Doktrinalar toqquşması: Türkiyə ilə İsrailin qarşıdurmasında Cənubi Qafqaz səhnəsi

Doktrinalar toqquşması: Türkiyə ilə İsrailin qarşıdurmasında Cənubi Qafqaz səhnəsi
Anewz

Türkiyə Respublikası silahlı üsyankar qeyri-dövlət aktorları ilə Bəşər Əsəd rejiminin süqutuna nail olanda və Suriya səhnəsində əsas söz sahibinə çevriləndə Yaxın Şərqdə qaçılmaz domino effekti yarandı.

Nəticədə Türkiyə ilə İsrail arasında onsuz da həssas olan münasibətlər daha kəskin və təhlükəli istiqamətdə inkişaf etməyə başladı.

Suriya lideri Əhməd əl-Şaraa bir tərəfdən Türkiyənin siyasi və hərbi dəstəyinə arxalanmaq məcburiyyətində qalır. Bu, onun Ankara qarşısında siyasi və mənəvi öhdəliklərindən irəli gəlir. Digər tərəfdən isə İsrailin sərt hərbi təzyiqləri və zərbələri arasında manevr etməyə çalışır.

Post-Əsəd Suriyasında yeni regional nizamın qurulması uğrunda aparılan mübarizə sərhəd davalarının kənarında dərin strateji məramın icrasını əks etdirir: Ankaranın sərhədləri boyu qalıcı təsir zonası yaratmaq və terror dəhlizini tamamilə qırmaq, Təl-Əvivin isə strateji dərinlikdə istənilən anti-İsrail müqavimət oxunun qarşısını almaq və təhlükəsizlik qurşağını genişləndirmək istəyi bu rəqabətin dərin motivasiyasını təşkil edir.

Dağıntılar üzərində yenidən qurulan Suriya bu gün hər iki dövlətin qlobal və regional ambisiyalarının toqquşduğu yeni şahmat taxtasına çevrilir. Şübhəsiz ki, Ankara və Təl-Əvivin rəqabətindən yaranan alovlar geosiyasi cəhətdən əlaqəli regionlara da sıçrayır: Cənubi Qafqazda Türkiyə və İsrailin maraqlarının toqquşması onların ikitərəfli münasibətlərindəki gərginliyi daha da alovlandıran həlledici teatra çevrilir.

ABŞ fərqli strategiya yürüdür

Cənubi Qafqazdakı Ankara ilə Təl-Əvivin hansı meyarlarla çıxış etməsini başa düşmək üçün konteksti daha geniş tutmaq lazımdır.

Yaxın Şərq regionunda ən çətini Türkiyə və İsrail arasında siyasi düşmənçilik ritorikasının inkişaf etməsi ilə əlaqədar ehtimal olunan hərbi eskalasiya risklərini ölçməkdir. Belə münaqişənin hədləri Türkiyə və İsrailin hesablamalarında yer alır, ancaq ən maraqlı tərəf Yaxın Şərqin Suriya, İraq cinahlarından ayrılma görüntüsü yaradan ABŞ-nin nəyi hədəflədiyidir.

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib. Lakin eyni zamanda İraq hökuməti qarşısında hələ əvvəldən öhdəlik qoyub. Milli Müdafiə Səlahiyyəti Aktının İraqla bağlı fəslində baxanda maliyyə qarşılığında İraq hakimiyyətinin hansı öhdəlik götürməsi anlaşılır.

Daha dəqiq desək, ABŞ-nin 2026-cı maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyəti Aktının 1228-ci maddəsi İraq təhlükəsizlik qüvvələri üçün nəzərdə tutulan vəsaitlərin 75 faizindən çoxunun Pentaqonun müvafiq sertifikasiyası olmadan öhdəliyə götürülməsini məhdudlaşdırır. Sertifikasiya Bağdadın İranla əlaqəli, İraq təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmamış silahlı qrupların əməliyyat imkanlarını azaltmaq və təhlükəsizlik qüvvələri üzərində baş nazirin komandanlıq səlahiyyətlərini gücləndirmək istiqamətində etibarlı addımlar atmasını nəzərdə tutur.

Deməli, İranla müharibə şəraitində ABŞ İraqdakı missiyasını fərqli mübarizə müstəvisinə çıxarır: Hərbi personala xərc çəkmədən İraq hökuməti qarşısında müəyyən etdiyi vəzifələrin buradakı rolunu təyin etmək mümkündür.

Türkiyə və ABŞ bəzi fikir ayrılıqlarına baxmayaraq müttəfiq olaraq qalır və Vaşinqton bölgədə öz maraqlarının qorunmasında Ankaraya strateji tərəfdaş gözü ilə baxır. Bu mənada, Vaşinqton Ankara ilə İraqda İrana qarşı birgə hərəkətə keçməyin yollarını araya bilər. Bu tənzimləmədə ABŞ İsrailin İraq səhnəsindəki (xüsusilə İraq Kürdüstanı üzərindən) gizli-açıq təsir imkanları ilə Türkiyənin təhlükəsizlik narahatlıqları arasında balans yaratmağa çalışır.

Çünki Türkiyənin İraq Kürdüstanı ilə qurduğu çoxşaxəli əlaqələr və regional təhlükəsizlik arxitekturası təkcə Türkiyə-İraq deyil, həm də ABŞ və İsrailin regiondakı geostrateji hesablaşmaları ilə üzləşir.

Suriya teatrında isə vəziyyət daha həssasdır. Türkiyə ilə İsrail arasında kövrək tarazlığın qorunması və ya mümkün münaqişə hədlərinin müəyyənləşdirilməsi ehtimal ki, Vaşinqtonun vasitəçiliyindən asılı olacaq. Çünki Ağ Ev həm Ankara, həm də Təl-Əvivlə dialoq qurmaq imkanına malik yeganə qlobal aktor kimi çıxış edir.

Türkiyənin PKK və onun Suriya qanadının tərksilah edilməsi üçün razılıqlara nail olması onun təhlükəsizlik şaxələndirməsini rahat şəkildə həyata keçirəcəyi anlamına gəlmir: ancaq ən azından silahlı maneələrdən ən əhəmiyyətlisi ləğv edilir. Üstəlik, Türkiyənin Yaxın Şərq coğrafiyasında kürd kontingentlə əlaqələri dərinləşir.

İdeoloji motivasiyalar

Bəlkə də İsrail daha məhdud və dar strateji alətlərə malik olsaydı, kürd faktoru üzrə hesablamalarını Türkiyənin xeyrinə dəyişdirmək məcburiyyətində qalardı.

Belə olmadığına görə həm Türkiyənin, həm də İsrailin qarşılıqlı ittihamları, xəbərdarlıqları ritorik müstəvidə qalmır, birbaşa real siyasi və hərbi addımlarda, praktiki gedişlərdə öz əksini tapır.

İdeologiya və onun kölgəsi bu məqamda əsas hərəkətverici qüvvədir. Daha da vacibi, Türkiyə neo-osmanlı motivasiyası ilə Osmanlı imperiyasının təsir dairəsində olmuş ərazilərdə iqtisadi, mədəni, dini və hərbi təsirini artırmaqdadır.

Bu geosiyasi baxışın ideoloji əsaslarını sabiq xarici işlər naziri, eks-baş nazir Əhməd Davudoğlu özünün 2001-ci ildə işıq üzü görən “Strateji Dərinlik: Türkiyənin Beynəlxalq Mövqeyi” əsərində irəli sürüb.

Davudoğlunun yanaşmasına görə, Ankara regional liderliyə yüksəlmək üçün öz coğrafi mövqeyindən, tarixi keçmişindən və ortaq mədəni-dini bağlarından maksimum yararlanmalıdır.

Bu gün Əhməd Davudoğlu Prezident Rəcəb Tayyib Ərdoğan üçün az qala arzuolunmaz şəxsə çevrilib. Ancaq Davudoğlunun nəzəriyyəsini praktiki xarici siyasət kursuna çevirən Ərdoğan həmin konsepsiyadan bu gün də istifadə edir.

Beləliklə, Ərdoğanın rəhbərlik etdiyi Türkiyə milli hissləri siyasi İslamla sintez edərək imperiya dövrünün əzəmətini canlandırmağa çalışır.

İsrailin xarici siyasət və milli təhlükəsizlik ideologiyası yəhudi xalqının tarixi vətənində suverenliyini və ekzistensial sağ qalmasını təmin etməyi hədəfləyən sionizmə əsaslanır.

Bu ideoloji yanaşmanın əsas sütunları aşağıdakı bəndlərdə ifadə oluna bilər:

“Dəmir Divar” konsepsiyası: Hərbi güc və çəkindirmə vasitəsilə rəqibləri İsrailin mövcudluğunu güc yolu ilə aradan qaldırmağın mümkün olmadığını inandırmağı, bununla da gələcək siyasi razılaşmalar üçün zəmin yaratmağı hədəfləyir.

Preventiv təhlükəsizlik və “Begin doktrinası”: İsrailə düşmən münasibət bəsləyən dövlətlərin onun təhlükəsizliyinə ekzistensial təhdid yarada biləcək nüvə hərbi imkanları əldə etməsinin qarşısını almaq üçün, zərurət yarandıqda, qabaqlayıcı zərbələr endirilməsini nəzərdə tutur.

“Tərs Periferiya” strategiyası: İsrailin regional təcridini azaltmaq və ortaq təhlükəsizlik-iqtisadi maraqları gücləndirmək məqsədilə bəzi ərəb dövlətləri, xüsusilə Körfəz ölkələri ilə strateji tərəfdaşlıqlar qurmasına əsaslanan yanaşmadır. İranın regional təsirinin məhdudlaşdırılması bu əməkdaşlığın mühüm motivlərindən biridir. İbrahim sazişləri həmin yanaşmanın nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Türkiyə İsrailin bu yanaşmalarının hər tərəfində rəqib kimi görünür. Bircə nüvə məsələsindən başqa, hərçənd zəmanət vermək olmaz ki, Ankara gələcək üçün nüvə proqramını nəzərdən keçirməyəcək. Bunları analiz etdikdə bir məsələni vurğulamaq yerinə düşər: İsraillə Türkiyə arasındakı qarşıdurmanın optik illüziya olması fikri ilə təsəlli tapmaq lazım deyil, iki tərəfin silahsız toqquşması daha təhlükəli regional eskalasiyanı modelləşdirir.

Tərəflər arasındakı fikir ayrılıqlarının quru ərazilərdə çıxardığı gurultunun siqnalı eyni zamanda dənizdən gəlir.

Türkiyə və İsrail təhlükəsizlik və ideoloji prioritetlər fonunda, Aralıq dənizində formalaşan yeni strateji konyunktura vasitəsilə öz geosiyasi mövqelərini gücləndirməyə çalışırlar. Bu gərginliyin mərkəzində Aralıq dənizindən qaynaqlanan, ardıcıl və sistemli xarakter daşıyan strateji rəqabət dayanır.

İsrail strateqlərinin Türkiyənin Şərqi Aralıq dənizində artan ambisiyalarından – xüsusilə də Ankara ilə Paris arasında müzakirə olunan potensial müdafiə müqaviləsindən narahatlığı Təl-Əvivin Türkiyənin uzunmüddətli strateji məqsədlərinə dərin şübhə ilə yanaşmasını qaçılmaz edir. İsrail balans yaratmaq üçün Kipr və Yunanıstanla hərbi-təhlükəsizlik əlaqələrini dərinləşdirir. Ancaq Aralıq dənizinin sərhədləri genişdir, Türkiyə özü üçün ən strateji hesab etdiyi nöqtələrdə imkanlarını böyüdür.

Türkiyənin 2019–2020-ci illərdə Tripolidəki Milli Razılıq Hökumətinə hərbi məsləhətçilər, qüvvələr və hava dəstəyi göndərərək Xəlifə Haftarın hücumlarının qarşısını alması Liviyada dönüş nöqtəsi oldu. 2025-ci ilin dekabrında Türkiyə parlamentinin bu hərbi mandatı 2028-ci ilə qədər uzatması Ankaranın Şimali Afrikada uzunmüddətli oyunçu olmaq əzmini nümayiş etdirir. Bu gün isə Xəlifə Haftar Türkiyəyə yaxınlıq göstərir. Türkiyə bu mövcudluqdan miqrasiya yollarını, enerji resurslarını nəzarətdə saxlamaq və Şərqi Aralıq dənizindəki dəniz suverenliyi hüquqlarını qorumaq üçün strateji bənd kimi istifadə edir. Bunlar Ankaranın dəniz sərhədlərini milli təhlükəsizlik və tarixi məkanın harmoniyasında oxuyan “Mavi Vətən” doktrinasının praktiki vərdişlərini təşkil edir.

İsrail isə Türkiyənin bu ritorikasını başa düşərkən Ankaranı az qala İranla eyni səviyyəli təhlükə kimi xarakterizə edir. Hər iki regional güc Aralıq dənizində sistemli rəqabətə girsə də, birbaşa hərbi qarşıdurma bu mərhələdə real görünmür.

Ancaq birbaşa hərbi qarşıdurmadan qaçmaq üçün başqa bir regionda rəqabət qurulur və tərəflər əldə edəcəyi dividendləri hesablayaraq əlverişli mövqelərdən üstünlük qurmaq istəyirlər.

Cənubi Qafqaz teatrında oynanılanlar

Bu mənada Türkiyə ilə İsrailin Cənubi Qafqazda qarşılaşmasını hesaba qatmaq lazımdır. Türkiyə və İsrailin Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda hansı mövqelərdən prosesə yanaşmasını yuxarıda qeyd edilən ideoloji və təhlükəsizlik konsepsiyaları müəyyən edir: Türkiyə üçün yaxın region və tarixi irs, İsrail üçün isə uzaq bölgə və İrana qarşı mövqelənmənin strateji əhəmiyyəti yaxşı görünür.

Beləliklə, Azərbaycanın Ermənistan üzərindəki hərbi-siyasi qələbəsi və onun perspektiv geosiyasi dizaynı həm Türkiyə, həm də İsrail üçün bölüşdürülməsi çətin olan qazancdır.

İsrail “Tərs Periferiya” strategiyasını Cənubi Qafqaz üzrə tətbiq edəndə, Azərbaycanın İbrahim sazişlərinə qoşulmasına təşəbbüs göstərəndə Bakı ilə Ankara strateji müttəfiqliyi sınağa məruz qaldı.

Lakin bunun aşkar üzə çıxması ABŞ-İsrail müttəfiqliyi ilə İran arasında olan müharibənin geosiyasi nəticələri ilə mümkün oldu. Bakı Ankara ilə Təl-Əvivin kəskinləşən yarışı ilə bərabər daha təhlükəli bir çağırışla üzləşdi: İran müharibəsinin eskalasiya riskləri ilə üz-üzə qaldı. Bakı bu situasiyada təkcə Ankara və Təl-Əviv arasında deyil, İsraillə Tehran arasında da incə balansı saxlamalı idi.

Türkiyə isə İran müharibəsində daha seçici davrandı və ərazilərinin İran tərəfindən raket atəşinə tutulmasına baxmayaraq təmkinlə Tehranla yaxınlaşma xəttinə bu gün də vurğular edir.

ABŞ-İsrail ittifaqı İranla bağlı məqsədlərə çatmayanda Ankara üçün strateji qeyri-müəyyənliklər aradan qalxdı. Onun Tehranla əlaqələrdəki dinamikası İsrailin manevr imkanlarını daraldır.

Lakin geosiyasətdə hər hansı bir regional oyunçunun mövqelərinin zəifləməsi boş qalan sahənin kim tərəfindən doldurulacağı ilə bağlı avtomatik konsensus yaratmır. İsrail İran və Türkiyənin regionda təsirlərinin güclənməsinə qarşı mübarizədə qətidir.

Beləliklə, unikal ittifaq olan Azərbaycan-Türkiyə tandemi regionu silkələyən yeni geosiyasi tektonik proseslər fonunda qaçılmaz olaraq yenilənmə və adaptasiya mərhələsindən keçir.

Hərçənd Ankaranın xarici siyasət prioritetlərində taktiki və formal transformasiyalar əvvəldən baş verirdi. 2023-cü il prezident seçkilərindən sonra formalaşan yeni siyasi komanda regional münaqişələrin dinamikasına və qlobal dəyişikliklərə uyğun olaraq xarici siyasət kursunu yenidən kalibrləməli olmuşdu.

Azərbaycan və Türkiyə arasında müşahidə olunan qarşılıqlı eyhamlar (daha çox media üzərindən) həmin çərçivənin daxilindəki informasiya şərtləridir. Bu informasiya-rəy mühitinin hansı ciddi kəşfiyyat məlumatı əsasında formalaşdırdığını bilmək çətindir. Ancaq təhlil predmetinə daxil bir nüans var: Türkiyənin regiondakı islami modelə əsaslanan tətbiqlərini İsrail başqa cür oxuyur: Ankara regionda kompleks yanaşma ortaya qoyaraq İsrailin oyunçuluğuna qarşı resurslarını yeniləyir.

İsraili narahat edən digər mənbə Gürcüstandır. İran Gürcüstanda proksi hərəkatın ekvivalentində qüvvələri inkişaf etdirərkən Tbilisi ilə strateji tərəfdaşlığa malik olan Ankara Tehrana qarşı həmlələrini reallaşdırmır. İsrailin məntiqində bu, Türkiyə və İranın gələcək əməkdaşlığının dərinləşməsində sövdələşmə elementi kimi qəbul edilə bilər.

Bütün bu geosiyasi gərginliklər fonunda Bakı ilə Ankara arasındakı bəzi ideoloji və siyasi uyğunsuzluqlar sadəcə səthi gündəlik müzakirələrdən – məsələn, təhsil müəssisələrindəki dini geyimlərlə bağlı epizodik mübahisələrdən – qat-qat dərindir.

Bununla belə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təməl sütunlarına və təhlükəsizlik arxitekturasına hər hansı köklü xələl gəldiyini düşünmək əsassız olardı.

Orta və uzunmüddətli perspektivdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hərbi təhlükəsizlik, müdafiə sənayesi və regional çəkindirmə baxımından daha da möhkəmlənə bilər: Buna transformasiya mərhələsindəki ifadə edilən mövqe və onun əsasındakı situativ qərarlar təsir göstərəcək.

Son proseslər açıq şəkildə göstərir ki, mövcud reallıqlar fonunda hər iki tərəfin ideoloji uyğunlaşması və strateji koordinasiyanın dərinləşdirilməsi üçün yeni diplomatik mexanizmlərin işlənib hazırlanması qaçılmazdır. Ən yaxın gələcəkdə Ankaranın və Bakının bu həssas koordinasiya mexanizmlərini masaya gətirməsi strateji zərurətə çevrilməkdədir.

Teqlər