Gürcüstanın hakim partiyası beş müxalifət partiyasını niyə qadağan etməyə çalışır?

Gürcüstanın hakim partiyası beş müxalifət partiyasını niyə qadağan etməyə çalışır?
Etirazçı hökumət əleyhinə mitinqdə Gürcüstan bayrağını dalğalandırır. Tbilisi, Gürcüstan, 2 fevral 2025-ci il.
Reuters

Batumidə yerləşən Gürcüstan Konstitusiya Məhkəməsi beş müxalifət partiyasının qadağan edilməsi barədə iddiaya baxacaq. Bu siyasi qüvvələrdən dördü 2024-cü il seçkilərində ümumilikdə 784 820 səs (37,79%) toplayıb.

Hakim “Gürcü Arzusu” partiyası və müttəfiqlərinin qaldırdığı iddia təmin olunarsa, həmin seçkilərdə 5 faizlik səddi keçmiş bütün müxalifət qüvvələri qadağan edilə bilər.

Sentyabrda təqdim olunan iddiada “Birlik – Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Gürcüstan üçün” və “Federalistlər”in 2016-cı ildən bəri hakimiyyətin qanuniliyini tanımadığı bildirilir.

İddiaçılar bu qüvvələri konstitusiya quruluşunu zorla devirməyə cəhddə və Konstitusiyanın 23-cü maddəsini pozmaqda ittiham edirlər.

Müxalifət partiyaları saxtakarlıq iddiaları ilə 2024-cü il parlament seçkilərinin nəticələrini tanımayıb və deputat mandatlarından imtina ediblər. Lakin bəziləri 2025-ci ilin oktyabrında mövqeyini dəyişərək parlamentə qayıdıb.

İddia ərizəsində Vahid Milli Hərəkatın (VMH) 2019-cu ildə parlament binasına hücum etdiyi və 2019–2025-ci illərdə altı dəfə dövlət çevrilişinə cəhd göstərildiyi bildirilir. VMH hücumla bağlı ittihamı rədd edir.

İrakli Kobaxidze 2024-cü il parlament seçkilərində “exit-poll” nəticələri açıqlandıqdan sonra çıxış edir. Tbilisi, Gürcüstan, 26 oktyabr 2024-cü il.
Reuters

İttihamlarda partiyanın 2004–2012-ci illərdəki hakimiyyəti dövründə həbsxanalarda insan hüquqlarının pozulması və 2008-ci il Rusiya–Gürcüstan müharibəsi də yer alır. İddiaçılar ortaq mövqelərinə görə bu beş siyasi qüvvəni vahid birlik kimi qiymətləndirirlər.

Hansı partiyalar qadağa ilə üz-üzədir?

Qadağan olunması tələb edilən beş siyasi qüvvə Gürcüstanın əsas müxalifət qruplarıdır və ölkənin Avropaya inteqrasiyasını dəstəkləyirlər:

“Birlik – Milli Hərəkat”: Hazırda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkatın yer aldığı koalisiyadır. 2004–2012-ci illərdə hakimiyyətdə olan VMH korrupsiyaya qarşı mübarizə aparıb və qərbyönümlü xarici siyasət yürüdüb. Partiya 2012-ci il seçkilərində “Gürcü Arzusu”na məğlub olub.

Gürcüstanın həbsdə olan keçmiş prezidenti, VMH-nin təsisçisi Mixeil Saakaşvili videobağlantı vasitəsilə danışır. Tbilisi, Gürcüstan, 27 oktyabr 2023-cü il.
Reuters

“Dəyişiklik üçün Koalisiya”: 2024-cü il seçkiləri ərəfəsində yaradılan liberal, qərbyönümlü koalisiyadır. Seçkilərdə 11% səs toplayıb. Rəhbərlərinin əksəriyyəti keçmiş VMH üzvləridir. Hazırda dörd liderinin hamısı həbsdədir.

“Gürcüstan üçün”: Keçmiş baş nazir Giorgi Qaxariya tərəfindən 2021-ci ildə yaradılıb. Qaxariya 2025-ci ilin noyabrında 2019-cu il etirazlarının zorakılıqla dağıdılması əmrini verməkdə ittiham olunub.

Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan üçün” partiyasının təsisçisi Giorgi Qaxariya. Tbilisi, Gürcüstan, 26 oktyabr 2024-cü il.
Reuters

“Güclü Gürcüstan – Lelo”: 2024-cü il parlament seçkilərində 8,8%, 2025-ci il yerli seçkilərində isə 6,74% səs toplayan liberal koalisiyadır.

“Federalistlər”: Yerli idarəetmə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini müdafiə edən avropayönümlü partiyadır. 2024-cü il seçkilərində iştirak etməyib.

Qadağa ideyası haradan yaranıb?

“Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili 2024-cü il seçki kampaniyası zamanı VMH-ni və onun “peyk partiyaları” adlandırdığı siyasi qüvvələri qadağan edəcəyini, nümayəndələrini isə hərbi cinayətlərə görə məsuliyyətə cəlb etdirəcəyini vəd etmişdi.

“Gürcü Arzusu” partiyasının deputatı Tea Tsulukiani. Tbilisi, Gürcüstan, 16 oktyabr 2015-ci il.
Reuters

2025-ci ilin fevralında parlamentdə araşdırma komissiyası yaradılıb. Komissiyanın avqustda dərc etdiyi hesabatda VMH hakimiyyəti işgəncə, korrupsiya və ölkənin ərazi bütövlüyünə təhlükə yaratmaqda ittiham olunub. Baş nazir İrakli Kobaxidze sentyabrda bildirib ki, qadağanın məqsədi ölkədəki “xarici agent şəbəkəsini” zərərsizləşdirməkdir.

Təklif olunan qadağaya reaksiya necə olub?

Müxalifət nümayəndələri oktyabrın 21–23-də məhkəmədə mövqelərini müdafiə edəcəklər. “Lelo” üzvü Giorgi Sioridze bu təşəbbüsü konstitusiya quruluşuna hücum adlandırıb və ombudsmanı hüquqi rəy verməyə çağırıb.

VMH nümayəndələri isə ölkədə demokratiyanın ləğv olunduğunu və məhkəmənin hakim partiyanın nəzarətində olduğunu bildirirlər.

Gürcüstan parlamentinin üzvləri yeni prezidentin seçilməsi üçün keçirilən iclasda iştirak edirlər. Tbilisi, Gürcüstan, 14 dekabr 2024-cü il.

Avropa Şurasının Venesiya Komissiyası oktyabr hesabatında qeyd edib ki, qadağan olunmuş partiyaların üzvlərinin gələcək siyasi fəaliyyətinə qoyulan məhdudiyyətlər beynəlxalq insan hüquqları standartları baxımından ciddi narahatlıq doğurur.

Bundan sonra nə olacaq?

İşə Batumidə yeddi hakim baxacaq. Əvvəlcə səkkiz hakimin iştirakı gözlənilirdi. Lakin “Gürcü Arzusu”nun həmtəsisçisi olmuş hakim Manana Kobaxidze keçmiş siyasi fəaliyyətinə görə işə baxmaqdan kənarlaşmaq barədə müraciəti rədd edildikdən sonra ötən həftə istefa verib.

Gürcüstan parlamentinin binasının dronla çəkilmiş görüntüsü. Tbilisi, Gürcüstan, 3 dekabr 2024-cü il.
Reuters

Dinləmələr oktyabrın 23-də başa çatacaq. Məhkəmənin yekun qərar vermək üçün 2027-ci il iyunun 24-dək vaxtı var.

Teqlər