İran ABŞ ilə qarşıdurma fonunda mövqeyini vasitəçilərə çatdırıb

İran ABŞ ilə qarşıdurma fonunda mövqeyini vasitəçilərə çatdırıb
Asim Munirin rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti Məsud Pezeşkianla görüşdə. 21 oktyabr 2026-cı il.
Office of the President of Iran

İran bu həftə Pakistanın ordu komandanı, feldmarşal Asim Munirin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfərləri zamanı ABŞ ilə gərginliyin azaldılmasına dair mövqeyini vasitəçilərə çatdırıb.

Görüşlərdə əsasən sanksiyalar, Hörmüz boğazı və İranın mülki nüvə proqramı müzakirə olunub.

“İstənilən danışıqlara başlanmazdan əvvəl ABŞ sanksiyaları ləğv etməli, İrana qarşı təhdid və təzyiqlərə son qoymalıdır”, – İran Prezidenti Məsud Pezeşkian Asim Munirlə görüşdə bildirib.

İran Prezidentinin Administrasiyasının saytının məlumatına görə, Pezeşkian iranlıların ABŞ-yə etibar etmədiklərini deyib. Onun sözlərinə görə, onlar danışıqlar bərpa olunsa belə, Vaşinqtonun yenidən hücuma keçə biləcəyindən ehtiyatlanırlar.

Pakistan İranla ABŞ arasında vasitəçilik edir və iyunda müvəqqəti sülh razılaşmasının imzalanması prosesində iştirak edib. Munir Qətərin irəli sürdüyü gərginliyin azaldılması tədbirlərinin həyata keçirilməsinə dəstək vermək üçün Tehrana səfər edib.

Rəsmi mənbələrə görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf pakistanlı rəsmiyə bildirib ki, İranın ABŞ-yə yeni mesajı yoxdur. Onun sözlərinə görə, Vaşinqton Tehranın etimadını qazanmaq üçün İranın şərtlərini, o cümlədən Hörmüz boğazının yenidən açılması ilə bağlı tələblərini yerinə yetirməlidir.

Qalibaf təhdidlərin və hərbi addımların İranın strateji qərarlarına təsir edə bilməyəcəyini vurğulayıb.

“Yanlış hesablamaları və İrana qarşı müharibəsi ilə bataqlığa düşən Amerika olub. İndi oradan çıxmaq üçün lazımi addımları da özü atmalıdır”, – o deyib.

Həftənin əvvəlində Pezeşkian Tehranda Sergey Lavrovu da qəbul edib. İran Prezidenti görüşdə ABŞ-nin regiondakı hərbi bazalarını “gərginlik, qeyri-sabitlik və təhlükəsizlik problemlərinin mənbəyi” adlandırıb.

Nüvə məsələsi həllini tapmayıb

Tehrandakı görüşlərə dair rəsmi məlumatlara görə, nüvə məsələsi yeni atəşkəs razılaşmasının əldə olunmasına əsas maneələrdən biri olaraq qalır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi heç bir zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılmayacağını bildirib.

WANA xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı deyib: “Zənginləşdirilmiş uran mühüm milli sərvətdir və ölkə daxilində istifadə üçün İranda qalacaq”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də bu həftə keçirdiyi mətbuat brifinqində oxşar mövqe səsləndirib. O, Lavrovla görüşdə nüvə məsələsinin müzakirə olunduğunu təsdiqləyib. Bəqayi İranın nüvə proqramının dinc məqsədlər daşıdığına dair mövqeyindən geri çəkilməsi barədə məlumatları isə rədd edib.

“Prinsipial mövqelərimizdən qətiyyən geri çəkilməmişik. Çünki mövqelərimiz İranın milli maraqlarına uyğundur”, – Bəqayi bildirib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qaşqavi isə nüvə məsələsinin Qərb və ya region ölkələri ilə diplomatik danışıqlarda müzakirə edildiyinə dair məlumatları təkzib edib. WANA-nın məlumatına görə, o, İranın nüvə proqramının hazırda diplomatik gündəmdə olmadığını vurğulayıb.

Pakistanın ordu komandanı Asim Munir də bildirib ki, İran Hörmüz boğazının yenidən açılmasını ABŞ-nin Tehranın açıqladığı yeddi şərti qəbul edib yerinə yetirməsi ilə əlaqələndirir.

Teqlər