Paşinyan Azərbaycanla ekoloji əməkdaşlıq imkanlarından danışıb

Paşinyan Azərbaycanla ekoloji əməkdaşlıq imkanlarından danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan COP17 Liderlər Sammitində iştirak edir. İrəvan, Ermənistan, 16 oktyabr 2026-cı il.
Official website of the President of Iran

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, biomüxtəlifliyin qorunması Azərbaycan və digər qonşu ölkələrlə əməkdaşlığın güclənməsinə töhfə verə bilər.

Paşinyan İrəvanda COP17 ərəfəsində keçirilən “Təbiət naminə liderlər” sammitində Azərbaycanla uzun illər davam edən münaqişənin ətraf mühitə təsirindən danışıb və regional ekoloji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“Biz münaqişənin ölkəmizin biomüxtəlifliyinə təsirini aydın görürük”, – Paşinyan sammit çərçivəsində keçirilən müzakirədə bildirib.

Münaqişənin biomüxtəlifliyə təsiri

Paşinyanın sözlərinə görə, münaqişə və ondan sonra baş verən enerji böhranı Ermənistanın ətraf mühitinə ciddi ziyan vurub. Minlərlə hektar meşə sahəsi qırılıb, geniş yayılmış qanunsuz balıq ovu isə Sevan gölündə balıq ehtiyatlarını tükənmək həddinə çatdırıb.

O bildirib ki, sərhəd bölgələrində hərbi istehkamların plansız tikilməsi canlıların təbii yaşayış mühitinə ziyan vurub və biomüxtəliflik üçün əlavə təhlükələr yaradıb.

Baş nazir qeyd edib ki, müdafiə məqsədilə meşələrin qırılması və hərbi infrastrukturun qurulması ekosistemlərə mənfi təsir göstərir. Minalar da vəhşi heyvanlar üçün ciddi təhlükə yaradır. Onların partlaması nəticəsində heyvanlar tələf olur.

Paşinyan vurğulayıb ki, silahlı münaqişələrin ətraf mühitə vurduğu ziyan dövlət sərhədləri ilə məhdudlaşmır. Münaqişələr qonşu ölkələrin təbiətin mühafizəsi sahəsində əməkdaşlığını da çətinləşdirir.

Azərbaycanla ekoloji əməkdaşlıq

Azərbaycanla münasibətlərə toxunan Paşinyan bildirib ki, Azərbaycanla paraflanmış sülh sazişi ratifikasiya edildikdən sonra ətraf mühitin mühafizəsi ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər.

“Ekoloji məsələlər sülh prosesinin bir hissəsidir. Azərbaycanla paraflanmış sülh sazişi ratifikasiya edildikdən sonra bu məsələlər daha geniş müzakirə olunacaq”, – o deyib.

Paşinyan ortaq su ehtiyatlarının idarə olunması və biomüxtəlifliyin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının artıq müzakirə edildiyini bildirib.

“Ortaq çaylarımız var. Onlar bir ölkədən başlayaraq digərinin ərazisindən keçir. Biomüxtəliflik ölkələri birləşdirir və bu sahədə əməkdaşlıq üçün geniş imkanlar var”, – Ermənistanın Baş naziri qeyd edib.

Teqlər