İran ABŞ dronunu vurduğunu bildirib, Tramp danışıqlarla bağlı qeyri-müəyyənliyə işarə edib

İran ABŞ dronunu vurduğunu bildirib, Tramp danışıqlarla bağlı qeyri-müəyyənliyə işarə edib
ABŞ Prezidenti Donald Tramp “Guardian Centres” kompleksində keçirilən mitinqdə iştirak edir. Perri, ABŞ, 24 oktyabr 2026-cı il.
Reuters

İran ölkənin cənubundakı Bəndər-Abbas liman şəhəri üzərində ABŞ-yə məxsus dronu vurub. Bu barədə oktyabrın 25-də İranın “Tasnim” xəbər agentliyi ölkə ordusuna istinadən məlumat yayıb.

Hadisə barədə məlumat ABŞ Prezidenti Donald Trampın oktyabrın 24-də verdiyi açıqlamadan sonra yayılıb. Tramp bildirib ki, Tehran Vaşinqtonla mühüm razılaşma əldə etməsə, ABŞ tezliklə İrana zərbə endirə bilər.

Tramp həmin gün ABŞ-nin Corciya ştatında keçirilən mitinqdə bildirib ki, İranın bir sıra yüksəkvəzifəli rəhbərlərinin ölümündən sonra danışıqları İran tərəfdən kiminlə aparmalı olduğunu bilmir.

“İranın bəzi yüksəkvəzifəli rəhbərləri və onların müavinləri ölüb. İndi dayanmalıyam, çünki kiminlə danışıqlar apardığımızı müəyyənləşdirməliyəm”, – deyə o bildirib.

Fevralın sonunda ABŞ və İsrailin birgə zərbəsi nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Bu hadisə ABŞ ilə İran arasında hərbi münaqişənin başlanmasına səbəb olub.

İranın müdafiə və xarici siyasət məsələləri üzrə ali orqanı olan Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə martın ortalarında İsrailin zərbəsi nəticəsində öldürülüb.

Husilər hücumları davam etdirirlər

Yəməndə İranın dəstəklədiyi husilər oktyabrın 24-də Səudiyyə Ərəbistanının neft infrastrukturuna və hava limanlarına hücum ediblər.

Husi fəalları Səudiyyə Ərəbistanına qarşı keçirilən mitinqdə husi raketlərinin təsvir olunduğu bannerin qarşısındakı platformada dayanırlar. Səna, Yəmən, 31 iyul 2026-cı il.
Reuters

Husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, qruplaşma Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını, Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindəki “Aramco” obyektini, Rabiq neft emalı zavodunu, neftvurma stansiyalarını və Şərq-Qərb neft kəmərini hədəfə alıb.

Onun sözlərinə görə, Dəmmamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına, Nəcrandakı hava limanına və Xəmis-Müşeytdəki hərbi hava bazasına da hücumlar edilib.

Oktyabrın 25-də husilərin hərbi sözçüsü Yəhya Səri sərnişinlərə, hava limanının əməkdaşlarına və aviaşirkətlərə Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanından istifadə etməmək barədə yenidən xəbərdarlıq edib. O bildirib ki, hava limanı hələ də hərbi hədəf sayılır.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən koalisiyasının məlumatına görə, oktyabrın 25-də Ər-Riyad və ölkənin cənub bölgələri üzərində dronlar və raketlər zərərsizləşdirilib.

Oktyabrın 25-də Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Ər-Riyad, Əbha və Xəmis-Müşeyt şəhərləri üçün təhlükə barədə təcili xəbərdarlıq yayıb. Bir neçə dəqiqə sonra təhlükənin sovuşduğu bildirilib.

Koalisiyanın məlumatına görə, Ər-Riyad istiqamətində iki dron və bir ballistik raket, Xəmis-Müşeyt şəhərinə doğru isə bir qanadlı raket buraxılıb. Sonra koalisiya ölkənin cənub bölgələrinə atılan 10 ballistik raketin də zərərsizləşdirildiyini açıqlayıb.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti isə husilərin ölkənin cənubundakı Ədən liman şəhərində sahil mühafizəsi qüvvələrinə üç ballistik raket atdığını bildirib.

Digər tərəfdən, təhlükəsizlik mənbələrinin məlumatına görə, oktyabrın 24-də İranın kürd müxalifətinə məxsus, İraqın Ərbil şəhərinin şimal-şərqində yerləşən düşərgəyə partlayıcı yüklü dronla hücum edilib.

Teqlər