Səmərqənddə uşaqların rifahına həsr olunan dünya sammiti keçirilib

Səmərqənddə uşaqların rifahına həsr olunan dünya sammiti keçirilib
Uşaqların Rifahına İnvestisiya üzrə Dünya Sammiti. Səmərqənd, Özbəkistan, 22 oktyabr 2026-cı il.
Reuters

Uşaqların rifahına investisiya qoymaq yalnız məktəblərin və xəstəxanaların maliyyələşdirilməsi ilə məhdudlaşmır. 

Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq sammitdə liderlər və ekspertlər uşaqların həyat şəraitinin yaxşılaşdırılması üçün səhiyyə, təhsil və sosial müdafiə sahələrində əlaqələndirilmiş fəaliyyətə çağırıblar.

Uşaqların Rifahına İnvestisiya üzrə Dünya Sammitində 100-dən çox ölkədən 600-dən artıq nümayəndə iştirak edib. Sammitdə səhiyyə, təhsil, sosial müdafiə, ailələrə dəstək və uşaqların zorakılıqdan qorunması sahələrində birgə fəaliyyətin uşaqların gələcəyinə təsiri müzakirə olunub.

Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı ilə birgə təşkil edilib.

Müzakirələrdə vurğulanıb ki, uşaqların rifahını yaxşılaşdırmaq üçün ayrı-ayrı proqramların həyata keçirilməsi kifayət deyil. Uşaqlara davamlı və səmərəli dəstək göstərilməsi üçün səhiyyə, təhsil və sosial xidmətlər arasında əməkdaşlıq gücləndirilməlidir.

Uşaqların rifahı ilə bağlı çağırışlar

Sammit uşaqların rifahının yaxşılaşdırılması istiqamətində dünyada əldə olunan nəticələrin ölkələr üzrə qeyri-bərabər olması ilə bağlı narahatlıqların artdığı bir vaxtda keçirilib.

BMT rəsmiləri xəbərdarlıq ediblər ki, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyinin fəsadları və beynəlxalq yardımın azalması həssas vəziyyətdə olan uşaqların üzləşdiyi çətinlikləri daha da ağırlaşdırır.

BMT Baş Assambleyasının Prezidenti Xəlilur Rəhman hökumətləri formal prosedurlara deyil, uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına üstünlük verməyə çağırıb.

O, dörd əsas prioritet müəyyənləşdirib: uşaqların maraqlarını formal prosedurlardan üstün tutmaq, xidmətləri onların ehtiyaclarına uyğunlaşdırmaq, ən çox yardıma ehtiyacı olan uşaqlara dəstək göstərmək, siyasi öhdəliklərin yerinə yetirilməsi üçün maliyyə vəsaiti ayırmaq, hesabatlılığı təmin etmək və konkret icra müddətləri müəyyənləşdirmək.

Xəlilur Rəhman bu öhdəliklərin dövlət büdcələrində də əksini tapmasının vacibliyini vurğulayıb.

BMT-nin məlumatları problemin miqyasını da göstərir. Hazırda Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişi qiymətləndirmək mümkün olan 139 hədəfin yalnız 36 faizində nəzərdə tutulan nəticələrə doğru kifayət qədər və ya müəyyən irəliləyiş qeydə alınıb.

Özbəkistanın təcrübəsi diqqət mərkəzində

Özbəkistan sammitdə sosial müdafiə, təhsil və səhiyyə sahələrini gücləndirmək məqsədilə həyata keçirdiyi islahatları təqdim edib.

Ölkənin açıqladığı məlumatlara görə, sosial xidmət növlərinin sayı 26-dan 140-a yüksəlib. Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi isə 2017-ci ildəki 27,7 faizdən 2026-cı ildə 78 faizə çatıb.

Hazırda ölkədə fəaliyyət göstərən 208 “İnson” sosial xidmət mərkəzi və 9 minə yaxın sosial işçi ehtiyacı olan ailələrin müəyyənləşdirilməsinə və onların zəruri xidmətlərdən yararlanmasına kömək edir.

Sammitdə uşaqlarda xərçəng xəstəliklərinin müalicəsi də əsas müzakirə mövzularından biri olub. Tədbir çərçivəsində keçirilən Uşaqlarda Xərçəng Xəstəlikləri üzrə II Beynəlxalq Konqresdə erkən diaqnostikanın, müasir müalicə və reabilitasiya imkanlarının yaxşılaşdırılması, eləcə də müalicədən sonra uşaqların həyat keyfiyyətinin artırılması yolları müzakirə edilib.

Sammitin materiallarına əsasən, Özbəkistanda uşaqlarda xərçəng xəstəliyinə şübhə yarandığı vaxtdan müalicəyə başlanmasına qədər keçən müddət 130–160 gündən 10–18 günə enib. Diaqnoz qoyulduqdan sonra birillik sağqalma göstəricisi isə 37 faizdən 44,5 faizə yüksəlib.

“Dünya uşağın gözü ilə” sərgisi

Sammitdə siyasi qərarlar və statistik göstəricilərlə yanaşı, uşaqların və ailələrin üzləşdiyi müxtəlif çətinliklərə də diqqət yetirilib.

Xərçəng xəstəliyindən sağalmaqda olan uşağın psixoloji dəstəyə, təhsilə və reabilitasiyaya ehtiyacı ola bilər. Zorakılıq riski ilə üzləşən uşağa tibbi, hüquqi və sosial yardım lazım gələ bilər. Yoxsulluq şəraitində yaşayan ailə isə eyni vaxtda bir neçə sosial xidmətdən yararlanmalı ola bilər.

Bu ehtiyacların bir-biri ilə əlaqəsi sammit çərçivəsində təşkil olunan “Dünya uşağın gözü ilə” sərgisində də əksini tapıb.

Sərgidə uşaqların həyatının müxtəlif mərhələləri, o cümlədən ilk 1 000 günün əhəmiyyəti, təhsil, səhiyyə, müdafiə və müstəqil həyata hazırlıq məsələləri təqdim olunub.

Sammitdə beynəlxalq nümayəndələr iştirak ediblər

Sammitdə dövlət rəsmiləri ilə yanaşı, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri də iştirak ediblər.

Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Serbiyanın birinci xanımı Tamara Vuçiç, Livanın birinci xanımı Nehmat Aun və Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva da daxil olmaqla, tədbirə qatılan qonaqları qarşılayıb.

Azərbaycanı sammitdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təmsil edib.

Hollivud aktyoru Səmərqənddə

Tanınmış Hollivud aktyoru Edrien Brodi də Səmərqənddə keçirilən sammitdə iştirak edib.

“Pianoçu” filmindəki roluna görə “Oskar” mükafatına layiq görülən aktyor tədbirdə Şahnoza Mirziyoyevaya özünün çəkdiyi rəsm əsərini təqdim edib.

Bu jest əsasən dövlət siyasəti, investisiyalar və beynəlxalq əməkdaşlığa həsr olunan tədbirə mədəniyyət və incəsənət çalarları da qatıb.

Səmərqənd sammitinin nəticələri

Sammitin sonunda Uşaqların Rifahına İnvestisiya üzrə Səmərqənd Bəyannaməsi qəbul edilib.

Sənəd konkret bir maliyyələşdirmə sazişi deyil, uşaqların həyat şəraitinin yaxşılaşdırılması üçün ortaq prioritetləri və praktiki yanaşmaları müəyyən edir.

Bəyannamənin nəticələri qəbul edilmiş öhdəliklərin icrasından və uşaqların rifahının yaxşılaşdırılması üçün ayrılacaq vəsaitdən asılı olacaq. Bəyannamənin nəticələri Səmərqənddə verilən vədlərin konkret dövlət proqramlarına, davamlı maliyyələşdirməyə və uşaqların həyatında ölçülə bilən müsbət dəyişikliklərə çevrilməsindən asılı olacaq.

Teqlər