Hörmüzdə gərginlik artır, Tehran regional əməkdaşlığa ümid edir

Hörmüzdə gərginlik artır, Tehran regional əməkdaşlığa ümid edir
Baş redaktor hər üç ölkənin Tehrana münasibətində real dəyişiklik olub-olmadığını sual altına alıb.
president.ir

İran Tehranda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin yüksəkvəzifəli rəsmiləri ilə keçirilən təhlükəsizlik danışıqlarından sonra “yeni və müsbət mühitin” yarandığını bildirib. Görüş Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda baş tutub.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Məkkə Müdafiə Paktı”nın təsisçi ölkələrinin nümayəndələri ilə danışıqları müsbət qiymətləndirib.

Dördtərəfli görüşdə Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman, Pakistanın ordu komandanı marşal Asim Munir və Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak ediblər.

Birgə bəyanata əsasən, tərəflər regional sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Rzayi IRNA-ya açıqlamasında təhlükəsizliyin region ölkələri tərəfindən təmin edilməsinin və xarici müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Danışıqlar Ankara, İslamabad və Ər-Riyadın avqustda imzaladığı üçtərəfli “Məkkə Paktı” çərçivəsində müdafiə əməkdaşlığını genişləndirmək səylərinin davamı kimi qiymətləndirilir. Tehran pakta qoşulmaqda maraqlı olduğunu bildirib və Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında dialoqa vasitəçilik təklif edib.

İran daxilində görüşə tənqidlər

Tehran görüşü ölkə daxilində tənqidlərlə də qarşılanıb. “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari iştirakçı ölkələrin niyyətlərini və danışıqların İranın maraqlarına nə dərəcədə xidmət etdiyini sual altına alıb.

Şəriətmədari dərc olunan məqaləsində Səudiyyə Ərəbistanının 12 günlük müharibədə və Ramazan müharibəsində ABŞ ilə tərəfdaşlıq etdiyini iddia edib. O, NATO üzvü olan Türkiyənin ABŞ və İsrailin son hərbi hücumlarında tərəfsiz qalmadığını, Pakistanın isə Vaşinqtonun göstərişi ilə İranla quru sərhədlərini bağladığını irəli sürüb.

Baş redaktor hər üç ölkənin Tehrana münasibətini dəyişib-dəyişmədiyini sorğulayıb. Baş redaktor hər üç ölkənin Tehrana münasibətində real dəyişiklik olduğuna şübhə ilə yanaşıb. Bununla yanaşı, İranın Ali rəhbəri tərəfindən vəzifəyə təyin edilmiş Şəriətmədari nümayəndə heyətlərinin Tehrana səfərini ölkəsinin regional nüfuzunun və gücünün göstəricisi kimi qiymətləndirib.

Hörmüz boğazı ətrafında hərbi fəallıq

Danışıqlar İran və ABŞ-nin yüksəkrütbəli hərbi komandirlərinin Hörmüz boğazı ətrafına səfərləri ilə eyni dövrə təsadüf edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Abdullahi Fars və Oman körfəzləri sahillərindəki hərbi bazalara baş çəkib. O, Tehranın Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

Abdullahini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və ordunun yüksəkrütbəli komandirləri müşayiət ediblər. Səfər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin boğaza səfərindən bir gün sonra baş tutub.

Fars körfəzini Oman körfəzi ilə birləşdirən Hörmüz boğazı Tehran və Vaşinqton arasında əsas qarşıdurma nöqtələrindən biri olaraq qalır.

Teqlər