“Canva”da struktur dəyişiklikləri 1 271 əməkdaşa təsir edəcək

“Canva”da struktur dəyişiklikləri 1 271 əməkdaşa təsir edəcək
“Canva”nın yenidənqurma planını açıqlamasından sonra şirkətin Melburndakı baş ofisi. Avstraliya, 4 noyabr 2026-cı il.
Reuters

Avstraliyanın “Canva” dizayn şirkəti əməkdaşlarının 22 faizinə təsir edəcək genişmiqyaslı struktur dəyişiklikləri elan edib. İnkişafın zəifləməsi və süni intellekt xərclərinin artması fonunda 1 271 əməkdaşın ixtisarı, başqa ofisə keçirilməsi və ya vəzifəsinin dəyişdirilməsi planlaşdırılır.

“Canva”nın həmtəsisçisi və baş icraçı direktoru Melani Perkins bu qərarı şirkətin 13 illik tarixində ən çətin an adlandırıb. Bu addım 2013-cü ildən bəri sürətlə inkişaf edərək Avstraliyanın ən uğurlu texnologiya startaplarından birinə çevrilmiş şirkətin fəaliyyətində yeni mərhələnin başlandığını göstərir.

“Canva”da genişmiqyaslı dəyişikliklər

Perkins noyabrın 4-də əməkdaşlara müraciətində şirkətin son on ildə ilk dəfə inkişaf tempinin zəiflədiyini açıqlayıb.

“Bu, indiyədək ən çətin ilimiz olub. İlin əvvəlində də bildirdiyimiz kimi, son on ildə ilk dəfə böyümə tempimiz zəifləyib”, – o yazıb.

Perkins qərarın bir çox əməkdaşın işinə təsir edəcəyini vurğulayıb.

“Bəzi əməkdaşların vəzifələri dəyişəcək, digərlərindən isə şirkətin əsas ofislərinə köçmək tələb olunacaq. Təəssüf ki, “Canva”nın bugünkü səviyyəyə çatmasında əməyi olan həmkarlarımız və dostlarımızla da vidalaşmalı olacağıq”, – o bildirib.

Şirkət dəyişikliklərin əhatə etdiyi 1 271 nəfərdən neçəsinin işdən çıxarılacağını, neçəsinin isə başqa ofislərə və ya vəzifələrə keçiriləcəyini açıqlamayıb.

Yeni plan “Canva”nın 37 ölkədəki fəaliyyətinə də təsir göstərəcək. Sidney məhsul hazırlayan komandaların əsas fəaliyyət mərkəzinə çevriləcək. Hibrid iş rejimində çalışan əməkdaşlardan isə gələn ildən həftədə iki-üç gün ofisdə olmaları tələb ediləcək.

Süni intellekt xərcləri artır, şirkətin dəyəri azalır

Canva bu qərarı süni intellektin fəaliyyətinə təsiri ilə bağlı narahatlıqların artdığı bir vaxtda verib. Yeni texnologiyaların məhsullara tətbiqi getdikcə daha çox vəsait tələb edir.

Məlumatlara görə, şirkətin iki böyük investoru – Blackbird Ventures və Airtree – bu ilin əvvəlində “Canva”nın dəyərini təxminən 34,4 milyard ABŞ dolları səviyyəsində qiymətləndirib. Ötən ilin sonunda bu göstərici 42,1 milyard ABŞ dolları idi.

Süni intellekt əsaslı məhsulların hazırlanması və istifadəyə verilməsinə çəkilən xərclər artdıqca “Canva”nın öz dəyərinə verdiyi qiyməti də azaltdığı bildirilir.

Generativ süni intellektin sürətli inkişafı rəqəmsal dizayn sahəsini dəyişir. Təkmilləşən avtomatlaşdırılmış alətlər istifadəçilərin şəkil, təqdimat və digər vizual materiallar hazırlamasını asanlaşdırır.

“Canva” da müştərilərin artan gözləntilərinə cavab vermək və bazarda güclənən rəqabətlə ayaqlaşmaq üçün süni intellekt imkanlarını genişləndirir.

Uğurlu startapdan yeni çətinliklərə

“Canva” 2013-cü ildə Kliff Obrext və Melani Perkins tərəfindən təsis edilib. Perkins ilk biznesini qurmaq üçün 19 yaşında universitetdən ayrılıb.

Qrafik dizaynı texniki bilik və peşəkar təcrübəsindən asılı olmayaraq hər kəs üçün əlçatan etmək məqsədilə yaradılan platforma təqdimatlar, sosial şəbəkə paylaşımları, reklam materialları, dəvətnamələr və biznes layihələrinin təqdimatı üçün müxtəlif şablon və alətlər təklif edir.

Xarici bazarlara sürətlə çıxan “Canva” onlayn dizayn sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

Lakin son struktur dəyişiklikləri şirkətin qarşısında yeni çətinliklərin yarandığını göstərir. “Canva” bir tərəfdən inkişafını davam etdirməyə və artan xərcləri nəzarətdə saxlamağa, digər tərəfdən isə rəqabətdə geri qalmamaq üçün süni intellektə sərmayə qoymağa çalışır.

Teqlər