Keramika qablar İordan vadisinə aid edilə bilər

Gilin analizi qabların İordan vadisi mənşəli olduğunu göstərib. Professor əlavə edib ki, amforaların üslubu və bəzəkləri onların indiki Qəzza, İsrail və Livan sahillərindəki emalatxanalarda hazırlandığına işarə edir.

Professor Öniz oxşar Levant amforalarının əvvəllər Misirdə, piramidaların yaxınlığında da tapıldığını və Kekovadakı nümunələrlə böyük oxşarlıq təşkil etdiyini bildirib.

Analoji qablar həmçinin indiki Çanaqqala ərazisində yerləşən Troyada və Krit adasında aşkar edilib. Professor Önizin sözlərinə görə, bu fakt gəminin həmin istiqamətlərdən birinə doğru üzdüyünü göstərə bilər. Amforalardan şərab və ya zeytun yağı daşımaq üçün istifadə edildiyi ehtimal olunur.

Türkiyə Mədəniyyət Nazirliyinin təqdim etdiyi sualtı görüntülərdə arxeoloqların dəniz dibində, amforaların hələ də aydın göründüyü ərazidə işlədiyi əks olunub.

Teqlər