İran və Rusiya regional böhranların diplomatik həllini vacib sayır

İran və Rusiya regional böhranların diplomatik həllini vacib sayır
İran Prezidenti Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşür. Tehran, İran, 19 oktyabr 2026-cı il.
Reuters

İran və Rusiya regionda davam edən böhranın diplomatik yolla həllinin vacibliyini bir daha vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun oktyabrın 19-da Tehrana səfəri zamanı tərəflər siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da bildiriblər.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Moskva regiondakı gərginliyin hərbi yolla aradan qaldırıla bilməyəcəyini düşünür. O, diplomatik və siyasi dialoqun vacibliyini vurğulayıb.

Tehranda Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Əraqçi regionda təhlükəsizliyin pozulmasına görə ABŞ və İsraili günahlandırıb. O, bunu həmin ölkələrin İrana qarşı hərbi əməliyyatları və ölkəyə tətbiq olunan iqtisadi blokada ilə əlaqələndirib.

“Biz bilirik ki, təhlükəsizliyin pozulması ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi təcavüzün birbaşa nəticəsidir”, – Əraqçi deyib.

Nazir müharibə və iqtisadi blokadanın regiondakı qeyri-sabitliyin əsas səbəblərindən olduğunu bildirib.

Əraqçi əlavə edib ki, Tehran və Moskva ABŞ-nin “təcavüzkar birtərəfli siyasətinə” qarşıdır. Onun sözlərinə görə, iki ölkə beynəlxalq münasibətlərdə çoxtərəfliliyi gücləndirmək və beynəlxalq hüququ qorumaq üçün birgə fəaliyyət göstərmək niyyətindədir.

O, xarici hərbi qüvvələrin iştirakı olmadan region ölkələrinin aparıcı rol oynadığı təhlükəsizlik sisteminin yaradılmasına çağırıb.

Lavrov iqtisadi əməkdaşlığın genişləndiyini vurğulayıb

Lavrov Əraqçi ilə danışıqları “səmərəli, açıq və səmimi” adlandırıb, iki ölkə arasında iqtisadi əlaqələrin davamlı şəkildə genişləndiyini bildirib.

“İkitərəfli ticarətdə sürətli və davamlı artım müşahidə edirik”, – Rusiyanın xarici işlər naziri deyib.

O qeyd edib ki, rusiyalı mütəxəssis və ekspertlər İranın cənubundakı Buşəhr Atom Elektrik Stansiyası layihəsində fəaliyyətlərini tədricən bərpa edirlər. Bu da nüvə enerjisi sahəsində əməkdaşlığın davam etdiyini göstərir.

Lavrov karbohidrogenlərin hasilatı və tranziti sahəsində əməkdaşlıq imkanlarına da toxunub. O, Rusiyanın qlobal enerji bazarlarında sabitliyi dəstəklədiyini bildirib.

Səfər çərçivəsində Lavrov İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Görüşdə ikitərəfli münasibətlər, strateji əməkdaşlıq və regiondakı vəziyyət müzakirə olunub.

İran Prezidentinin Administrasiyasının məlumatına görə, Pezeşkian mövcud razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, enerji, nəqliyyat və ticarəti əsas prioritetlər kimi göstərib.

Pezeşkian bildirib ki, Moskvaya planlaşdırılan səfəri xüsusilə enerji, infrastruktur və nəqliyyat sahələrində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə kömək edə bilər.

İran Prezidenti ABŞ və İsrailin ölkəsinə qarşı hərbi əməliyyatlarını da tənqid edib. O, İranın infrastrukturuna hücumların, yüksəkvəzifəli şəxslərin, alimlərin və məktəblilərin öldürülməsinin beynəlxalq normalara zidd olduğunu bildirib.

Pezeşkian münaqişə dövründə göstərdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib. O, qarşılıqlı hörmət, dialoq və əməkdaşlığa əsaslanan regional təhlükəsizlik sisteminin yaradılmasının vacibliyini bir daha vurğulayıb.

İran Prezidenti regiondakı ABŞ hərbi bazalarının gərginliyi və qeyri-sabitliyi artırdığını da bildirib.

Lavrov səfər zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə də danışıqlar aparıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov Moskvanın İran ətrafında yaranmış vəziyyətin nizamlanmasına kömək etməyə hazır olduğunu bir daha bildirib. O, oktyabrın 18-də Bəhreyndə Ərəbistan yarımadası ölkələrinin nümayəndələri ilə apardığı müzakirələr barədə də İran rəsmilərinə məlumat verib.

Teqlər