Özbəkistan İslam maliyyəsi ekosistemini qurur

Özbəkistanda ilk İslam bankçılığı lisenziyasının verilməsindən bir neçə gün sonra Səmərqənddə keçirilən regional forum sektorun Mərkəzi Asiyada inkişaf imkanlarını müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirib.

Səmərqənd İslam Maliyyəsi Forumunda tənzimləmə, korporativ idarəetmə, likvidliyin idarə olunması, kadr hazırlığı və maliyyə savadlılığı məsələləri diqqət mərkəzində olub. Tədbiri Özbəkistan Mərkəzi Bankı Malayziyanın INCEIF Universiteti və “Al Muamalat Consulting” şirkəti ilə birgə təşkil edib.

Forum ölkədə “Open Bank”a ilk İslam bankçılığı lisenziyasının verilməsindən sonra baş tutub. Mərkəzi Bankın 23 oktyabr tarixli qərarı banka “İslam pəncərəsi” vasitəsilə, yəni ənənəvi bank daxilində ayrıca İslam maliyyə xidmətləri göstərməyə icazə verir.

Bu qərar 2026-cı ilin martında “İslam bankçılığı haqqında” qanunun qəbulundan sonra verilib. Qanun murabahə, mudarəbə, müşarəkə, icarə, salam və vəkalə olmaqla altı növ İslam maliyyə əməliyyatı üçün hüquqi baza yaradıb. Bu, Özbəkistanın Mərkəzi Asiyada İslam maliyyəsi üzrə aparıcı mövqe tutmaq strategiyasının bir hissəsidir.

Rəsmilər isə qanunvericiliyin yalnız başlanğıc olduğunu vurğulayırlar. Özbəkistan Mərkəzi Bankının İslam Maliyyəsi Layihə Ofisinin işçi qrupunun rəhbəri Umidjon Yorqulov AnewZ-a bildirib ki, hazırda tənzimləmə mexanizmləri, şəriət prinsiplərinə uyğun idarəetmə, maliyyə savadlılığı və kadr hazırlığı üzərində iş aparılır.

Onun sözlərinə görə, digər kommersiya bankları da hazırlığa başlayıb və yeni lisenziya müraciətləri gözlənilir.

Sektorun inkişafı üçün nə lazımdır?

Forumun yeddi panel müzakirəsində Mərkəzi Asiyada İslam maliyyəsinin inkişafı, korporativ idarəetmə, şəriət prinsiplərinə uyğunluq, likvidliyin idarə olunması, İslam kapital bazarları, peşəkar təhsil və maliyyə savadlılığı mövzuları əhatə edilib.

Özbəkistan Mərkəzi Bankının müəyyən etdiyi əsas vəzifələrdən biri İslam banklarının likvidliyi idarə etməsi üçün uyğun maliyyə alətlərinin hazırlanmasıdır.

İxtisaslı kadr çatışmazlığı da müzakirə olunub. Sektorun genişlənməsi üçün həm ənənəvi maliyyə mexanizmlərini, həm də İslam maliyyəsinin prinsiplərini bilən mütəxəssislərə ehtiyac var.

Mərkəzi Asiyada inkişaf imkanları

Avrasiya İnkişaf Bankı, İslam İnkişaf Bankı İnstitutu və London Fond Birjası Qrupunun birgə araşdırmasına görə, Mərkəzi Asiyada İslam bankçılığı aktivləri 2028-ci ilədək 2,5 milyard dollara, 2033-cü ilədək isə 6,3 milyard dollara çata bilər. Regionun sukuk - İslam maliyyə sertifikatları bazarının isə 2033-cü ilədək 5,6 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Qazaxıstan İslam maliyyəsinin inkişafına görə Mərkəzi Asiyada liderdir və dünyada 19-cu yerdədir. Qırğızıstan isə tamhüquqlu İslam bankı və “İslam pəncərələri” ilə xidmət göstərən bir neçə ənənəvi bankı ilə regionda ən geniş fəaliyyət şəbəkəsinə malikdir.

Özbəkistan da bu sahədə böyük bazarlardan birinə çevrilməyi hədəfləyir. Hökumətin planlarına 2026–2030-cu illərdə iki tamhüquqlu İslam bankının yaradılması və ənənəvi banklarda “İslam pəncərələri”nin açılması daxildir.

Maliyyə ilə real iqtisadiyyat arasında əlaqə

İstanbul Sabahattin Zaim Universitetinin İslam maliyyəsi və iqtisadiyyatı üzrə professoru Monzer Kahf AnewZ-a bildirib ki, bu sektorun əsas fərqi real iqtisadi fəaliyyətlə birbaşa bağlı olmasıdır.

Onun sözlərinə görə, İslam maliyyəsində maliyyələşmə istehsal və ticarət əməliyyatları ilə sıx əlaqəlidir. Buna görə də sektora sadəcə alternativ bank xidməti kimi deyil, maliyyəni real iqtisadi əməliyyatlara bağlayan sistem kimi baxılmalıdır.

Kahf əsas çətinliklərdən birinin kadr hazırlığı olduğunu vurğulayıb. O, bu prinsipləri anlayan və tətbiq edə bilən mütəxəssislərin yetişdirilməsinin vacibliyini qeyd edib.

Təşkilatçılar Səmərqənd forumunu praktik tövsiyələrin hazırlanması və regional əməkdaşlığın gücləndirilməsi üçün platforma kimi qiymətləndiriblər. Özbəkistanın qarşısında duran növbəti vəzifə ilk lisenziyanın verilməsindən sonra sektorun fəaliyyəti üçün zəruri mexanizmləri qurmaqdır.

Teqlər