BMT: Əfqanıstanda 19 milyondan çox insan qışda aclıq təhlükəsi ilə üzləşə bilər

BMT: Əfqanıstanda 19 milyondan çox insan qışda aclıq təhlükəsi ilə üzləşə bilər
Ümumdünya Ərzaq Proqramından yardım alan şəxs un kisələrinin üzərində oturub. Bamyan vilayəti, Əfqanıstan, 1 yanvar 2026-cı il.
Reuters

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, bu qış Əfqanıstanda 19,2 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Buğda istehsalının artmasına baxmayaraq, bir çox ailənin ərzaq almağa imkanı çatmır.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Olqa Çerevko oktyabrın 20-də Cenevrədə keçirilən BMT brifinqinə Kabildən qoşularaq Əfqanıstanın cənub və şimal-şərq bölgələrinə son səfərləri zamanı müşahidə etdiklərini bölüşüb.

“Əfqanıstandakı vəziyyəti rəqəmlərlə izah edərkən bəzən vacib bir məqam unudulur: məhsul bol olsa da, bazarlarda kifayət qədər ərzaq satılsa da, ailələrin onu almağa imkanı çatmadığı üçün insanlar yenə də ac qala bilər”, – deyə o bildirib.

OCHA-nın məlumatına görə, sentyabr və oktyabr aylarında 15,9 milyon insan ciddi ərzaq çatışmazlığı ilə üzləşib. Onlardan 3,4 milyonu isə fövqəladə səviyyədə ərzaq çatışmazlığı yaşayıb.

Dörd milyondan çox uşağın müalicəyə ehtiyacı olacaq

Çerevko xəbərdarlıq edib ki, noyabrdan aprelədək beş milyon insan fövqəladə səviyyədə ərzaq çatışmazlığı ilə üzləşə bilər. Gələn il isə dörd milyondan çox uşağın kəskin qidalanma pozğunluğuna görə müalicəyə ehtiyacı olacağı gözlənilir.

Humanitar yardıma ayrılan vəsaitin azalması vəziyyəti daha da ağırlaşdırıb. Maliyyə çatışmazlığı səbəbindən qidalanma mərkəzlərinin təxminən üçdə biri bağlanıb və ya fəaliyyətini dayandırıb.

“Bu rəqəmlərin arxasında valideynlərinin kalorili ərzaq almağa imkanı çatmayan uşaqlar dayanır. İllərlə davam edən münaqişələr, iqtisadi çətinliklər, quraqlıq və digər böhranlar isə ailələrin çətinliklərə tab gətirmək imkanlarını tükəndirib”, – deyə Çerevko bildirib.

Buğda istehsalı 13,4 faiz artıb

Aclıq böhranının dərinləşməsinə baxmayaraq, Əfqanıstanın Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyi oktyabrın 20-də ölkədə buğda istehsalının 13,4 faiz artdığını açıqlayıb.

Nazirliyin məlumatına görə, ötən il 4,54 milyon ton olan buğda istehsalı bu il 5,15 milyon tona çatıb.

Lakin ölkənin illik buğda tələbatı 7,09 milyon ton qiymətləndirilir. Bu isə təxminən 1,94 milyon ton çatışmazlıq deməkdir. Tələbatın bir hissəsi idxal hesabına ödənilir.

BMT qışdan əvvəl təcili yardım göstərməyə çağırır

Olqa Çerevko qış başlamazdan əvvəl ehtiyacı olan insanlara təcili yardım göstərilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ailələrin gələcək böhranlara qarşı dayanıqlığını artırmaq üçün kənd təsərrüfatına, dolanışıq imkanlarının yaxşılaşdırılmasına və əsas xidmətlərə daha çox sərmayə qoyulmalıdır.

“Ailələr çətinliklərin öhdəsindən gəlmək üçün bütün imkanlarını tükətməmiş, qış başlamazdan əvvəl tədbir görməliyik”, – deyə BMT sözçüsü bildirib.

Teqlər