Özbəkistan Prezidenti əlifbaya dəyişiklikləri təsdiqləyib

Özbəkistan Prezidenti əlifbaya dəyişiklikləri təsdiqləyib
Əməkdaş latın və kiril hərfləri olan kompüter klaviaturasında yazı yazır. Sofiya, Bolqarıstan, 23 iyun 2008-ci il.
Reuters

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikalı özbək əlifbasına dəyişiklikləri təsdiqləyib. Yeni əlifba özbək dilinin yazı sistemini digər türk dillərinin əlifbalarına daha da yaxınlaşdırır.

Dəyişikliklərə əsasən, mövcud əlifbadakı “oʻ”, “gʻ”, “sh” və “ch” hərfləri və hərf birləşmələri müvafiq olaraq “ö”, “ğ”, “ş” və “ç” ilə əvəz ediləcək. Bundan əlavə, “ng” hərf birləşməsi əlifbadan müstəqil hərf kimi çıxarılacaq.

Yeni özbək əlifbası hazırkı 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərfdən və bir apostrof işarəsindən ibarət olacaq.

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın yayımladığı diaqramda əlifbaya edilən dəyişikliklər göstərilib.
Uzbekistan Presidential Administration
Reuters

Dəyişikliklər özbək əlifbasını Azərbaycan və Türkiyədə istifadə olunan latın qrafikalı əlifbalara daha da yaxınlaşdırır.

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva bildirib ki, məqsəd özbək yazı sistemindəki çatışmazlıqları aradan qaldırmaq və rəqəmsal mühitdə özbək dilindən istifadəni asanlaşdırmaqdır.

Mövcud sənədlər və dövriyyədəki pul əsginasları qüvvədə qalacaq. Ölkədə dərsliklər isə mərhələli şəkildə yenilənəcək.

Dərsliklər 2031-ci ilədək yenilənəcək

Məktəblərdə yeni əlifbaya keçidin 2027-ci ildən birinci sinif şagirdləri ilə başlanması planlaşdırılır. Bütün dərsliklərin 2031-ci ilədək yenilənməsi gözlənilir.

Özbəkistanda 1929–1940-cı illərdə latın qrafikalı əlifbadan istifadə olunub. 1940-cı ildə isə özbək dili üçün kiril qrafikalı əlifba qəbul edilib.

Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra yenidən latın qrafikasına keçmək qərarına gəlib. Qəbul edilən əlifbanın ilkin variantı 33 hərfdən ibarət olub.

1995-ci ildə əlifbaya dəyişiklik edilərək bəzi hərflərin yazılışı “sh”, “ch”, “oʻ”, “gʻ” və “ng” şəklində müəyyənləşdirilib, “c” hərfi isə əlifbadan çıxarılıb.

Kiril qrafikasından latın qrafikasına keçidin 2000-ci ilədək başa çatdırılması nəzərdə tutulsa da, Özbəkistanda hər iki yazı sistemindən hələ də istifadə olunur.

Teqlər