Dörd ölkə Tehranda regional təhlükəsizliyi müzakirə edib

Dörd ölkə Tehranda regional təhlükəsizliyi müzakirə edib
IRNA

İran oktyabrın 26-da Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksəkvəzifəli təhlükəsizlik və müdafiə rəsmilərini Tehranda qəbul edib. Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda bu formatda ilk dəfə keçirilən görüşün məqsədi regional əməkdaşlığı gücləndirmək olub.

Görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.

Dördtərəfli görüşdən sonra yayılan birgə bəyanatda bildirilib ki, İran, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə regional sülh və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Görüşdən əvvəl rəsmilər İran Prezidenti Məsud Pezeşkianla görüşüblər. Müzakirələrdə İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak edib.

“İran regional əməkdaşlığın dərinləşdirilməsi, fikir ayrılıqlarının aradan qaldırılması və İslam ölkələrinin birgə potensialından istifadə istiqamətində addımlar atmağa qətiyyətlə hazırdır. Biz regionda birliyin, həmrəyliyin, təhlükəsizliyin və inkişafın güclənməsinə xidmət edən istənilən razılaşmanı dəstəkləyəcəyik”, – deyə Pezeşkian bildirib.

İran Prezidenti ölkəsinin nüvə proqramı ilə bağlı mövqeyini də bir daha təsdiqləyib. O bildirib ki, İran nüvə silahı əldə etməyə çalışmır və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) iştirakçısı kimi nüvə fəaliyyətini beynəlxalq hüquq və öhdəlikləri çərçivəsində davam etdirmək niyyətindədir.

“Bu əsasda İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu özündə saxlayır və beynəlxalq qaydalar çərçivəsində bu hüquqlara hörmət olunmasını gözləyir”, – deyə Pezeşkianın sözləri İran Prezidentinin Administrasiyasının məlumatında bildirilib.

Danışıqlar Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışdığı bir dövrdə baş tutub. Üç ölkə regionda təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda, avqust ayında imzalanmış və “Məkkə Paktı” kimi tanınan üçtərəfli saziş çərçivəsində əməkdaşlığı gücləndirməyə çalışır.

Tehran sazişə qoşulmaqda maraqlı olduğunu bildirib. İran tərəfinin fikrincə, bu razılaşma üç ölkənin İsrailin regional siyasətindən narahatlığı fonunda əldə olunub.

İran Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında artan gərginliyin azaldılması üçün dialoqa vasitəçilik etməyə də hazır olduğunu bildirib. Qarşıdurma çərçivəsində Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan ərazilərə hava zərbələrini intensivləşdirib. Husilər isə Səudiyyə Ərəbistanında hava limanları və enerji obyektləri də daxil olmaqla, müxtəlif hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücum ediblər.

Tehran regional təhlükəsizliyin bölgə ölkələri tərəfindən təmin olunmasını istəyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dördtərəfli danışıqları müsbət qiymətləndirib. O bildirib ki, belə bir görüşün keçirilməsi təklifi Asim Munirin ötən həftə Tehrana səfəri zamanı irəli sürülüb.

“Fikrimizcə, region ölkələrinin öz maraq və mülahizələrinə əsaslanaraq regional təhlükəsizlik mexanizmləri yaratmağa çalışması və ya ən azı bu barədə düşünməsi müsbət haldır”, – deyə Bəqayi bildirib.

O, görüşü Tehranın “daxili imkanlara əsaslanan təhlükəsizlik” adlandırdığı yanaşmanın həyata keçirilməsi istiqamətində mümkün addım kimi qiymətləndirib. Bu yanaşma region ölkələrinin xarici güclərə arxalanmaq əvəzinə, öz təhlükəsizliklərinin təmin edilməsinə görə məsuliyyəti üzərlərinə götürməsini nəzərdə tutur.

Bəqayi Qətər nümayəndə heyətinin bu yaxınlarda Tehrana səfər etdiyini də təsdiqləyib. Onun sözlərinə görə, görüşlərdə ikitərəfli münasibətlər və regional hadisələr, o cümlədən İranla ABŞ arasında gərginliyin azaldılması üçün Dohanın vasitəçilik səyləri müzakirə olunub.

İran öz müdafiə strategiyasını region üçün nümunə kimi təqdim edir

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri bildirib ki, görüş Tehranın Yaxın Şərq ölkələri arasında əməkdaşlığa əsaslanan regional təhlükəsizlik sisteminin yaradılması istiqamətində səylərinin bir hissəsidir.

Baqiri 2025 və 2026-cı illərdə İran, İsrail və ABŞ arasında baş vermiş hərbi qarşıdurmalara toxunaraq bildirib ki, ölkəsinin daxili imkanlara əsaslanan müdafiə modeli milli təhlükəsizliyin təmin olunmasında uğurlu nümunəyə çevrilib.

Baqirinin sözlərinə görə, Tehranın strategiyası xarici qüvvələrin, xüsusilə ABŞ və İsrailin müdaxiləsini məhdudlaşdırmaqla yanaşı, qonşu ölkələr arasında əməkdaşlıq vasitəsilə regional təhlükəsizliyi gücləndirməkdir.

Teqlər