İranda müharibənin izləri: AnewZ hadisə yerində

İranda müharibənin izləri: AnewZ hadisə yerində
İranın Mərkəzi ostanında müharibə zamanı dağıdılmış bina. 15 oktyabr 2026-cı il.
Touraj Shiralilou/AnewZ

İran hakimiyyəti ABŞ və İsrailin hücumları nəticəsində zərər görmüş yaşayış binaları və sənaye obyektlərinin bərpasının davam etdiyini bildirib.

İranın Mərkəzi ostanının valisi Mehdi Zəndiyə-Vəkili oktyabrın 15-də keçirdiyi mətbuat konfransında jurnalistlərə bölgədə aparılan bərpa işləri barədə məlumat verib.

“ABŞ və İsraillə müharibə zamanı dağıdılmış yaşayış binaları ilə sənaye obyektlərinin böyük hissəsi dövlət və özəl sektorun vəsaiti hesabına bərpa edilib”, – vali bildirib.

Onun sözlərinə görə, müharibə zamanı ostan ərazisində 3 min yaşayış binası hücuma məruz qalıb. Vali həmin binaların heç birindən müdafiə məqsədilə istifadə olunmadığını vurğulayıb.

İranın Mərkəzi ostanında müharibə zamanı dağıdılmış bina. 15 oktyabr 2026-cı il.
Touraj Shiralilou/AnewZ

“2025 və 2026-cı illərdə baş verən müharibələrdə həlak olan 200 nəfərin 90 faizi mülki şəxslər olub. Onların yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edib”, – Zəndiyə-Vəkili deyib.

Valinin məlumatına görə, 233 sənaye obyektinə hücum edilib. Hədəflər arasında az sayda hərbi obyekt də olub.

O, bu açıqlamaları xarici media nümayəndələrinin ostana səfəri zamanı verib. Səfər çərçivəsində jurnalistlər müharibədə zərər görmüş yaşayış ərazilərinə və sənaye obyektlərinə baş çəkiblər.

İranın Mərkəzi ostanının valisi Mehdi Zəndiyə-Vəkili jurnalistlərə açıqlama verir. 16 oktyabr 2026-cı il.
Touraj Shiralilou/AnewZ

Mərkəzi ostanındakı Xondab ağır su nüvə reaktoruna endirilən zərbə ilə bağlı sualı cavablandıran Zəndiyə-Vəkili bildirib ki, hücum zamanı reaktor fəaliyyət göstərməyib.

“Reaktor hücuma məruz qalanda fəaliyyətdə deyildi və xoşbəxtlikdən, radiasiya riski olmayıb”, – vali qeyd edib.

İran rəsmiləri 2026-cı ildə bu nüvə obyektinə endirilən zərbəni pisləyiblər. Onlar bildiriblər ki, obyekt BMT-nin yoxlama rejimi çərçivəsində nəzarətdə saxlanılmasına baxmayaraq, hücuma məruz qalıb.

Teqlər