SEPAH Hörmüz yaxınlığında dörd tankerin yandığını bildirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubunda dörd neft tankerinin minaya düşdüyünü və gəmilərdə yanğının davam etdiyini bildirib. Qətərin vasitəçiliyi ilə davam edən danışıqlarda isə ABŞ və İran müharibəni bitirmək üçün hələ razılığa gəlməyib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri amerikalıların İrana qarşı müharibəni dəstəkləmədiyini göstərir.

Qalibaf “X” platformasında yazıb ki, amerikalılar ya mənəvi səbəblərdən, ya da yaşayış xərclərinin artmasına görə müharibəyə «yox» deyiblər. O, Tehranın seçicilərin bu mövqeyini dəstəklədiyini vurğulayıb.

Qalibafın açıqlaması demokratların Konqresin hər iki palatasında çoxluğu əldə edəcəyinə dair proqnozlardan sonra verilib. Proqnozlar doğrulsa, bu, Tramp və Respublikaçılar Partiyası üçün ciddi siyasi zərbə olar.

İran və ABŞ arasında danışıqların nəticəsi qeyri-müəyyən olaraq qalır

Diplomatik səylərə baxmayaraq, Vaşinqton və Tehran müharibənin başa çatdırılması üçün irəli sürülən şərtlərlə bağlı razılığa gələ bilməyiblər.

İran rəsmisi noyabrın 3-də bildirib ki, ABŞ və İran hələ razılığa gələ bilməyib. Tramp aralıq seçkilərdən sonra ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini istisna etməyib.

ABŞ Prezidenti bu barədə ölkədə səsvermənin davam etdiyi vaxt müxtəlif müsahibələrdə danışıb. Müharibə ilə bağlı ictimai narazılıq artdıqca bu məsələ ölkənin siyasi gündəmində daha çox ön plana çıxıb.

ABŞ rəsmisinin məlumatına görə, Amerika qüvvələri gecə saatlarında İranın Qeşm adasına zərbələr endirib. Müdafiə xarakterli olduğu bildirilən hücumlarda ABŞ-nin hərbi vasitələrinə qarşı istifadə edildiyi iddia olunan zenit-raket sistemləri hədəf alınıb.

Digər ABŞ rəsmisi isə əməliyyatın məhdud miqyaslı olduğunu və genişmiqyaslı hərbi əməliyyatların bərpası anlamına gəlmədiyini bildirib.

Tramp «Fox News» telekanalına müsahibəsində çoxsaylı insan tələfatına səbəb olmaq istəmədiyini, lakin zərurət yaranarsa, hərbi müdaxiləyə hazır olduğunu deyib.

“Financial Times” qəzetinə müsahibəsində isə Vaşinqtonun mövcud vəziyyətdən razı qaldığını bildirib.

“Görünür, istədiyimiz hər şeyi əldə edirik”, – deyə Tramp qeyd edib.

O, İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı dolayı danışıqların davam etdiyini də təsdiqləyib.

ABŞ İsrailə maliyyə yardımını dayandırmağı planlaşdırır

Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə yeni razılaşma əldə etdiyini açıqlayıb. Razılaşmaya əsasən, ABŞ bu ildən sonra İsrailə hər il ayırdığı təxminən 4 milyard dollarlıq maliyyə yardımını dayandıracaq. Bununla belə, Vaşinqton İsrailə silah satışını davam etdirəcək.

Bu qərarın ABŞ-nin İsrailə dəstəyi ilə bağlı seçicilərin narazılığını azaltmaq məqsədi daşıdığı ehtimal edilir.

Aralıq seçkilərdən sonra isə İrana qarşı hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı narahatlıq artıb.

İran Hörmüz boğazını açmaq üçün şərtlər irəli sürür

İranın yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Qətər nümayəndələri noyabrın 2-də axşam saatlarında Tehrana səfər edərək təxminən səkkiz gündür müzakirə olunan saziş layihəsini nəzərdən keçiriblər.

Tehran Hörmüz boğazını yenidən açmaq üçün neft sanksiyalarının ləğvini, ABŞ-nin dəniz blokadasına son qoyulmasını və İranın dondurulmuş aktivlərinin azad edilməsini tələb edir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Vaşinqtonun bu tələblərə cavabını qeyri-qənaətbəxş hesab edib.

O, “X” platformasında bildirib ki, ABŞ İranın irəli sürdüyü yeddi şərtin hamısına aydın cavab verməli və onların yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır.

Rzayinin sözlərinə görə, Hörmüz boğazının açılması həmin şərtlərin yerinə yetirilməsindən asılıdır.
 

Qətər vasitəçilik səylərini davam etdirir

Qətər İran və ABŞ arasında gərginliyin yenidən artmasının qarşısını almaq üçün diplomatik danışıqları davam etdirir.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari bildirib ki, hər iki ölkə vasitəçilərin təqdim etdiyi təklifləri nəzərdən keçirir. Qətər nümayəndə heyəti Tehrandan Dohaya qayıtsa da, müzakirələr davam edir.

Əl-Ənsarinin sözlərinə görə, region ölkələri vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün birgə çalışır. O, tərəflərin razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.

Danışıqlardan məlumatlı rəsmi Vaşinqton və Tehranın 36 saat ərzində təkliflərə cavab verəcəyinin gözlənildiyini deyib.

Lakin İranın yüksəkvəzifəli rəsmilərindən biri daha sonra bildirib ki, təkliflərin nəzərdən keçirilməsi və vasitəçilər vasitəsilə mesaj mübadiləsi üçün konkret vaxt məhdudiyyəti yoxdur.
 

İran Prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim Al Tani. Moskva, Rusiya, 27 oktyabr 2026-cı il.
Reuters
Hörmüz yaxınlığında dörd neft tankerinin minaya düşdüyü bildirilir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazının cənubunda qadağan olunmuş marşrutdan keçməyə çalışan dörd neft tankeri minaya düşərək məhv olub.

SEPAH-ın məlumatına görə, tankerlərdə baş verən yanğınlar hələ də davam edir. Qurum daha iki gəmini ələ keçirdiyini də iddia edib.

Bu hadisələrlə bağlı məlumatlar dəniz nəqliyyatının təhlükəsizliyinə dair narahatlığı artırıb. Hörmüz boğazında gəmi hərəkətinin pozulması beynəlxalq enerji təchizatına da təsir göstərə bilər.

Teqlər