Səudiyyə Ərəbistanına hücumlar artır, İran ABŞ-yə xəbərdarlıq edir

Səudiyyə Ərəbistanına hücumlar artır, İran ABŞ-yə xəbərdarlıq edir
Hörmüz boğazında yanan gəmi. Çəkiliş tarixi məlum deyil.
IRNA

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda “Saudi Aramco” əməkdaşlarına qərargahı təxliyə etmək göstərişi verib. Dammam hava limanına hücumda iki nəfər ölüb. SEPAH isə yeddi gəminin vurulduğunu bildirib və ABŞ-yə münaqişənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib.

⦿ 17:37 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında Nəcran bölgəsi üzrə təhlükə xəbərdarlığı ləğv edilib

Reuters

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Nəcran bölgəsində mümkün düşmən hücumu təhlükəsi ilə bağlı erkən xəbərdarlıq yayıb. Bu barədə dövlət mediası məlumat verib.

Daha sonra səlahiyyətli qurumlar təhlükənin sovuşduğunu bildiriblər.

⦿ 17:17 | YENİLƏNİB

“Saudi Aramco” husilərin hücumları fonunda mərkəzi qərargahını təxliyə edir

Reuters

Məsələ ilə tanış olan altı mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi “Saudi Aramco” əməkdaşlarına Dahrandakı mərkəzi qərargahı təxliyə etmək və məsafədən işləmək barədə göstəriş verib.

Qərar husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə və hava limanlarına hücumlarını artırmasından sonra qəbul edilib. Şirkətin mərkəzi qərargahı bu ayın əvvəlində baş verən hücum zamanı ciddi zərər görmüşdü.

Təxliyənin dəqiq səbəbi hələlik məlum deyil. “Saudi Aramco” məsələ ilə bağlı şərh verməyib.

“LSEG” məlumatlarına görə, təxliyə xəbərindən sonra Səudiyyə Ərəbistanının əsas fond indeksi 2,5 faiz geriləyib.

⦿ 16:20 | YENİLƏNİB

Husilər Səudiyyə Ərəbistanındakı hədəflərə hücum etdiklərini iddia edirlər

Reuters

Husilər Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Müdafiə Nazirliyinə, Yanbudakı “Saudi Aramco” obyektlərinə və Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına hücum etdiklərini bildiriblər.

Səudiyyə Ərəbistanı rəsmiləri Dammam hava limanında iki nəfərin həlak olduğunu açıqlayıblar.

Ər-Riyad və Yanbudakı hücumlarla bağlı Səudiyyə Ərəbistanı tərəfindən dərhal heç bir təsdiq verilməyib. Husilərin iddialarını müstəqil şəkildə dəqiqləşdirmək mümkün olmayıb.

⦿ 15:11 | YENİLƏNİB

Husilər Qırmızı dənizdəki ada yaxınlığında Hindistan vətəndaşlarını xilas etməyə çalışırlar

Reuters

Husilər Qırmızı dənizdə yerləşən Zuqar adası yaxınlığında göyərtəsində 14 Hindistan vətəndaşı olan qayığın xilas edilməsi üçün əməliyyat apardıqlarını bildiriblər.

⦿ 13:47 | YENİLƏNİB

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Ər-Riyadda PUA-nı zərərsizləşdirib

Anadolu

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Ər-Riyadda bir dronu vuraraq zərərsizləşdirdiyini açıqlayıb.

Koalisiyanın sözçüsü Turki əl-Maliki “X” sosial şəbəkəsində verdiyi qısa bəyanatda PUA-nın haradan buraxıldığı və hədəfinin nə olduğu barədə ətraflı məlumat vermədən onun vurularaq məhv edildiyini bildirib.

Hadisə Yəməndəki Husi qruplaşması ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya arasında, Səudiyyə Ərəbistanının hava limanları və enerji obyektlərini hədəf alan hücumlar da daxil olmaqla, hərbi əməliyyatların şiddətləndiyi bir vaxta təsadüf edir.

⦿ 13:07 | YENİLƏNİB

Yunanıstan İrana qarşı mövcud sanksiyalara qoşulduğunu bildirib

Reuters

Yunanıstan Maliyyə Nazirliyi İrana qarşı mövcud sanksiyaları tətbiq etdiyini, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə səylərini dəstəklədiyini bildirib.

Bəyanat ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinin adı açıqlanmayan Yunanıstan bankı ilə bağlı araşdırmanı davam etdirmək üçün inzibati çağırış vərəqəsi verməsindən sonra verilib.

⦿ 13:04 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında hava limanına hücumda ölənlərin sayı ikiyə çatıb, səkkiz nəfər yaralanıb

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları oktyabrın 21-də  Kral Fəhd Beynəlxalq Hava Limanına hücum nəticəsində ölənlərin sayının ikiyə çatdığını təsdiqləyib.

Ölkənin Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, həlak olanlardan biri Səudiyyə Ərəbistanı, digəri isə Hindistan vətəndaşıdır. Hücumda səkkiz nəfər yaralanıb. Onların arasında həm yüngül, həm də ağır xəsarət alanlar var.

Hücumu kimin həyata keçirdiyi barədə rəsmi açıqlama verilməyib. İranın dəstəklədiyi husilər son həftələrdə Səudiyyə Ərəbistanındakı hava limanlarını və neft infrastrukturunu dəfələrlə hədəf alıblar.

⦿ 10:48 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında hədəf alınan əsas obyektlər

Anadolu
“Səudiyyə Ərəbistanında hədəf alınan əsas obyektlər” adlı infoqrafika.
Anadolu Agency

⦿ 10:30 | YENİLƏNİB

Səudiyyə Ərəbistanına hücum neft qiymətlərini 2 faizdən çox artırıb

Anadolu

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus Şeybə neft yatağına PUA hücumundan sonra neft qiymətləri 2 faizdən çox artıb. Hücum enerji təchizatında yeni kəsintilərin yaranacağı ilə bağlı narahatlıqları gücləndirib.

“Brent” markalı neftin bir barelinin qiyməti 2,4 faiz artaraq 111,40 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin qiyməti isə 2,22 faiz artaraq 99,30 dollara yüksəlib.

İki nəfərin ölümü ilə nəticələnən hücum Yaxın Şərqdə enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb. Nəticədə neft qiymətləri əvvəlki enişdən sonra yenidən yüksəlib.

⦿ 09:46 | YENİLƏNİB

ABŞ bəzi diplomatlarına Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verib

Reuters

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərində çalışan bəzi diplomatlara və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib. Departament regionun bir sıra digər ölkələrindəki ABŞ nümayəndəliklərinin əməkdaşlarının ailə üzvlərini də geri çağırmağı planlaşdırır.

Qərar Səudiyyə Ərəbistanında hücumların baş verdiyi vaxt qəbul olunub. Dəmmamdakı mülki hava limanına hücum nəticəsində azı bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Neft yatağına dron hücumu nəticəsində isə iki nəfər həyatını itirib.

Dövlət Departamentinin sözçüsü Tommi Piqott “X”də bildirib ki, göstəriş yalnız Səudiyyə Ərəbistanında fövqəladə vəziyyət zamanı fəaliyyəti zəruri sayılmayan ABŞ hökuməti əməkdaşlarına və onların ailə üzvlərinə şamil olunur.

⦿  08:47 | YENİLƏNİB

Əraqçi: “İran diplomatiyanın tərəfdarıdır, lakin özünü müdafiə etməkdən çəkinməyəcək”

İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, ABŞ yenidən diplomatiya əvəzinə hərbi əməliyyatlara üstünlük verərsə, daha böyük strateji uğursuzluqla üzləşəcək. Onun sözlərinə görə, Vaşinqton münaqişəyə son qoyacaq ədalətli və davamlı həllə nail olmaqda səmimi olduğunu göstərərsə, İran diplomatiyaya daha bir şans verməyə hazırdır.

Əraqçi ABŞ Prezidenti Donald Trampın İran barədə yanlış qənaətlərə əsaslandığını da bildirib. O xəbərdarlıq edib ki, həmin səhvin təkrarlanması daha ağrılı nəticələrə gətirib çıxaracaq.

⦿ 08:35 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kral Fəhd hava limanına hücum nəticəsində bir nəfər ölüb

Reuters

Səudiyyə Ərəbistanının Dəmmam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam saatlarında edilən hücum nəticəsində bir sakin ölüb, səkkiz nəfər yaralanıb. Bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, hücumun vurduğu maddi zərər qiymətləndirilir.

⦿  08:30 | YENİLƏNİB

Tramp İranı hərbi və maliyyə baxımından məğlub etdiklərini iddia edib

Anadolu

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranı hərbi və maliyyə baxımından məğlub etdiyini iddia edib. O, Tehranın “heç vaxt nüvə silahına sahib olmayacağını” da bildirib.

Tramp ABŞ-nin Hörmüz boğazını blokadada saxladığını da bildirib və buranı “Tramp boğazı” adlandırıb.

“Meksika körfəzinin adını dəyişdik. Niyə Hörmüz boğazının adını dəyişə bilmərik?” — deyə o əlavə edib.

⦿ 07:52 | YENİLƏNİB

“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələrə hazırlaşır

“The New York Times” qəzeti ABŞ rəsmilərinə və müzakirələr barədə məlumatlandırılmış digər şəxslərə istinadən yazıb ki, ABŞ və İsrail hərbçiləri təlimləri intensivləşdiriblər. Bu çərçivədə zərbə manevrlərini məşq etmək məqsədilə İraq üzərində uçuşlar da həyata keçirilir.

Məlumata görə, İranın nüvə obyektləri, raket və dron arsenalı, eləcə də enerji infrastrukturu hədəfə alına bilər.

Qəzetin yazdığına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset bu həftə İsraildə Baş nazir Benyamin Netanyahu ilə görüşərək mümkün yeni zərbələri müzakirə edib.

İranın nüvə proqramını hədəfə alan planlara ‘Pickaxe Mountain’ adlanan ərazidəki dərin yeraltı obyektə zərbə endirilməsi də daxil ola bilər.

Bununla belə, Trampın bu zərbələrə razılıq verəcəyi hələ qəti deyil. Bildirilib ki, o, bu il genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına dair planları dəfələrlə rədd edib.

Teqlər