Azərbaycan enerji əməkdaşlığını regional sülh və iqtisadi inteqrasiya ilə əlaqələndirir

Azərbaycan ənənəvi enerji ixracını bərpa olunan enerji layihələri ilə tamamlayaraq Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişlənməsinə çalışır.

Ölkənin enerji və nəqliyyat sahəsindəki təşəbbüsləri regional əməkdaşlığın güclənməsi, eləcə də Azərbaycanla Ermənistan arasında sülhün iqtisadi faydalarının artırılması baxımından əhəmiyyətlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saksla söhbətində Azərbaycanın enerji siyasəti, regional əməkdaşlıq, sülh prosesi və beynəlxalq aləmdəki rolundan danışıb.

Bakı neftindən yaşıl enerjiyə

Hikmət Hacıyev Azərbaycanın enerji sektorunun tarixi roluna diqqət çəkib. O bildirib ki, dünyanın ilk neft quyularından biri XIX əsrin ortalarında Bakıda qazılıb. Onun sözlərinə görə, XX əsrin əvvəllərində dünya neftinin təxminən 90 faizi Azərbaycanda hasil edilərək ixrac olunurdu.

Hacıyev İkinci Dünya müharibəsində Bakı neftinin rolunu da vurğulayıb:

“İkinci Dünya müharibəsində Azərbaycan sovet ordusunun neftə tələbatının 75 faizini, sovet hərbi hava qüvvələrinin isə 90 faizini təmin edib. Başqa sözlə, Bakı nefti olmasaydı, Sovet İttifaqı, yəqin ki, bu müharibədə məğlub olardı”.

Hazırda Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri bərpa olunan enerji mənbələrinin payını artırmaqdır. Energetika Nazirliyinin qiymətləndirməsinə görə, ölkənin bərpa olunan enerji sahəsində iqtisadi potensialı 27 giqavatdır.

Avropa İttifaqı ilə enerji əməkdaşlığı da yalnız təbii qaz ixracı ilə məhdudlaşmır. Tərəflər yaşıl enerji, enerji səmərəliliyi və hidrogen sahələrində də əməkdaşlıq edirlər.

COP29 və Azərbaycanın iqlim diplomatiyası

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq iqlim gündəliyində iştirakında mühüm mərhələ olub. Bakıda keçirilən konfransda iqlim maliyyəsi üzrə yeni hədəf müəyyənləşdirilib.

Amerikalı iqtisadçı Ceffri Saks COP29-un Bakıda keçirilməsini və konfransın nəticələrini yüksək qiymətləndirib.

“On minlərlə insan gəlmişdi. Biz də, əlbəttə, COP29 üçün burada idik. Bu tədbir Azərbaycanın liderliyinin daha bir mühüm nümunəsi idi. Çünki Azərbaycan dünya iqlim konfransına ev sahibliyi etmək təşəbbüsünü üzərinə götürmüşdü. Konfrans böyük uğurla keçdi, bir çox mühüm nəticələr əldə olundu”, – deyə Saks bildirib.

Mərkəzi Asiya ilə yaşıl enerji və nəqliyyat əməkdaşlığı

Azərbaycan regionda yaşıl enerji layihələrinin həyata keçirilməsində də iştirak edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılması planlaşdırılan yaşıl enerji dəhlizi Mərkəzi Asiyada istehsal olunacaq elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ötürülməsini nəzərdə tutur.

Bu layihə çərçivəsində birgə müəssisə yaradılıb və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılıb.

Mərkəzi Asiyanın beş ölkəsini və Azərbaycanı bir araya gətirən C6 formatı siyasi dialoqun gücləndirilməsinə xidmət edir. Orta Dəhliz isə Xəzərin iki sahili arasında nəqliyyat və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan yaxın illərdə elektrik enerjisi ixracını artırmaq üçün imkanlarını genişləndirməyi planlaşdırır.

“Cəmi bir neçə ildən sonra ixraca hazır əlavə 8 giqavat gücümüz olacaq”, – deyə o qeyd edib.

Hacıyevin sözlərinə görə, Mərkəzi Asiyanın enerji potensialının Azərbaycan üzərindən Avropa bazarına çıxarılması layihədə iştirak edən bütün tərəflər üçün yeni iqtisadi imkanlar yarada bilər.

Yaşıl enerji Azərbaycanla Ermənistan arasında sülh prosesinin bir hissəsi ola bilər

Hikmət Hacıyev Azərbaycanın enerji layihələrinə Ermənistanla sülhün möhkəmləndirilməsi baxımından da yanaşdığını bildirib.

“Biz artıq ayırıcı xətlər çəkmirik, divarlar tikmirik. Sülh qururuq və regionumuzda parçalanmanın qarşısını almağa çalışırıq. Ermənistanla 30 il müharibə aparmışıq, lakin bu müharibə artıq başa çatıb. İndi sülhün iqtisadi faydalarını da göstərməyə çalışırıq. Yaşıl enerji də, ümid edirik ki, bu strategiyanın bir hissəsi olacaq”, – deyə Hacıyev vurğulayıb.

Bu kontekstdə Ermənistana neft məhsullarının tədarükü, eləcə də üçüncü ölkələrdən göndərilən yüklərin Azərbaycan ərazisindən tranziti də qeyd edilir.

Ceffri Saks: “Cənubi Qafqaz ölkələri əməkdaşlığı gücləndirməlidir”

Ceffri Saks Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımları müsbət qiymətləndirib. O, region ölkələrinin təhlükəsizlik və iqtisadi rifah naminə əməkdaşlığı gücləndirməsinin vacibliyini vurğulayıb.

“Burada qurulan sülhü böyük ümidlə izləyirik. Şəxsən mən sadə bir yanaşmanın tərəfdarıyam: qonşularla mehriban münasibətlər qurmaq”, – deyə iqtisadçı bildirib.

Saks Azərbaycan, Ermənistan və Gürcüstanın ortaq regional maraqlar əsasında əməkdaşlıq etməsini dəstəklədiyini vurğulayıb.

“Üç Cənubi Qafqaz ölkəsinin — Azərbaycan, Ermənistan və Gürcüstanın — özlərini təhlükəsizlikləri, rifahları və qarşılıqlı əlaqələri naminə bir yerdə olmalı ölkələr qrupu kimi görməsi fikrini bəyənirəm”.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olması ticarətin genişlənməsinə, nəqliyyat əlaqələrinin bərpasına və birgə enerji layihələrinin həyata keçirilməsinə şərait yarada bilər. 

Teqlər