Qazaxıstan dərman istehsalına 862 milyon dollar sərmayə qoyacaq

Qazaxıstan dərman istehsalına 862 milyon dollar sərmayə qoyacaq
Envato

Qazaxıstan 862 milyon dollarlıq səkkiz investisiya layihəsi çərçivəsində 494 adda dərman istehsal etməyi planlaşdırır. Yerli medianın məlumatına görə, bunu noyabrın 3-də ölkənin səhiyyə naziri Akmaral Alnazarova açıqlayıb.

Yerli dərman istehsalı genişləndiriləcək

Layihələr mərhələli şəkildə həyata keçiriləcək. İlk 300 adda dərmanın istehsalı 2027–2030-cu illərə planlaşdırılıb. Layihələr çərçivəsində 1 200-dən çox yeni iş yerinin yaradılması gözlənilir.

Peyvəndlərin saxlanmasına rəqəmsal nəzarət gücləndiriləcək

Qazaxıstan peyvəndlərin saxlanma və daşınma şəraitinə nəzarət məqsədilə vahid rəqəmsal sistem tətbiq edir.

Alnazarovanın sözlərinə görə, sistem temperatur dəyişikliklərini real vaxt rejimində izləyəcək. Bu, peyvəndlərin keyfiyyətinin qorunmasına və peyvəndləmə proqramlarına nəzarətin gücləndirilməsinə kömək edəcək.

Sistem 3 500-dən çox obyekti və 800 nəqliyyat vasitəsini əhatə edəcək. Bununla da peyvəndlərin mərkəzi anbarlardan tibb müəssisələrinə çatdırılmasına qədər bütün mərhələlərdə temperaturu izləmək mümkün olacaq.

Hazırda Qazaxıstan peyvəndlərə və digər immunobioloji preparatlara ildə təxminən 38 milyard tenge (84 milyon dollar) xərcləyir. Yeni sistemin itkiləri azaltması və ehtiyatların idarə olunmasını yaxşılaşdırması gözlənilir.

Pulsuz dərmanların siyahısı genişləndiriləcək

Qazaxıstan hökuməti ambulator müalicə alan xəstələrə pulsuz verilən dərmanların siyahısını genişləndirməyi planlaşdırır.

Yenilənmiş siyahıya 14 xəstəliyin müalicəsində istifadə olunan 22 adda dərmanın daxil edilməsi gözlənilir.

Bununla yanaşı, Qazaxıstanda 2027-ci il üçün dərmanların satınalınmasına nəzərdə tutulan vaxtdan üç ay əvvəl başlanılıb. Oktyabrın əvvəlinədək planlaşdırılan dərmanların 84 faizindən çoxu üzrə müqavilələr imzalanıb. İlin sonunadək bu göstəricinin 95 faizə çatacağı gözlənilir.

Almatıda yeni dərman zavodu tikiləcək

Almatıda 39 milyard tengedən (86 milyon dollar) çox investisiya hesabına yeni dərman zavodunun tikilməsi planlaşdırılır.

Layihənin məqsədi yerli dərman istehsalını artırmaq, beynəlxalq dərman preparatlarının ölkədə istehsalını dəstəkləmək və Qazaxıstanda əczaçılıq maddələrinin istehsalına zəmin yaratmaqdır.

Zavod mərhələli şəkildə inkişaf etdiriləcək. 2030–2033-cü illərdə hazır dərman formalarının istehsalı, texnologiyaların ötürülməsi və tam istehsal prosesinin qurulması üçün imkanların yaradılması nəzərdə tutulur.

2034–2036-cı illərdə isə aktiv əczaçılıq maddələrinin istehsalına diqqət yetiriləcək. Bununla da idxal olunan xammaldan asılılığın tədricən azaldılması hədəflənir.

Teqlər