canlı SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşərək alovlanıb

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşərək alovlanıb
Hörmüz boğazında gəmilər. Müsəndəm, Oman, 12 oktyabr 2026-cı il.
Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, oktyabrın 18-də axşam saatlarında Hörmüz boğazının cənub hissəsində neft tankeri dəniz minasına düşərək alovlanıb.

⦿ 21:51 | YENİLƏNİB

Husilər Səudiyyə Ərəbistanının enerji və hərbi obyektlərinə hücum etdiklərini iddia edirlər

Reuters

Husilər Səudiyyə Ərəbistanının enerji və hərbi obyektlərinə, eləcə də hava limanlarına zərbələr endirdiklərini bəyan ediblər.

Onların iddiasına görə, Yanbudakı “Aramco” obyekti, Əl-Şeybə neft yatağı, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Əbha hava limanı hədəfə alınıb.

Səudiyyə Ərəbistanı rəsmiləri hələlik bu iddiaları təsdiqləməyiblər.

⦿ 17:30 | YENİLƏNİB

İranın XİN rəhbəri Hörmüz boğazındakı gərginliyə görə ABŞ-ni ittiham edib

Reuters

İranın xarici işlər naziri Abbas Əraqçi regional mübahisələrin diplomatiya və siyasi dialoq yolu ilə həllinə çağırıb. O, ABŞ-ni Hörmüz boğazında təhlükəsizliyin pozulmasına və gərginliyin artmasına səbəb olmaqda ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə çıxışı zamanı Əraqçi regional böhranların diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.

O, Tehranın mövqeyini bir daha ifadə edərək bildirib ki, regionda sabitliyə hərbi təzyiqlə deyil, yalnız dialoq yolu ilə nail olmaq mümkündür.

⦿ 17:00 | YENİLƏNİB

Misir Səudiyyə Ərəbistanına mümkün hərbi yardımla bağlı səsverməni təxirə salıb

Reuters

Misir parlamenti Səudiyyə Ərəbistanından rəsmi müraciət daxil olacağı təqdirdə bu ölkənin müdafiəsinə hərbi yardım göstərilməsinə icazə verilməsi ilə bağlı səsverməni oktyabrın 26-na təxirə salıb.

Səsvermənin əvvəlcə bu həftə keçirilməsi gözlənilirdi. Qərar regionda gərginliyin artdığı və Səudiyyə Ərəbistanı ərazisinə hücumlarla bağlı narahatlıqların gücləndiyi bir vaxta təsadüf edir.

⦿ 16:30 | YENİLƏNİB

Çin İranla görüşdə regional mübahisələrin dialoq yolu ilə həllinə çağırıb

Reuters

Li Çian Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə görüşündə bütün ölkələrin suverenliyinə və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Bu barədə Çin dövlət mediası məlumat yayıb.

“Sinxua” xəbər agentliyinin məlumatına görə, Li Çian bütün tərəfləri regional mübahisələri dialoq və diplomatik yollarla həll etməyə çağırıb.

O, həmçinin Çinin İranla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə və qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

⦿ 16:00 | YENİLƏNİB

Husilər Yəmənin Şəbvə əyalətində hərbi təlim düşərgəsinə hücuma görə məsuliyyəti üzərinə götürüblər

Reuters

Yəməndəki husi hərəkatı Şəbvə əyalətində hökumət qüvvələrinə məxsus hərbi təlim düşərgəsinə hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu barədə hərəkatın yaydığı bəyanatda bildirilib.

Husilərin bu bəyanatı Yəməndə hökumət qüvvələri ilə döyüşlərin şiddətləndiyi bir vaxtda yayılıb. Hazırda ölkənin cənubunda bir neçə istiqamətdə hərbi əməliyyatlar davam edir.

⦿ 15:20 | YENİLƏNİB

Yaxın Şərqdə yeni sülh təşəbbüsləri fonunda qlobal bazarlar bərpa olunur

Anadolu

Oktyabrın 19-da dünya maliyyə bazarları bərpa olunmağa başlayıb. Buna Yaxın Şərqdə yeni sülh planının hazırlanması istiqamətində görülən işlər və Çindən gələn müsbət iqtisadi məlumatlar təkan verib.

Ötən həftə ABŞ-də inflyasiyanın gözləniləndən yüksək olması, Yaxın Şərqdə gərginliyin artması və süni intellektə yatırılan sərmayələrin gəlir gətirəcəyinə dair şübhələr investorların bazarlara inamını zəiflədib.

Süni intellektlə əlaqəli şirkətlərin səhmləri kəskin ucuzlaşıb. Bu isə maliyyə bazarlarında sabitliyin bərpasını çətinləşdirib.

⦿ 13:00 | YENİLƏNİB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana səfər edərək İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparacaq və Prezident Məsud Pezeşkianla görüşəcək.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlarda ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər müzakirə olunacaq.

Nazirlər həmçinin Rusiya və İran prezidentlərinin sentyabrın 1-də Bişkekdə və oktyabrın 8-də Avazada keçirdikləri görüşlərdə əldə olunan razılaşmaların icrasını nəzərdən keçirəcəklər.

⦿ 12:30 | YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron Küveytə səfər edib

Reuters

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 19-da Küveytə səfər edib. Onu Küveyt Beynəlxalq Hava Limanında ölkənin əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah qarşılayıb.

Makron səfər çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərə də gedəcək. Onun Körfəz ölkələrinə səfəri oktyabrın 21-də başa çatacaq.

Fransa Prezidentinin administrasiyasının oktyabrın 14-də yaydığı bəyanata görə, Makron Körfəz ölkələrinin liderləri ilə Hörmüz boğazındakı vəziyyəti və bunun enerji qiymətlərinə təsirini müzakirə etməyi planlaşdırır.

⦿ 11:55 | YENİLƏNİB

Qətər tezliklə yerli müdafiə sənayesi mərkəzinin yaradılmasını elan edəcək

Reuters

Qətər tezliklə ölkədə müdafiə sənayesi məhsullarının istehsalı üzrə mərkəzin yaradılmasını elan edəcək. Bunu Qətərin müdafiə məsələləri üzrə dövlət naziri oktyabrın 19-da Dohada keçirilən Qlobal Təhlükəsizlik Forumunda bildirib.

İranın enerji ehtiyatları ilə zəngin Körfəz ölkələrinə hücumları ilə müşayiət olunan Yaxın Şərq müharibəsi fonunda çıxış edən Şeyx Səud bin Əbdürrəhman Əl Tani ölkəsinin müdafiə sahəsində əməkdaşlığı genişləndirdiyini bildirib.

“Biz yerli müdafiə imkanlarımızı təmin etmək və ya bu sahədə fəaliyyət göstərən şirkətlərə sərmayə yatırmaq məqsədilə regiondakı tərəfdaşlarımızdan biri, eləcə də ABŞ, Böyük Britaniya və Fransa kimi digər tərəfdaşlarla əməkdaşlıq edirik”, – nazir deyib.

⦿ 11:30 | YENİLƏNİB

Pakistanın XİN rəhbəri İran və Misirlə regional vəziyyəti müzakirə edib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar oktyabrın 18-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və misirli həmkarı Bədr Əbdülati ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Tərəflər regiondakı son vəziyyəti və diplomatik səyləri müzakirə ediblər.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Dar Əraqçi ilə söhbətində dialoqun davam etdirilməsinin və problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.

⦿ 11:08 | YENİLƏNİB

“Brent” markalı neftin qiyməti 108 dollardan aşağı düşüb

Ucuzlaşma ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı planlaşdırılan bir sıra sanksiyaların tətbiqini təxirə salmaq qərarından sonra baş verib.

Qərar sanksiyaların qüvvəyə minməsinə bir neçə gün qalmış qəbul edilib. Məhdudiyyətlər arasında Rusiya mallarının və enerji resurslarının alınmasına qarşı tədbirlər də nəzərdə tutulurdu.

Oktyabrın 16-da “Brent” markalı neftin qiyməti qısa müddətə 110 dollara yüksələrək may ayından bəri ən yüksək həddə çatıb.

Qiymət artımına Yaxın Şərqdə gərginliyin güclənməsi, dəniz yollarının təhlükəsizliyi və dünya bazarına enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar səbəb olub.

⦿ 10:30 | YENİLƏNİB

İran XİN rəhbəri İslam Əməkdaşlıq Təşkilatının rolunun artırılmasına çağırıb

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam dünyasının üzləşdiyi problemlərin həllində və fikir ayrılıqlarının aradan qaldırılmasında fəal rol oynamalıdır.

Əraqçi “X” platformasındakı paylaşımında İraqda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının əhəmiyyətini vurğulayıb. Bu toplantı İraqda son 45 ildə ilk dəfə təşkil olunub.

Oktyabrın 17-də Əraqçi İƏT-in baş katibi İsmayıl Vələd Şeyx Əhmədlə də görüşərək təşkilatın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edib.

⦿ 10:20 | YENİLƏNİB

Əraqçi: “Netanyahu ABŞ-ni İranla yeni müharibəyə sürükləyir”

Anadolu

İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 18-də axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahunu həbsdən yayınmaq məqsədilə ABŞ-ni İranla yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib. O, Vaşinqtonu İrana qarşı yenidən hərbi əməliyyatlara başlamaqdan çəkindirib.

“Netanyahu həbsə düşməmək üçün Amerikanı növbəti müharibəyə sürükləyir”, – Əraqçi “X” platformasında yazıb.

İranın xarici işlər naziri Netanyahuya İsrail və ABŞ Prezidenti Donald Tramp üçün mümkün nəticələrin əhəmiyyətli olmadığını iddia edib.

⦿ 08:20 | YENİLƏNİB

Taizdə ərzaq və yanacağın bahalaşması əhali üçün çətinliklər yaradır

Reuters

Yəmənin Taiz şəhərinin sakinləri bildirirlər ki, ərzaq və yanacağın kəskin bahalaşması gündəlik tələbat mallarını almağı çətinləşdirib. Bazarlarda bəzi məhsulların olmasına baxmayaraq, yüksək qiymətlər səbəbindən bir çox ailənin onları almağa imkanı çatmır.
Fevralda ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra regionda gərginlik artıb. Bu fonda Taiz Yəməndə yenidən şiddətlənən vətəndaş müharibəsinin əsas döyüş bölgələrindən birinə çevrilir.

⦿ 07:59  | YENİLƏNİB

ABŞ səfirliyi Yaxın Şərqdəki vətəndaşlarını diqqətli olmağa çağırıb

ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Yaxın Şərqdə yaşayan və səfərdə olan Amerika vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib. Səfirlik regiondakı gərgin təhlükəsizlik vəziyyəti səbəbindən uçuşların ləğv edilə, hava məkanının bağlana və səfərlərdə fasilələr yarana biləcəyi barədə xəbərdarlıq edib. ABŞ vətəndaşları daha diqqətli olmağa çağırılıb.

Bəyanatda bildirilib ki, İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına və digər mühüm infrastruktur obyektlərinə hücumları nəticəsində ölən və yaralananlar olub, aviareyslərin həyata keçirilməsində ciddi fasilələr yaranıb.

“Münaqişə sürətlə genişlənərək hazırkı döyüş bölgəsinin hüdudlarını aşa bilər”, – deyə bəyanatda bildirilib.

⦿ 07:54 | YENİLƏNİB

Səudiyyə Ərəbistanı: Cizanda təhlükə sovuşub

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi ölkənin cənubundakı Cizan şəhərində təhlükənin sovuşduğunu bildirib. Qurum ilkin xəbərdarlıqdan cəmi yeddi dəqiqə sonra təhlükənin aradan qalxdığını açıqlayıb.

Rəsmilər əhalini Mülki Müdafiə İdarəsinin göstərişlərinə əməl etməyə, kütləvi toplaşmalardan və video çəkilişlərdən çəkinməyə çağırıblar.

⦿ 07:47 | YENİLƏNİB

Neft tankeri dəniz minasına düşərək alovlanıb

Anadolu

İranın “Fars” xəbər agentliyi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən xəbər verir ki, tanker Hörmüz boğazından çıxmağa çalışarkən minaya düşüb. Partlayış gəminin mühərrik bölməsində baş verib.

SEPAH-ın məlumatına görə, tanker səfərin əvvəlindən yerini müəyyənləşdirən və istiqamətini göstərən sistemləri söndürülmüş vəziyyətdə hərəkət edib. Daha sonra İranın icazə vermədiyi cənub marşrutu ilə boğazdan keçməyə çalışıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri tankeri İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozmaqda ittiham edib.

Qurum xəbərdarlıq edib ki, Hörmüz boğazında və Fars körfəzində naviqasiya və identifikasiya sistemlərini söndürərək hərəkət edən gəmilərə qarşı sərt tədbirlər görüləcək.

Teqlər