İstanbulda İrana yeni zərbələrin riskləri müzakirə olunub

İstanbulda İrana yeni zərbələrin riskləri müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının XİN rəhbəri Feysəl bin Fərhanla görüşür. İstanbul, Türkiyə, 23 oktyabr 2026-cı il.
Anadolu Agency

Oktyabrın 23-də İstanbulda bir araya gələn xarici işlər nazirləri İrana yenidən hərbi zərbələrin endirilməsinin regiondakı münaqişəni daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edərək gərginliyin artmasının qarşısını almaq üçün diplomatik səylərin gücləndirilməsinə çağırıblar.

Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə bildirib ki, görüş iştirakçıları İrana qarşı hər hansı yeni hücumun regiondakı münaqişəni daha da gərginləşdirəcəyi barədə razılığa gəliblər.

Bu xəbərdarlıq Türkiyənin ev sahibliyi etdiyi qapalı danışıqlardan sonra səsləndirilib. Görüşdə Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın xarici işlər nazirləri iştirak ediblər. Müzakirələr əsasən İran, Yəmən, dəniz təhlükəsizliyi və Rusiya–Ukrayna müharibəsi ətrafında aparılıb.

Fidan hərbi müdaxilənin problemin həlli üçün real çıxış yolu olmadığını vurğulayıb. O əlavə edib ki, danışıqlarda təmsil olunan ölkələrin heç biri belə bir addımı dəstəkləmir.

Bu, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanından ibarət R4 qrupu ilə Almaniya, Fransa və Böyük Britaniyadan ibarət E3 qrupu arasında İtaliyanın da iştirakı ilə keçirilən ilk birgə görüş olub.

İştirakçılar regiondakı münaqişənin genişlənməsinin qarşısını almaq yollarını da müzakirə ediblər. Lakin konkret təkliflər və ya yeni diplomatik təşəbbüslər açıqlanmayıb.

İrana yeni zərbələr endiriləcəyi ilə bağlı narahatlıq artır

Görüş ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən sonra İrana yenidən hücum edə biləcəyi barədə ehtimallar fonunda baş tutub.

Media məlumatlarına görə, mümkün hədəflər arasında İranın enerji və nüvə obyektləri, eləcə də raket və pilotsuz uçuş aparatları arsenalı ola bilər. Bununla belə, nə Vaşinqton, nə də İsrail yekun qərar qəbul etdiyini açıqlayıb.

Oktyabrın əvvəlində ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranla aparılan danışıqlar müsbət nəticə verdiyi üçün ABŞ seçkilərdən əvvəl İrana yenidən hərbi zərbələr endirməyəcək.

Diplomatik səylərə baxmayaraq, müharibəyə hələlik son qoyulmayıb, nüvə danışıqları isə dalana dirənib.

Fransa: Yeni qarşıdurmada qalib olmayacaq

Fransanın xarici işlər naziri Jan-Noel Barro xəbərdarlıq edib ki, Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artması heç bir qalibin olmayacağı qarşıdurmaya gətirib çıxara və dünya bazarında enerji qiymətlərinə ciddi təsir göstərə bilər.

Münaqişə artıq Hörmüz boğazında gəmiçiliyin fəaliyyətini ciddi şəkildə pozub, enerji xərclərini artırıb və Körfəz bölgəsindəki infrastruktura yeni hücumlarla bağlı narahatlıqları gücləndirib.

Yeni döyüşlərin başlaya biləcəyi ilə bağlı narahatlıqların artması fonunda oktyabrın 23-də “Brent” markalı neftin qiyməti bir barel üçün 117 dolları ötüb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə bildirib ki, Almaniya, Fransa və Böyük Britaniya İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə Tehranla danışıqlar aparmağa hazırdır.

Vadeful, həmçinin Səudiyyə Ərəbistanına və strateji Bab əl-Məndəb boğazı yaxınlığında gəmiçiliyə təhlükə yaradan hücumlardan sonra İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatı — husilərlə danışıqlar aparmağa çağırıb.

Teqlər