Təl-Əvivdə seçkilər ərəfəsində minlərlə israilli etiraz aksiyası keçirib

Təl-Əvivdə seçkilər ərəfəsində minlərlə israilli etiraz aksiyası keçirib
7 oktyabr hücumlarının araşdırılması tələbi ilə etiraz aksiyası keçirilir. Təl-Əviv, İsrail, 24 oktyabr 2026-cı il.
Reuters

Oktyabrın 24-də minlərlə israilli Təl-Əvivdə etiraz aksiyası keçirərək 2023-cü il oktyabrın 7-də HƏMAS-ın rəhbərliyi ilə həyata keçirilən hücum zamanı yol verilmiş nöqsanların araşdırılması üçün müstəqil istintaq komissiyasının yaradılmasını tələb edib. 

Aksiya İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərinə üç gün qalmış baş tutub.

Girovlar meydanında keçirilən aksiyanı 7 oktyabr hücumundan sağ çıxanları, keçmiş girovları və həlak olanların ailələrini birləşdirən “Oktyabr Şurası” təşkil edib.

Aksiyaya müxalifət liderləri də qatılıblar. Etirazçılar hücumun qarşısını ala bilmədiyinə görə hökuməti tənqid edib, “Ayıb olsun!” şüarları səsləndiriblər. Onlar hökumətin dəyişməsini və məsul şəxslərin cavabdehliyə cəlb olunmasını tələb ediblər.

Rəy sorğuları Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiyanın parlamentdə çoxluğu itirmək ehtimalını gündəmə gətirir. Lakin siyasi qüvvələr arasında fikir ayrılıqları seçkilərdən sonra yeni hökumətin formalaşdırılmasını çətinləşdirə bilər. Netanyahunun əsas siyasi rəqiblərindən biri olan mərkəzçi Qadi Ayzenkot da koalisiya yaratmaqda çətinliklərlə üzləşə bilər.

Dimona seçki mübarizəsinin əsas məkanlarından birinə çevrilir

Negev səhrasında yerləşən Dimona şəhəri ənənəvi olaraq Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının güclü dəstəyə malik olduğu bölgələrdən biridir. Lakin oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində hökumətdən narazı olan bəzi seçicilər Ayzenkotun “Yaşar” partiyasının lehinə təşviqat aparırlar.

2022-ci il parlament seçkilərində “Likud” Dimonada səslərin təxminən yarısını qazanıb. Netanyahu şəhərdə hələ də ciddi dəstəyə malik olsa da, bəzi sakinlər hökumətin dəyişməsini istəyirlər. Buna görə Dimona qərarsız seçicilərin səslərini qazanmaq uğrunda mübarizənin getdiyi şəhərlərdən birinə çevrilib.

Əvvəllər “Likud” partiyasından Dimona şəhər şurasına seçilmiş Mixal Elmalem Abu hazırda Ayzenkotun şəhərdəki seçki kampaniyasına rəhbərlik edir. Onun sözlərinə görə, kampaniya ölkənin böhran yaşadığını düşünən və siyasi mövqeyini dəyişməyə hazır olan seçicilərə yönəlib.

İsrail Demokratiya İnstitutunun Viterbi Ailəsi adına İctimai Rəy və Siyasət Araşdırmaları Mərkəzinin məlumatına görə, seçicilərin təxminən 13 faizi hələ kimə səs verəcəyinə qərar verməyib.

2022-ci ildə “Likud”a səs verənlərin 55 faizi yenidən bu partiyanı dəstəkləmək niyyətindədir. Onların 15 faizi isə Netanyahuya qarşı çıxan partiyalara səs verməyi planlaşdırır. Bu seçicilərin 8 faizi “Yaşar” partiyasına üstünlük verir. 

Hartman İnstitutunun politoloqu Amots Asa-El bildirib ki, Dimona kimi şəhərlər Ayzenkot üçün ənənəvi olaraq “Likud”a səs verən seçicilərin dəstəyini qazanmaq imkanı yaradır.

“İnsanlar valideynlərinin keçmişini deyil, övladlarının gələcəyini düşünməyə başlayanda dəyişiklik baş verəcək”, – deyə o bildirib.

Teqlər