Günün icmalı: Qarabağdan son xəbərlər

Günün icmalı: Qarabağdan son xəbərlər
Xudavəng monastır kompleksi. Kəlbəcər, Azərbaycan.
AnewZ

AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Bu dəfə Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfəri, bölgədə aparılan bərpa-quruculuq işləri, Bakıda keçirilən beynəlxalq sərgilər, “44” filminin premyerası və siyasi gündəmin əsas hadisələri diqqət mərkəzindədir.

Xarici turistlər Qarabağın tarixi irsi və bərpa işləri ilə tanış olublar

13 ölkədən 40-a yaxın səyahətçi Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfərini başa vurub.

“Most Traveled People” (MTP) beynəlxalq səyahətçilər klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi qrup Azıx mağarası, Şuşa, Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla, bir sıra tarixi məkanları ziyarət edib.

Səyahətçilər Zəngilanda aparılan bərpa-quruculuq işləri, Horadiz–Ağbənd dəmir yolunun tikintisi və Cəbrayılda davam edən minatəmizləmə işləri ilə də tanış olublar. Onlara bölgənin tarixi-mədəni irsi və həyata keçirilən yenidənqurma layihələri barədə məlumat verilib.

Bu, 2021-ci ildən bəri beynəlxalq səyahətçilər klublarının Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi 17-ci səfər olub.

Bakıda 6-cı “Rebuild Karabakh” sərgisi keçirilir

Oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində Qarabağın bərpasına həsr olunmuş 6-cı “Rebuild Karabakh” sərgisi keçirilir.

Sərgi Qarabağda aparılan yenidənqurma işlərində iştirak edən şirkətləri bir araya gətirir. Tədbirdə infrastrukturun inkişafı, investisiya və biznes tərəfdaşlığı imkanları, eləcə də tikinti, nəqliyyat, energetika və ətraf mühitin bərpası sahələrində layihələr təqdim olunur.

Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgidə işgüzar görüşlər təşkil olunur, şəhərsalma, bərpa-quruculuq və mədəni irsin qorunması məsələləri müzakirə edilir.

“44” bədii filminin Bakıda premyerası olub

2020-ci il Qarabağ müharibəsindən bəhs edən “44” bədii filminin premyerası oktyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn film müharibə zamanı hərbçilərin və mülki şəxslərin yaşadıqlarından bəhs edir.

Beş il ərzində 130-dan çox məkanda çəkilən filmdə azərbaycanlı aktyorlarla yanaşı, türkiyəli aktrisa Özge Gürel də rol alıb.

Film oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş etdirilir.

Xəzər İnşaat Həftəsində Qarabağın inkişafı müzakirə olunur

Bakıda keçirilən Xəzər İnşaat Həftəsi 200-dən çox yerli və xarici şirkəti bir araya gətirib. Tədbirdə tikinti sektorunun inkişafı və regionlarda yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunur.

İştirakçılar rəqəmsal medianın, təhsilin və innovasiyaların Qarabağın bərpasına və uzunmüddətli inkişafına necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparıblar.

Müzakirələrdə dezinformasiya ilə mübarizənin, etibarlı məlumatların yayılmasının və gənclərin bölgənin gələcək inkişafında iştirakının vacibliyi də vurğulanıb.

Tədbir oktyabrın 16-da başa çatır.

Prezident İlham Əliyev AQEM-in VII Zirvə Toplantısında 44 günlük Vətən müharibəsindən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan ərazilərinin işğaldan azad olunmasından danışıb.

Dövlət başçısı 2020-ci ilin iyul və avqust aylarında Ermənistanla Azərbaycan arasında baş verən hərbi gərginliyi xatırladaraq 44 günlük Vətən müharibəsindən əvvəlki hadisələrə toxunub.

Prezident bildirib ki, müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhər və kəndi işğaldan azad edib.

44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla başa çatıb.

Teqlər